Oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada iştirak edib. Ölkə başçısı Ermənistanın Baş Naziri Nikol Paşinyanın "Qarabağ-Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatına cavab verib."Son vaxtlar Ermənistanın Baş Naziri tez-tez deyir ki, münaqişənin həlli Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ xalqı üçün məqbul olmalıdır. Deməliyəm ki, Dağlıq Qarabağ xalqı anlamı mövcud deyil. Dağlıq Qarabağın əhalisi var ki, onlar da münaqişəyə qədər bərabər hüquqlara malik Azərbaycan və Ermənistan əhalisindən ibarət olub. Azərbaycan üçün hansı həllin məqbul olmasına gəlincə, bu, bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qaytarılmasından ibarətdir. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur.
Ermənistanın Azərbaycan qarşı hərbi aqressiyası bu gün də davam edir. Dünən erməni snayperi tərəfindən münaqişə zonasından uzaqda olan Qazaxın dinc sakini vurulub. Həmçinin, deməliyəm ki, 2016-cı ilin aprelində hərbi təxribat zamanı qız uşağı daxil olmaqla Azərbaycanın altı dinc sakini öldürülüb.
Mən Ermənistan Baş Nazirinin, təəccüb doğuran "Qarabağ-Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır. Qarabağ – Azərbaycandır və nida işarəsi”.
Bununla bağlı fikirlərini bizimlə bölüşən AMİP Siyasi Şura üzvü Əli Orucov bildirib: "Prezident İ.Əliyevin Azərbaycan həqiqətlərini və Ermənistanın təcavüzkar iç üzünü bir daha ifşa etməsinə müsbət yanaşamaq lazımdır. Rəsmi Bakının işğal faktoru ilə heç vaxt barışmayacağı haqqında konkret mövqe ortadadır və bu prinsip danışıqlar prosesinin ana xəttini təşkil edir. Mənim diqqətimi çəkən əsas məqam prezidentin "Qarabağ – Azərbaycandır və nida işarəsi” deməsi oldu. Erməni baş nazir N.Paşinyan bir müddət öncə Xankəndinə qanunsuz səfəri zamanı həyasızcasına bəyan edir ki, Qarabağ Ermənisatının tərkib hissəsidir, nöqtə. Azərbaycan prezidenti İ.Əliyev də "Qarabağ – Azərbaycandır və nida işarəsi” cavabını verir. Lakin 30 ildən çoxdur ki, Azərbaycan xalqı suallar içərsində vurnuxur. Niyə bu problem həll olunmur, niyə Azərbaycanın xarici siyasəti müdafiə taktikası seçib və dişsizdir, niyə "lazım” gəlib çıxmayır, ATƏT Minsk Qrupu və saysız hebasız görüşlər nəyə lazımdır və s. kimi suallara cavab verilməlidir. Durğu işarələrinədən, söz oyunlarından, deyişmələrdən, bəyanatlardan qurtarmaq lazımdır. İmkan verilməlidir ki, Azərbaycan Ordusu öz vəzifəsini yerinə yetirsin və müzəffər, qalib ordu olduğunu təsdiqləsin”. /moderator.az/