Milli Məclisin deputatları öz seçicilərindən daxil olan şikayət və müraciətləri aidiyyəti dövlət qurumları, eləcə də yerli icra hakimiyyətləri qarşısında qaldırırlar. Bu prosesdə əsas məqsəd vətəndaşların problemlərinin operativ və effektiv həllinə nail olmaqdır.
Qeyd edək ki, yerli icra strukturların qarlament qarşısında birbaşa hesabat mexanizmi yoxdur. Buna görə də deputatlar seçildikləri dairələrdəki problemləri yerli icra hakimiyyətlərilə fərdi əlaqələr hesabına həll etməyə çalışırlar.
Bir sıra ekdpertlər deyirlər ki, Milli Məclisdə yerli icra hakimiyyətlərinin fəaliyyəti ilə bağlı illik hesabat mexanizmi yaradıla, regional inkişaf və icra problemləri üzrə daimi parlament dinləmələri keçirilə bilər. Bu tədbirlərin icra hakimiyyətlərinin fəaliyyətinə siyasi məsuliyyət elementi əlavə edə biləcəyi vurğulanır.
Parlamentlə yerli icra hakimiyyəti orqanları arasında münasibətlərin real vəziyyəti necədir? Yerli icra strukturları deputatların müraciətlərinə hansı yanaşmanı sərgiləyir?
Modern.az bu suallara aydınlıq gətirilməsi üçün Milli Məclisin üzvlərinə müraciət edib.
Deputat Arzuxan Əlizadə: “Sabunçu rayon İcra Hakimiyyəti ilə mütəmadi təmaslarımız olur. Yerli məsələlərlə bağlı müraciətlər daxil olduqda, onları təbii ki, yerli icra hakimiyyəti orqanlarına ünvanlayırıq. Sonuncu dəfə ərazinin idarə olunması şöbəsinin müdiri ilə yol infrastrukturuna görə əlaqə saxlamışam. Bəzən müxtəlif qurumlar məsuliyyəti digər qurumların üzərinə atırlar. Bununla belə, ümumilikdə icra orqanları ilə təmaslarımdan ciddi narazılığım olmayıb.
Proses davam edir. İstənilən halda hansısa məmurun etinasız və ya diqqətsiz yanaşması mümkündür. Hələlik elə ciddi etinasızlıq halları ilə rastlaşmamışıq. Müraciət edilən kimi reaksiya verilir, məsələlər digər strukturlara yönləndirilir. Bəzən elə olur ki, problemlər sona qədər həll olunmur. Amma istənilən halda icra orqanları təmaslara açıqdır.
Təşəbbüslərlə bağlı da hələ ki ciddi problemlə üzləşməmişik. Hansı məsələ ilə bağlı müraciət olunursa, dərhal reaksiya verilir. Eyni zamanda, bələdiyyələrlə də təmaslarımız olub. Bu istiqamətdə də şikayətim yoxdur.”
Deputat Elşad Musayev ali icra hakimiyyəti ilə parlament arasındakı münasibətlərin yüksək səviyyədə qurulduğunu bildirib:
"Parlamentə daxil olan qanun layihələrinin əksəriyyətinin təşəbbüskarı ali icra hakimiyyətidir. Bu layihələr icra hakimiyyətinin müxtəlif sahəvi rəhbər strukturları ilə müzakirə olunur. Yüksək səviyyədə əlaqələr ayrı-ayrı komitələr vasitəsilə həyata keçirilir. Bizim komitə, yəni Əmək və sosial siyasət komitəsi sosialyönümlüdür və sahəvi nazirliklərin nümayəndələri ilə daha çox əməkdaşlıq edirik".
Yerli icra hakimiyyətlərinə gəldikdə, deputat münasibətlərdə ciddi nöqsanlar olduğunu qeyd edib:
"Fəaliyyətimizin bir hissəsi də seçildiyimiz dairənin əhalisinin maraqlarını müdafiə etməkdir. Onların ərizə və şikayətlərinə baxmaq, həmin müraciətləri müvafiq dövlət orqanlarına göndərmək bizim işlərimiz sırasına daxildir. Bu baxımdan həm yerli, həm də mərkəzi icra hakimiyyəti orqanları ilə əlaqələr saxlayırıq. Müəyyən məsələlər yerinə yetirilir, amma bizi qane etməyən məsələlər də var.
Binəqədi–Biləcəri qəsəbələrinin əhalisi əsasən kasıb zümrədir və orada ciddi problemlər mövcuddur. İndiyə qədər ərazidə qanunsuz tikintilər aparılıb, bu proses davam edir. Hazırda elə işlər var ki, onları görən yoxdur. Binəqədidə zibil yığılmır. Biz müraciət edirik, lakin bələdiyyənin əlindən zibil yığmaq səlahiyyəti alınıb və başqa quruma verilib. Mən bunu yanlış hesab edirəm. Bələdiyyənin işi məhz zibil yığmaqdır.
