Donald Trampa təbrik məktubu ünvanlamışıq

İqbal Ağazadə: "Ölkədaxili problemlərimizin çözülməsini hər hansı bir xarici dövlətdən ummuruq”


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bir ay sonra-yanvarın 21-də prezident vəzifəsinin icrasına başlayacaq. Trampın seçildikdən sonra keçən 40 gündən artıq müddətdəki davranışları, açıqlamaları namizəd olduğu dövrdəkindən xeyli fərqləndi.

Seçkidən öncə Trampın bir çox bəyanatları, demokratiyadan danışmaması onu Azərbaycan müxalifətinin nəzərində arzuolunmaz edirdi. Seçildikdən sonrakı fərqli mövqeyi, yeni prezidentin seçkidən sonrakı davranışları müxalifətə hansısa ümid və ümidsizliyi verirmi? Müxalifət düşərgəsi seçkidən əvvəlki Trampı sevmədiyini açıq büruzə verirdi. Müxalifət sevmədiyi Trampdan 21 yanvardan sonrakı dövr üçün nə gözləyir?

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə bildirdi ki, ümumiyyətlə, namizədlik dövründə verilən vədlər və namizəd tərəfindən atılan addımlarla, artıq seçiləndən sonra fərqli davranış sərgilənməsi halı ilk nümunə deyil. Siyasilər arasında belə hallara çox rast gəlinir. Tramp da bu qəbildəndir: "Donald Tramp ABŞ prezidentliyinə namizədliyini irəli sürənə qədər siyasətçi kimi yox, iş adamı olaraq tanınırdı. Hesab edirəm ki, ABŞ kimi supergücə malik ölkənin prezidentliyinə iddialı olaraq dünya çapında tanınan siyasətçilərlə mübarizədə Tramp çox düzgün olaraq özünü fərqli prizmadan göstərdi, bir çox məsələlərə qeyri-adi baxışı və davranışı ilə fərqlənməklə seçicilərin diqqətini özünə cəlb etdi. Şübhəsiz ki, sıravi amerikalıların istəkləri nəzərə alınmaqla. Nəticə də göz qabağındadır. Seçkilərdən sonrakı davranışda fərqlilik də təbiidir. ABŞ dünya siyasətini yönləndirən əsas ölkədir, bu ölkənin illər boyu oturuşmuş daxili və xarici siyasəti var və Tramp ABŞ prezidenti olaraq bundan sonrakı məsələlərdə məsuliyyətli olmaq zorundadır.

Donald Trampın prezidentliyi dövründə Azərbaycan müxalifətinin hansısa ümid və ümidsizliyi ilə bağlı məsələyə münasibət bildirmək istəməzdim. Qoy müxalifətdə olan dostlarımız bu məsələyə özləri münasibət bildirsinlər. AMİP sağ mərkəz yönlü partiyaları özündə birləşdirən BDİ (Beynəlxalq Demokrat İttifaqı) çərçivəsində ABŞ-ın Respublikaçılar Partiyası ilə müttəfiqdir. Bu ilin iyul ayında AMİP rəhbərliyi Donald Trampın namizədliyinin təsdiqləndiyi Respublikaçılar Partiyasının Qurultayına dəvət almışdı. Müəyyən səbəblərdən qurultayın işində iştirak edə bilməsək də qurultaya təbrik məktubu göndərmişdik. Seçkilərdən sonra da Respublikaçılar Partiyasına və Donald Trampa təbrik məktubu ünvanlamışıq”.



Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, ümumiyyətlə, müxalifət və yaxud da prezidentliyə namizəd olaraq verdiyin vədlərlə seçilmiş prezident, iqtidar olmaq arasında böyük fərqlər olur. O böyük fərqlər də ABŞ tipli dövlətlərdə özünü çox ciddi şəkildə göstərir. ABŞ elə bir dövlət deyil ki, orada prezidentlər istədiklərini edə bilsin və ya istədikləri siyasəti gerçəkləşdirə bilsin. Amerika dövlətinin bir şablonu var. Amerika kimi dövlətlərin strateji yolu var. O yol 10 illərlə müəyyən olunur. Yeni seçilmiş prezidentlər, sadəcə, o yolu uğurlu və ya uğursuz şəkildə davam etdirirlər. Bu, artıq həmin seçilmiş prezidentin bacarığına bağlı olan məsələdir: "Donald Trampın da namizəd olarkən verdiyi bəyanatlarla, prezident seçildikdən sonrakı dövrdə verdiyi mesajlar, davranışlarının arasında fərqlərin olması təbiidir. Bunu təbii qəbul etmək lazımdır, belə də olmalı idi. Azərbaycan müxalifətinə seçkidən sonrakı dövrdə yeni davranışlı Trampın prezidentliyi hansısa ümidlər verirmi, vermirmi?

Bu, artıq məsələnin ikinci tərəfidir. Azərbaycan müxalifəti, şəxsən Ümid Partiyası olaraq biz ölkədaxili problemlərimizin çözülməsini hər hansı bir xarici dövlətdən ummuruq. Lakin biz dünyadan təcrid olunmuş şəkildə yaşamadığımız üçün, dünya ölkələri ilə bir çətir altında yaşadığımızdan və həm də ABŞ tipli dövlətlərin dünyada sözünün, yanaşmasının, iqtisadiyyatının və münasibətlərinin nə dərəcədə təsirli olduğunu bilirik. Təbii ki, dünyada ümumi baş verən proseslər fonunda Azərbaycanın maraqlarının necə qorunması və bu maraqlar çərçivəsində də nələri necə edəcəyimizi düşünürük”.

İ.Ağazadə vurğuladı ki, istər Yaxın Şərqə münasibətdə, istər Cənubi Qafqaza, postsovet ölkələrinə münasibətdə Amerikanın bundan sonra da sərgiləyəcəyi siyasət bizim üçün önəmlidir: "Biz istər-istəməz postsovet ölkələrindən biriyik, Cənubi Qafqazın tərkib hissəsiyik və o cümlədən Yaxın Şərqin də bir hissəsi hesab oluna bilərik, ən azı İslam ölkələri içində yer alan bir dövlət kimi. Ona görə də bir aydan sonra ABŞ-ın atacağı addımlar, postsovet məkanına, Cənubi Qafqaza yönəlik siyasətdə hansı yeniliklər olacaqsa buna əsasən mövqe ifadə etmək olar. Görünən budur ki, ABŞ-ın siyasəti Yaxın Şərq və postsovet ölkələrinə münasibətdə sərt olacaq. Sərt siyasətin içərisində də biz çalışmalıyıq ki, dövlətimizin, xalqımızın mövqeyini müdafiə eləyə, maraqlarımızı qoruya bilək. Azərbaycanın bu gün maraqları ciddi şəkildə təhdid olunur. İstər Qarabağ münaqişəsinin həlli baxımından Rusiyanın rolunun artması, postsovet məkanında, bölgədə Rusiyanın rolunun artması bizə müsbət heç nə vəd etmir. Dünyanın ümumi iqtisadi tənəzzülünün Azərbaycana sərt şəkildə yansıması və ölkədə iqtisadi böhranın genişlənməsi də təhdiddir. Bu, bizi ciddi şəkildə narahat edir. Ona görə də biz bu dönəmlərdə daha həssas olmalıyıq. Yad təsirlərin, yad əllərin Azərbaycana uzanmasının qarşısını almaq üçün iqtidar mütləq böhrandan çıxış yollarını Azərbaycan müxalifəti ilə birgə aramalıdır. Siyasi institutlarla iqtidar masa arxasında əyləşib Azərbaycanın gələcək taleyini, gələcək yol xəritəsini birgə cızmalıdır”.