Əli Orucov :“Azərbaycan ABŞ və Qərb üçün strateji tərəfdaşdır”

ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ

Son zamanlar Azərbaycan-ABŞ münasibətlərində bir sərinliyin yarandığı müşahidə olunur. Əsasən də erməni lobbisinin təsirində olan konqresmenlər bu sərinliyin artmasında daha çevik addımlar atırlar. Amma deyəsən artıq iki dövlət münasibətlərində yeni mərhələ başlayır və bu proses ABŞ-ın Azərbaycana yeni səfir göndərməsi ilə müşahidə olunur.

"Bu gün Bakıda olmağıma çox şadam. Tezliklə həyat yoldaşım Ann xanım da Bakıya gələcək və biz Azərbaycanda keçirəcəyimiz vaxtı səbirsizliklə gözləyirik".Bunu Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş səfiri Robert Sekuta deyib. O, xüsusilə, Azərbaycan prezidenti İlham əliyevə etimadnaməsini təqdim etməyi səbirsizliklə gözlədiyini deyib: "Prezident İlham əliyev etimadnaməmi qəbul etdikdən sonra ölkə boyu Azərbaycan xalqı ilə görüşmək istəyirəm. Xalqın fikirlərini eşitmək, iki ölkə arasında nələrin vacib olduğu haqda onların düşüncələrini bilmək istəyirəm. Ölkələrimizi daha çox cəlb edəcək fəaliyyətlər barəsində də onların fikrini öyrənmək istəyirəm. əminəm ki, belə görüşlər əsnasında ölkələrimiz arasında anlaşma və qarşılıqlı hörməti gücləndirib daha möhkəm əlaqələr qura bilərik".Ekspertlər hesab edir ki, yeni səfirin ilk açıqlaması da sübut edir ki, ABŞ Azərbaycana yanaşmada müəyyən korrektələr edəcək və bu korrektələr münasibətləri daha da istiləşdirəcək. Elə Azərbaycan tərəfindən də ABŞ-la münasibətlərə toxunulan açıqlama verilib və bu açıqlama dost yanaşması kimi qəbul oluna bilər. Belə ki, PA-ın şöbə müdiri Əli Həsənov ABŞ-la olan münasibətləri şərh edərək bunları deyib:”Ayrı-ayrı hüquq müdafiəsi təşkilatları, fikir formalaşdırma mərkəzləri nələrisə müşahidə edə bilər. Amma Azərbaycanla Amerika arasındakı münasibətlər həm beynəlxalq sülh yaratma proseslərində, terrorizmlə mübarizə sahəsində, həm də beynəlxalq enerji təhlükəsizliyi məsələlərində, Xəzər dənizinin və Cənubi Qafqazın transmilli kommunikasya xəttlərinin birgə istismarında davam edir. O cümlədən Azərbaycanla ABŞ arasında iqtisadi, siyasi, sosial sahədə münasibətlər davam edir. Bəzi dairələr var ki, bu münasibətləri kəsməyə çalışır. Onlar Amerika mətbuatında ara-sıra Azərbaycanla bağlı neqativ yazılar dərc etdirir. Bu yazıların da hazırlanması bir qayda olaraq real gerçəkliyi deyil, ayrı-ayrı mərkəzlərin sifarişləri əsasında həyata keçirilir. Biz bunun qarşısını almağa çalışırıq”.

ABŞ Dövlət Deprtamentinin Azərbaycanla bağlı dinləmələrinə gəlincə isə, Ə.Həsənov bunu normal qarşıladığını deyib: "Bizim parlament də ABŞ-la bağlı dinləmələr keçirir, QHT-lər də həmçinin. Lazım olsa biz də hökumət olaraq analoji dinləmələr keçirə bilərik. Siyasi plüralistik ideyaların hökm sürdüyü dünyada belə şeylərə görə kimisə günahlandırmaq olmaz. ABŞ-da Azərbaycan həyatını olduğu kimi təhlil etsinlər, biz də olduğu kimi Amerika cəmiyyətindəki hadisələri təhlil edib, münasibət bildiririk. Amma belə dinləmələrin bir prinsipi var. Müzakirələrə ancaq anti-Azərbaycan qüvvələri deyil, eyni zamanda Azərbaycandakı mövcud vəziyyəti həqiqətən bilən insanları da dəvət etmək lazımdır ki, müzakirələr birtərəfli yox, neytral keçsin”.

