Əli Orucov: “Parlamentin buraxılması böhrandan çıxış yolu deyil”


Azərbaycan hökuməti ölkədəki maliyyə-iqtisadi böhranın aradan qaldırılması üçün konkret tədbirlərin icrasına başlanıldığını bəyan edir. Ancaq müxalifət partiyaları və bir sıra ekspertlər Azərbaycanda siyasi islahatlar həyata keçirilmədən iqtisadi yönümlü fəaliyyət proqramının səmərə verməyəcəyini bildirir. Yəni iqtisadi liberallaşmanı təmin etmək üçün azad və ədalətli seçkilər yolu ilə formalaşmış hakimiyyətin vacibliyi önə çəkilir.

Bu xüsusda ilk növbədə, Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi təklif olunur. Məsələn, son günlər Qazaxıstanda parlamentin buraxılması və martın 20-ə yeni seçkilərin təyin edilməsi, neft böhranının təsirlərinə məruz qalmış ölkədə vəziyyətdən çıxış yolunun tapılmasında mühüm rol oynaya bilər. Ancaq Azərbaycanda bu məsələni reallaşdırmaq çətin görünür. Problem daha çox məsələnin hüquqi tərəfi ilə bağlıdır. Belə ki, Azərbaycan Konstitusiyasında və qanunvericiliyində parlamentin buraxılması mexanizmi göstərilməyib. Daha dəqiq desək, qanunverici hakimiyyətin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi qaydalarının müəyyənləşməsində hüquqi boşluq var. Bu baxımdan da siyasi iradə nümayiş etdirmək nə qədər vacib olsa da, problemin hüquqi cəhətdən həlli gündəmə gəlib.

AMİP Siyasi Şurasının üzvü Əli Orucov isə bildirdi ki, parlamentin buraxılması ölkədə yaranmış sosial-iqtisadi problemlərin yeganə həlli yolu sayıla bilməz. Bu səbəbdən də daha geniş islahatlar mexanizmi tətbiq olunmalıdır: "Bu ümumilikdə siyasi sistemin böhranı oldu. Parlamentin buraxılması isə böhrandan çıxış yolu vəd etmir. Çünki ən azı hakimiyyət qollarından biri işlək vəziyyətdə olmalıdır. Amma Azərbaycan Milli Məclisi heç bir səlahiyyətə malik deyil.

Qeyri-legitim parlament böhranın nəticələrini aradan qaldıra bilməz. İkincisi, Azərbaycan qanunvericiliyində və Konstitusiyasında parlamentin buraxılması mexanizmi təsbit olunmasa da, bunu etmək mümkündür. Yəni özünə hörmət edən parlament özünü buraxa bilər”.

Əli Orucovun fikrincə, hazırda hakimiyyətin yenidən formalaşması mexanizmlərini müəyyən etmək üçün konstitusiya islahatları həyata keçirilməlidir: "Bu gün bütün səlahiyyətlər vertikal olaraq icra hakimiyyətinin əlində cəmləşib. Ona görə də qarşılıqlı nəzarət mexanizmi mümkün olmur, bütün səlahiyyətlər də bir nəfərin üzərinə yüklənir. Hansısa, bir icra başçısı və ya nazir öz işinin öhdəsindən gələ bilməyəndə onun da günahını prezidentdə görürlər.

Eyni vəziyyət məhkəmə hakimiyyətinə də aiddir. Məhkəmə də Ədliyyə Nazirliyinə tabedir, məhkəmələrə nəzarət orqanı funksiyasını yerinə yetirən Məhkəmə Hüquq Şurası da Ədliyyə Nazirliyinə tabedir. Bu da Azərbaycanda hakimiyyət qolları arasında formal da olsa bölgünün olmamasından xəbər verir”.

ADP sədrinin müavini, hüquqşünas Taliyət Əliyev hesab edir ki, Azərbaycanda yaranmış sosial-iqtisadi problem obyektiv və subyektiv səbəbləri var. Onun sözlərinə görə, qeyd edilən problemin subyektiv səbəbləri, yəni daxili amillər öndədir:

"Bu da ondan ibarətdir ki, Azərbaycanda hakimiyyət bölgüsü normal şəkildə həyata keçirilməyib, bütün seçkilər total şəkildə saxtalaşdırılıb, məmurlar şəxsi sədaqət prinsipi əsasında vəzifələrə irəli çəkilib və hakimiyyətin yarıtmaz siyasəti ağır sosial-iqtisadi problemlərə gətirib çıxarıb. Bu baxımdan da biz təklif edirik ki, Azərbaycanda siyasi islahatlar həyata keçirilməsə, iqtisadi islahatlar səmərə verməyəcək. Çünki bu böhranı yaradan şəxslər hakimiyyətdə qalır. Ona görə də Azərbaycanda mövcud sosial-iqtisadi böhrana son qoymaq üçün koalision hökumət formalaşmalı, hakimiyyət müxalifət partiyaları ilə danışıqlar masası arxasında oturmalı, məsələlərin siyasi müstəvidə həllinə çalışmalıdır. Azərbaycanda Milli Məclisin buraxılması mexanizmi hazırlanmalıdır. Yaranmış vəziyyət qeyri-adi addımların atılmasını zəruri edir. Son aylar ölkədə baş verən hadisələr total korrupsiya faktlarını üzə çıxarır. Məlum olur ki, Azərbaycanın maliyyə resursları talan edilib, ölkədən çıxarılıb. Nəticədə ölkə bu cür problemlərlə üz-üzə qalıb. Bu insanlar dəyişməyənə qədər heç nə də dəyişməyəcək. Onlar vəzifəyə gəlir mənbəyi kimi baxır. Ona görə də Azərbaycanda mövcud vəziyyətdən çıxış yolu köklü siyasi islahatlardan keçir.

Yəni burada kompleks tədbirlər həyata keçirilməlidir. Bunun üçün də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilməlidir. Eyni zamanda, beynəlxalq adminstrasiyanın Azərbaycanda nəzarəti təmin edilməlidir. Belə nəzarət olmayan yerdə özbaşınalıq olacaq. Ona görə də Azərbaycanda beynəlxalq adminstrasiyanın nəzarətini təmin etmək, parlament nəzarətini təmin etmək və koalision hökumətin formalaşması vacibdir”.