Məsələn, “Azərsu” yolu qazıb su və kanalizasiya xətləri çəkib, aylarla, illərlə həmin yol asfaltlanmayıb. Deyirsən, heç kim heç nə etmir. Bələdiyyələrin özlərinin də problemləri var. Əvvəla, bələdiyyələrin inzibati ərazi hüdudları bəlli deyil, elələri var ki, borcu mövcuddur. Ədliyyə Nazirliyinin bu sahəyə baxan şöbəsi də yaxşı işləmir. Kimə məktub yazırıqsa, cavab verirlər, amma bu cavablar bəzən formal olur.
Rayon icra hakimiyyəti ilə normal işləyirik, amma rayon icra hakimiyyətinin əlində də yetərli səlahiyyət yoxdur. Onlar asfalt tökə bilmirlər, sifariş verirlər ki, “Azəravtoyol” asfalt çəksin. Hesab edirəm ki, bu sahədə də uyğunsuzluqlar var. Binəqədiyə asfalt lazımdır, amma Səbailin, Nərimanovun asfalta nə ehtiyacı var? Bu baxımdan “Azəravtoyol”un yanaşmasını ədalətsiz hesab edirəm.
Ümumilikdə icra hakimiyyətləri və bələdiyyələrlə bağlı ciddi problemlər var. Bu da ümumi işin ahəngini pozur. Ona görə hesab edirəm ki, islahatlar aparılmalı və bu islahatlar yerli idarəetmə orqanlarını əhatə etməlidir. Bakı Şəhər İcra Hakimiyyətindən tutmuş rayon icra hakimiyyətlərinə və bələdiyyələrə qədər müəyyən işlər görülməlidir. Bu sahədə ciddi nöqsanlar mövcuddur.
Mən hesab edirəm ki, yerlərdəki problemlər Prezidentin apardığı sabitləşdirmə xəttinə ziyan vurur, əhali narazı qalır. Ona görə də yerli idarəetmə orqanları, icra hakimiyyətləri yoxlanılmalıdır. Rayonlarda neçə icra başçısı saxlanılıb, amma problemlər həll olunmayıb. Deməli, sistemin özündə problem var. Prezident tərəfindən təyin olunan icra başçısı 40 gün sonra vəzifəsindən azad edilirsə, deməli, problemləri ört-basdır etmək olmaz.
Mən öz rayonumu misal çəkirəm: müəyyən problemlər var ki, həll edə bilmirik. Bələdiyyəni versinlər mənə, işlədim. Yolun necə salınacağını da, icazələrin, nəzarətin necə aparılacağını da bilirəm”.
Milli Məclisin komitə sədri Fazil Mustafa isə yerli icra hakimiyyətləri ilə ciddi problemlərinin olmadığını deyib:
“Əvvəla, icra hakimiyyətlərinin elə də geniş səlahiyyətləri yoxdur, ona görə də bir çox problemləri həll etmək imkanları məhduddur. Çünki əsas məsələlər mərkəzləşdirilmiş qurumlarla bağlıdır. Yol, qaz, su, təhsil kimi sahələrin hamısı mərkəzləşib. Bu səbəbdən həmin məsələlərə görə icra hakimiyyətləri ilə ciddi problemimiz yoxdur.
İcra hakimiyyəti başçıları deputatların fəaliyyətinə lazımi səviyyədə şərait yaradırlar. Digər rayonları bilmirəm, amma Sabunçu rayonunda deputat qəbulu üçün xüsusi yer ayrılıb. Hər dəfə icra başçısının bir müavini qəbullarda iştirak edir. Hər hansı müraciət olduqda, hətta yazılı müraciəti gözləmədən, vaxt itirməmək üçün şifahi bildirilən kimi dərhal reaksiya göstərilir və köməklik edilir".
Komitə sədri yerli icra hakimiyyəti orqanlarına daha böyük səlahiyyətlərin verilməsini təklif edib:
"Bu məsələləri ümumiləşdirmək bir qədər çətindir, amma hesab edirəm ki, yerli icra hakimiyyəti orqanlarına daha böyük səlahiyyətlərin verilməsi yaxşı olardı. Bu halda onlar yerlərdə daha çox problemin həllinə kömək göstərə bilərdilər. Hazırda Bakıxanov qəsəbəsində, Sabunçu rayonu ərazisində çox sayda qəzalı binalar mövcuddur. Əvvəllər bu ərazilərdə icra başçısının təşəbbüsü ilə pilot layihə həyata keçirilmişdi və Bakıxanov qəsəbəsi qısa müddətdə modern qəsəbəyə çevrilmişdi. Sonradan bu layihə naməlum səbəblərdən dayandırıldı.
Hazırda qəzalı binalar təhlükəli vəziyyətdə qalır. Onların sökülməsi və yenidən tikilməsi ilə bağlı heç bir addım atılmır. İcra hakimiyyətlərinin bu sahədə səlahiyyətləri yoxdur. Dəfələrlə biz onlara müraciət edirik, onlar da yuxarı orqanlara yönləndirirlər, amma nəticə yoxdur.