Bu arada ABŞ konqresmenlərindən biri də açıqlama verərək Azərbaycanla əlaqələrin yüksək səviyyədə qurulmasını tələb edib. Amerikalı konqresmen Maykl Törner 2015-ci ilin 12 fevral tarixində ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələrin protokoluna əlavə edilməsi üçün bəyanat verib. Bəyanatda konqresmen M. Törner Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini vurğulayaraq Bakı-Tiflis-Ceyhan boru kəməri və Cənub Qaz Dəhlizinin əhəmiyyətini önə çəkib.Amerikalı konqresmen bəyanatında Avropanın enerji təhlükəsizliyinin təmin olunması və regional sabitliyin gücləndirilməsi istiqamətində Azərbaycanla əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib.Həmçinin bəyanatda geosiyasi enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində Azərbaycanın ABŞ-ın vacib tərəfdaşı olduğu vurğulanıb. Xatırladaq ki, ötən gün ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa, Asiya və artmaqda olan təhdidlər üzrə alt komitəsində Azərbaycanla bağlı dinləmələr keçirilib. "Azərbaycan: ABŞ-ın enerji, təhlükəsizlik və insan haqları maraqları" mövzusunda təşkil olunmuş dinləmələrdə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, Vudro Vilson Beynəlxalq Araşdırmalar Mərkəzinin tədqiqatçısı Odri Alştadt və Cons Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutunun direktoru Svante Kornel çıxış ediblər.

ABŞ-Azərbaycan münasibətlərini, həmçinin yeni səfirin açıqlamasını şərh edən politoloq Əli Orucov "Unikal”a bunları dedi:”Öncə qeyd etməliyəm ki, yeni təyin edilən cənab səfirin Azərbaycan türkcəsində danışması dilimizə,tariximizə və milli kimliyimizə verilən böyük qiymətdir.

Cənab səfirin ölkəmizdəki fəaliyyəti çoxşaxəli və məhsuldar olacaq. Onun ilk açıqlamalarında görünən odur ki, ABŞ-ın rəsmi Bakı ilə əlaqələrində və yürütdüyü siyasətində kardinal olaraq dəyişiklik baş verməyib.

Enerji və regional təhlükəsizlik məsələləri prioritet olaraq qalır. Lakin demokratik dəyərlərin inkişafı də ön sıralarda dayanacaq. Bu əsas üç istiqamətdə əsas ağırlığın müəyyənləşdirilməsində Azərbaycan hakimiyyətinin də davranışlarından asılı olacaq şeylər var. Azərbaycan terrorla aparılan mübarizədə ABŞ-ın yaratdığı koalisiya qüvvələri ilə birgə hərəkət edir. Rusiya tərəfindən sıxışdırılan və regionda Vaşinqtonun müttəfiqi sayılan Gürcüstanın enerji daşıyıcıları və zəruri ehtiyaclarının təminatında rəsmi Bakı müstəsna rol oynayır. Şaxələnmiş enerji mənbələrinin və xətlərinin axtarışına çıxan Avropanın bu istəklərinin reallaşdırılması Azərbaycansız mümkün deyil. Rusiya-AB və ABŞ qarşıdurması Azərbaycanın əhəmiyyətini çox yüksək edib. Bu maraqlar çərçivəsində inanmıram ki, Azərbaycanla ABŞ arasında hansısa ciddi problemlər yaransın. Azərbaycan ABŞ və Qərb üçün də strateji tərəfdaşdır. Bu tərəfdaşlıq və münasibətlərin normal inkişafı ölkəmiz üçün daha faydalıdır.

Səfirlər öz dövlətlərinin maraqlarını və siyasətini həyata keçirirlər. Ona görə də cənab Sekutanın fəaliyyəti təmsil olunduğu dövlətin baxışlarından və siyasətindən asılı olacaq. Nəzərə almaq lazımdır ki, bu il Azərbaycanda 1-ci Avropa Olimpia Oyunları kimi dünyanın diqqətini özünə cəlb edəcək, həmçinin parlament seçkiləri kimi çox mühüm hadisələr baş verəcək. Məncə, indiki şəraitdə səfirin ilk fəliyyəti arada olan bəzi soyuq münasibətləri və anlaşılmazlıqları və problemləri yoluna qoymaq olacaq. Çox istərdim ki, səfir siyasi partiyalarla əlaqələri genişləndirsin, vətəndaş cəmiyyətinin və siyasi institutların inkişafına dəstəyini əsirgəməsin. Hər halda səfirdən gözləntilərimiz böyükdür”.