Əhali seçkini baykot edir, seçici fəallığı çox aşağıdır

Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezidentlik uğrunda 8 namizəd mübarizə aparsa da seçkilərin nəticələri əvvəlcədən məlumdur. Bəzi təhlilçilər hesab edirlər ki, hazırki ölkə başçısı 82-85 faiz səslə qalib elan ediləcək.

Müşahidələrdən görünür ki, seçki fəallığı çox aşağıdır. Hətta gözlənilən 10-15 faizdən də aşağı olmasına baxmayaraq MSK bu rəqəmi şişirtməkdədir. Bəzi məntəqələrdə quraşdırılan müşahidə kameraları səsvermə prosesini tam izləməyə imkan vermir. Müşahidə kameraları əksərən seçki məntəqələrinin içini məhdud müşahidə etməyə imkan verdiyindən prosesin gedişini izləmək mümkün olmur.

Yerlərdən aldığımız məlumatlarda isə bildirilir ki, icra strukturları, seçkilərə aidiyyatı olmayan şəxslər səsvermə prosesinə kobud müdaxilələr edir. Bundan əvvəl isə İ.Əliyevin qalib elan edilməsindən dərhal sonra, saat 20.00-da bütün ölkə ərazisində qələbə atəşfəşanlığı üçün iş adamlarından və büdcə təşkilatlarından külli miqdarda pul toplanılıb.