Etirazların kökündə dayanan başlıca faktor...

Arzuxan Əlizadə: "Azərbaycanın isə sülhyaratma əməliyyatlarında iştirak etməsi onun beynəlxalq imicinə müsbət təsir göstərir”

Məlum olduğu kimi, Ermənistan ordusunun tibbi heyət və hərbçilərdən ibarət 83 nəfərlik qrupu Suriyaya yola düşüb. Ancaq Ermənistanın sülhməramlı əməliyyatlarda iştirak qərarı dərhal ölkədə etirazlara səbəb olub. Ölkədəki siyasilər, ictimai təşkilatlar bunu etirazla qarşılayırlar.

Erməni politoloq və siyasi xadimlərinin açıqlamalarından aydın olub ki, rəsmi İrəvanın Suriyaya hərbi missiya göndərməsi tamamilə beynəlxalq hüquqa və Ermənistan qanunlarına zidd şəkildə, məhz Rusiyanın təzyiqilə baş tutub. Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan bəyan edib ki, baş nazir Nikol Paşinyanı erməni hərbçilərin taleyi, ümumiyyətlə, maraqlandırmır və onlardan sadəcə kimlərinsə təzyiqindən qorunmaq üçün qalxan kimi istifadə edir.

Aşotyanın sözlərinə görə, hərbi missiya göndərilməsi ilə bağlı Suriya hakimiyyətinin rəsmi müraciəti yoxdur, əks halda, Paşinyan hökuməti onu ictimaiyyətə açıqlayar və bu barədə məlumat verərdi: "Paşinyan özünün şəxsi mənafeyi və siyasi maraqlarından çıxış edərək kobud şəkildə qanunları pozub”.

Digər erməni siyasətçilər isə hökumətin bu qərarını daha hiddətlə qarşılayıblar. Bildiriblər ki, müharibə şəraitində olan Ermənistanın öz ordusunda döyüşmək üçün kifayət qədər əsgər tapmadığı halda, Rusiyanın təzyiqi ilə Suriyaya hərbçi göndərməsi qətiyyən yolverilməzdir.

Onu da qeyd edək ki, Azərbaycan da bir sıra ölkələrdə humanitar xarakterli missiyalarda aktiv iştirak edir. Dünyanın qaynar nöqtələrində sülhün yaradılmasına öz töhfəsini verir. 1999-cu ilin sentyabr ayından başlayaraq, Azərbaycan Silahlı Qüvvələri Kosovoda, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyət aparır. Bu il Azərbaycan Silahlı Qüvvələri sözügedən missiyanı Cənubi Sudanda həyata keçirməyə başlayıblar. Ancaq maraqlı məqam ondan ibarətdir ki, Azərbaycanın bu kimi sülhyaratma əməliyyatlarında iştirak etməsi hansısa narazılığa gətirib çıxarmayıb. Nə siyasi partiyalar, nə QHT-lər, nə də cəmiyyətin özü buna hansısa formada etiraz etməyib. Hətta ən radikal müxalifət təmsilçiləri belə, buna qarşı olmayıblar. Ermənistanda isə, göründüyü kimi, Paşinyanın bununla bağlı məlum qərarı etiraza səbəb olub.

Maraqlıdır, sözügedən məsələdə yaranan belə fərqli mənzərə nə ilə bağlıdır?

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadə bunu bir sıra amillərlə əlaqələndirdi: "Məsələ ondadır ki, Ermənistanın real imkanları ilə onun atdığı addımlar uzlaşmır. Ona görə də Paşinyanın Suriyada sülhməramlı əməliyyatlarda iştirak qərarı etirazla qarşılanır. Ermənistanın hazırkı iqtisadi imkanları bu kimi sülhməramlı əməliyyatlarda iştirak üçün əlverişli deyil. Ona görə də məlum qərar ikrahla və etirazla qarşılanır. Ermənistanda ictimai və siyasi təşkilatlar fərqindədirlər ki, Paşinyanın bu qərarı populizm xarakterlidir. O, ölkənin üzləşdiyi dərin sosial-iqtisadi və digər problemləri həll etmək əvəzinə, bu kimi qərarlar verir. Çalışır bununla ictimaiyyətin diqqətini həllini gözləyən problemlərdən yayındırsın. Etirazların kökündə dayanan başlıca faktor bununla bağlıdır. Digər tərəfdən, Paşinyan bu addımı atmaqla hesab edir ki, bununla, qismən də olsa, Kremlin təzyiqlərindən özünü qoruyacaq. Ancaq düşünmürəm ki, bu belə olsun. Ermənistanda geosiyasi mübarizə kəskinləşdikcə, Rusiyanın Paşinyan hakimiyyətinə yönəlik təzyiqləri artacaq. Ermənistanın Suriyada sülhməramlı əməliyyatlarda iştirakı Paşinyan hakimiyyətini Rusiyanın təzyiqlərindən qoruya bilməyəcək. Azərbaycana gəldikdə isə, ölkədə bununla bağlı vəziyyət fərqlidir. Azərbaycan Ordusu əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə güclənib. Bununla yanaşı, Azərbaycanın sülhyaratma əməliyyatlarında iştirak etməsi onun beynəlxalq imicinə müsbət təsir göstərir. Ötən illərin təcrübəsinə baxsaq görərik ki, bununla bağlı görülən işlər Qərb tərəfindən müsbət qarşılanır. Eyni zamanda, Azərbaycanın malik olduğu resurslar da buna imkan verir. Bu, iqtisadi baxımdan ölkəyə zərər vurmur. O üzdən, indiyə qədər hansısa partiya və QHT buna qarşı çıxmayıb. Cəmiyyətdə də bu məsələyə hansısa mənfi münasibət özünü göstərməyib. Bütün bu səbəblərdən Azərbaycanda sözügedən məsələyə etiraz etmirlər”.

Vidadi ORDAHALLI