Göyçay Şərab Zavodu SSRİ dövründə istehsal etdiyi məhsulları tanınıb və yüksək gəlirliliyi ilə öndə gedən müəsissələrdən biri olub. Sovetlər Birliyinin süqutundan və ardınca AXC-nin hakimiyyətə gəlməsindən sonra zavod talan edilib, avadanlıqları satılıb, yararsız hala salınıb. Göyçay Şərab Zavodunun yeni mərhələsi mərhum prezident H.Əliyevin hakimiyyətə qayıdışı ilə bağlı olub. Onun göstərişi və səyi ilə zavodun bərpa olunması, yenidən işləməsi və istehsal gücünün artırılması istiqamətində real addımlar atılıb. Eyni zamanda zavod etibarlı və səriştəli şəxslərə tapşırılıb. Çəkilən zəhmət öz bəhrəsini veririr və 1994-ci ildən etibarən büdcəyə kifayət qədər gəlir gətirir. Lakin 2010-cu ildən zavodu sabiq Respublika Prokuroru Eldar Həsənovun himayəsi altında maxinasiya və saxtakarlıqla ələ keçirən Loğman Məmmədov təcrübəli mütəxəsissləri ordan uzaqlaşdıraraq öz bildiyi kimi idarə etməyə başlayır. Zavodun gəlirləri və çıxarları, mədaxil və məxaric şəxsi maraqlarına uyğunlaşdırılır. Çox çəkmir ki, L.Məmmədovun saxtakarlığı, yol verdiyi pozuntular faş olunur və “Bandotdel” kimi tanınan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunaraq iki gün oranın müvəqqəti tədricxanasında saxlanılır. Ciddi qanun pozuntularının və vəzifəli şəxslərin adlarından sui-istifadə barədə sabiq Daxili İşlər Naziri Ramil Usubov da məlumatlandırılır. Ancaq 2 gündən sonra hansısa sehrli əl və nəyinsə müqabilində L.Məmmədovu “Bandotdel”in zirzəmisindən azadlığa çıxarır. Məlumat üçün bildirək ki, L.Məmmədovla sabiq Baş Prokuror Eldar Həsənovla yaxın qohumdurlar. E.Həsənovun bir sıra “əməliyyatları” da L.Məmmədov vasitəsi ilə Göyçay Şərab Zavodunun üzərindən həyata keçirilib. Onun qohumlarından olan Binqədi RPİ Pasport və Qeydiyyat Şöbəsinin keçmiş rəisi polkovnik-leytenant Ramiz Məmmədov 2010-cu illərdə erməniləri azərbaycanlı adı ilə Azərbaycan pasportu verməsinin üstü açılanda da köməyinə E.Həsənov gəlmişdi.
Deyilənə görə, bu günədək də E.Həsənovla əlaqələrini saxlayan L.Məmmədov orda-burda general Bəylər Əyyubovun adını öz tamahkarlığını və qanunsuzluğunu ört-basdır etmək məqsədi ilə hallandırmaqdan belə çəkinmir. Göyçay Şərab Zavodunu dələduzluq yolu və saxtakarlıqla ələ keçirən L.Məmmədvun ucbatından dövlət büdcəsi hər il milyonlarla vəsait istirməkdədir.
Qarşı tərəfin mövqeyini öyrənmək cəhdimiz isə təəssüf ki, alınmadı.
P.S: Mövzunu nəzarətdə saxlayacağıq və araşdırmamız davam edəcək.
Millət