"Omikron" ştammı 38 ölkədə müəyyən edilib, lakin "Delta" COVID-19-un dominant variantı olaraq qalır".
Məlumata görə, bunu ÜST-ün Fövqəladə Xəstəliklər Bölməsinin texniki qrupunun rəhbəri Mariya Van Kerxove deyib.
"Omikron" indiyədək ÜST-ün bütün altı regionunda, 38 ölkədə aşkarlanıb, infeksiyaların əsas artımı Afrikadadır", - Kerxove qeyd edib.
Ümumiyyətlə, koronavirusun "Omikron" ştammı əvvəlkilərdən üç dəfə daha yoluxucudur.
Bu barədə Cənubi Afrika Epidemioloji Təhlil Mərkəzi və Milli Yoluxucu Xəstəliklər İnstitutunun birgə tədqiqatında məlumat verilir.
Cənubi Afrika alimləri deyib ki, məlumatlar göstərir ki, "Omikron" ştammı koronavirusun əvvəlki variantlarına yoluxmuş insanların qəbul etdiyi müalicə preparatlarından yan keçmək qabiliyyətinə malikdir.
Araşdırmada qeyd edilir ki, "Omikron" ştammı əvvəllər koronavirusu məğlub etmiş və yenidən xəstələnən insanlarda daha çox müşahidə olunur.
Bundan əlavə, Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildiriblər ki, “Omikron” ştammı COVID-19 infeksiyasına yüksək, təkrar yoluxma riskinə malikdir, yəni xəstəliyi artıq keçirmiş şəxslərin bu ştamma yoluxma riski virusun digər variantlarına yoluxma riskindən daha çoxdur.
Bu ştammın yayıldığı ölkələrdən biri də qonşu Rusiyadır. Qonşu ölkələrdə də virusun yayılması qorxu yaradır.
Maraqlıdır, koronavirusun "Omikron" ştammı Azərbaycana da gələ bilər?
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında farmakoloq Aydın Əliyev deyib ki, sərhədlər açıq olduğu üçün virus ölkəmizdə də yayıla bilər:
"Bu ştammların yayılması artıq elektron səviyyəsinə gəlib çatıb. Hansısa variantdan olursa-olsun, viruslar yayılır. Virus o zaman yayılmaz ki, yarandığı ölkədə qarşısı alınır, yoxsa yayılma variantları həddən artıq çoxdur.
Təəssüf ki, bu gün dünyada belə vəziyyətlə yaşayırıq. Dünyanı da bu günə salanlar pulun qulu olanlardır. Elm insanın yaşaması üçün normal mühitin olmasını deyir. Lakin insanlar bunu pozur. Təbii ki, sərhəd yoxdur, "Omikron" Azərbaycanda da yayıla bilər". Cebhe.info