Rayonda tikinti işlərinin böyük əksəriyyətini yerli icra hakimiyyətlərinə həvalə etmək lazımdır. Bu halda onlar sahibkarlarla məsələləri daha rahat həll edə bilərlər və qəzalı, zirzəmisi su ilə dolu binalar problemi aradan qalxar. Hələlik bu istiqamətdə heç bir addım atılmadığı üçün vətəndaşların şikayətləri yerinə yetirilmir və bu vəziyyət bizim üçün də üzücüdür”.
Deputat Nəsib Məhəməliyev də ali icra hakimiyyəti ilə qanunvericilik orqanı arasında sistemli və işlək mexanizm formalaşdırıldığını deyib:
“Qanunverici orqanla ali icra hakimiyyəti orqanları arasında kifayət qədər sistemli və işlək mexanizm formalaşdırılıb. Zamanında belə bir təkliflə müraciət etmişdim ki, icra və qanunverici orqanlar arasında məsələlərin operativ həllini istəyiriksə və cənab Prezidentin parlament qarşısında qoyduğu məsələlərin icrasının operativ təmin olunmasını istəyiriksə, Prezidentin parlamentdə daimi nümayəndəsi təyin olunsun. Belə bir təcrübə bir çox ölkələrdə var və kifayət qədər effektiv fəaliyyət göstərir.
Milli Məclisin Aparatında icra hakimiyyəti ilə əlaqəli şöbə formalaşdırılıb. Əvvəllər belə bir şöbə yox idi. Deputatların qaldırdıqları məsələlərə operativ reaksiya verilir. Aidiyyəti üzrə, profil qurumlara yönəldilən məsələlər mərkəzi icra hakimiyyəti orqanlarına göndərilir. Bu da parlamentlə icra hakimiyyətləri arasında münasibətlərin işlək olduğunu göstərir".
Yerli icra hakimiyyətləri ilə münasibətlərlə bağlı isə N.Məhəliyev bunları qeyd edib:
"Bu məsələ fərdi qaydada tənzimlənir. Hər yerdə eyni cür ola bilməz. Daha çox kadrların hazırlığından, peşəkarlığından, dünyagörüşündən və proseslərə yanaşmasından asılıdır. Elə yerlər var ki, rayon rəhbərləri kifayət qədər sanballı, ağıllı və məsələlərə obyektiv yanaşmaları ilə seçilən şəxslərdir. Onlar ümumi işlərin irəli getməsində maraqlıdırlar. Belə olan halda deputatlar üçün də işləmək rahat olur.
Yerli icra hakimiyyətlərinin rəhbərləri adekvat insanlardırsa, deputatlar tərəfindən qaldırılan məsələlərə uyğun reaksiya verir və ümumi işi şəxsi maraqlardan yox, dövlət maraqlarından çıxış edərək həyata keçirirlərsə, bu zaman işləmək çox rahat olur. Təəssüf ki, hər yerdə belə deyil. Elə hallar var ki, həmkarlarımın dediklərinə və səsləndirdikləri fikirlərə əsaslanaraq söyləyə bilərəm: bəzi yerlərdə başçılar sadəcə öz maraqlarından çıxış edir və ya qısqanclıqla yanaşırlar. Belə hallar da mövcuddur.
Mənim təcrübəmdə vəziyyət bir qədər fərqlidir. Çünki mən 16 ilə yaxın icra başçısı olmuşam və kifayət qədər problemlər barədə məlumatlıyam. Ona görə də seçicilərimin problemlərilə bağlı istər yerli, istərsə də mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırır və bir çox hallarda onların həllinə nail oluram. Burada subyektiv amillər də nəzərə alınmalıdır. Mən bu məsələlərdə daha çox təcrübəli olduğum üçün belədir.
Bizim yaşadığımız dövr informasiya əsridir. Heç bir məsələ gizli qala bilməz. İndi insanlar deyilənlərdən çox, görülən işlərə inanırlar. Burada formalaşmış prinsiplər də var. Mənim düşüncəmə görə, problemi görməzlikdən gəlmək və ya təxirə salmaq onun həlli deyil. Əksinə, bu, problemlərin günbəgün ağırlaşmasına gətirib çıxarır. Ona görə də hesab edirəm ki, problem varsa, o, mütləq həllini tapmalıdır.
Qaldırdığım məsələlərin hamısı icra oluna bilməz. Burada institutlaşma ilə bağlı problemlər də var, icra hakimiyyətlərinin əlində kifayət qədər səlahiyyətlər də yoxdur. İcra başçısının peşəkarlığı ondan ibarətdir ki, insanlara ‘bu məsələ məndən asılı deyil’ deməklə kifayətlənməsin, açıq şəkildə izah etsin ki, məsələ konkret hansı orqandan asılıdır və özü də çalışsın ki, həmin problemin həllinə nail olsun”.