Turan ideyası ilə bağlı sosial şəbəkələrdə azərbaycanlılar arasında qızğın müzakirələr gedir. Xüsusilə bu müzakirələr Qazaxıstanda baş verən son hadisələrdən sonra daha da qızışıb. Turan ideyasını gözdən salmaq, türk dövlətlərinin birləşməsi istiqamətində son vaxtlar atılan addımları səmərəsiz adlandıran marginal qruplar da var.
Bunların başında AXCP rəhbərliyi gəlir. AXCP-nin Avropaya sığınmış tanınmış üzvləri, bu partiyanın sədri Əli Kərimliyə yaxın şəxslər iddia edirlər ki, türk dövlətlərində demokratik sistem olmadığı üçün Turan mövzusunu ortaya atmaq zərərlidir. Anti-Turan təbliğatının təlimatının haradan gəldiyi bəllidir.
Əli Kərimli və dəstəsi İranın, paralel olaraq Avropanın (Qarabağ, Türkiyə, Turan mövzusunda İranla Qərbin maraqları hər zaman üst-üstə düşüb) xoşuna gəlmək üçün hər zaman Azərbaycan, Türkiyə və türk dünyası əleyhinə ən kritik vaxtlarda təbliğat aparıblar.
Bu ideyaya qarşı çıxanlar ictimaiyyətin sərt təpkisi ilə üzləşirlər. Bununla əlaqədar sosial şəbəkələrdə yazılan statuslar, ifadə edilən mövqelər açıq şəkildə bunun əyani sübutudur. Amma necə deyərlər, milçək bir şey deyil, könül bulandırır.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev belə qüvvələrin ifşa edilməsinin vacibliyindən danışdı: “Turan ideyası təbii ki, ümumiləşdirilmiş bir məfhumdur. Söhbət bir millətin, türk etnosunun özünün inkişafı və təhlükəsizlik doktrinasını ortaya qoymaqdan gedir. Bütün tarix boyu sübut olunub ki, bu millət göl qurutma üsulu ilə parçalanıb və müxtəlif vaxtlarda işğallara məruz qalıb, əzilib. Amma bir yerdə olanda güclü olub. Bu, çox sadə bir məsələdir. Bunun heç izaha ehtiyacı belə yoxdur. Hətta Avropada Avropa Birliyi xristian dəyərlərinə və yunan-roma fəlsəfəsinə söykənən bir Avropa Evi yaradıb. Dünənə qədər bir-biri ilə döyüşən buradakı etnoslar bir ev qurublar ki, təhlükəsizliklərini və inkişaflarını təmin etsinlər.
Biz türk etnosu olaraq bunu niyə etməyək? Bu fikrə qarşı müxtəlif formalarda gedənlər həmişə olub. Eyni zamanda bu fikri müdafiə edənlərin çox sabit şəkildə bir mövqeləri olub.
Baxın, II Qarabağ savaşından sonra saxta millətçilər, türkçülər, türkiyəçilər ortaya çıxmışdı. Amma bu son hadisələrdən sonra bir az ələnmə baş verdi
Əslində hər kəsin sifəti açıldı. Bilindi kim-kimdir? Özünü siyasətçi adlandıranlar, gündəmdə qarışıqlıq salmaq istəyənlər kimlərdir? Bu adamlar daim anormal fikir istehsal etməklə məşğul olublar. Bir gün sonraya proqnoz verməyiblər. Bir səhifə yazıları varsa, ortalığa qoysunlar. Keçmişdə, dünəndə olanların haqqında subyektiv mülahizələrini yürüdüblər, təhlillər ediblər. Gələcəyə nə qoyublar? Bunu çox rahat şəkildə ona görə deyə bilirəm. Çünki hələ 1998-ci ildə məhbəsdə “Yeni dünya düzəni siyasətində Azərbaycanın yeri və rolu” kitabını yazdım. Həbsdə olsam da, həmin kitabın təqdimatı oldu. Bu kitab ingiliscə də çap olub. Hörmətli Dövlət Baxçalı tərəfindən Türkiyədə Anadolu türkcəsində də çap edilib. Orada transkontinental Turan-Avrasiya bloku modelləşdirdim. Öz düşüncəmlə ortaya konseptual bir əsər qoydum. Demək istəyirəm ki, biz on illərdir ki, bu işlərin içərisindəyik. Təbii ki, bir yolu davam etdiririk. Bu yol həmişə olub. Turan məfhumu adı altında bu gün də bu fikri, yolu, təhlükəsizlik konsepsiyasını ortaya qoyan, onu müdafiə edən xeyli insanlarımız var. Sizin kimi gənclərimiz, jurnalistlərimiz, alimlərimiz, sərkərdələrimiz var. Bunun qarşısını heç kim ala bilməz. Onun qarşısına bu gün çıxanlar kimdir? Diqqətlə fikir verin. Türkiyədə lirənin qiymətinin düşməsinə sevinənlər kimlər idi? Bir müddət əvvəl Azərbaycan neftinin qiymətinin düşməsinə sevinirdilər. Bu gün Turan ideyasına qarşı gedənlər, bu məsələni gözdən salmağa çalışanlar kimlərdir? Faktiki olaraq, bu gün Rusiya Qazaxıstanda bu ideyanı əzmək üçün ora daxil olanlardan birisidir. Elə burada qeyd edim ki, bunun heç bir perspektivi yoxdur və bizlər yolumuza davam edəcəyik. Yenə də bu adamlar Rusiya ilə bir yerdədirlər. İranı da bura daxil etmək olar. Bu şəbəkələr yenə də birləşiblər. Bunlar antimilli qüvvələrdir. Kimə sirdir ki, indiki AXCP-Milli Şura bu işlərlə məşğuldur, həmin qüvvənin harada yarandığını bilməyən var ki? Moskvada Cərrahiyyə İnstitutunda yaranmışdı. Volodin onlara xeyir-dua vermişdi, orada iştirak etmişdi. Rusiyanın “Milyarderlər İttifaqı” da onun pulunu verirdi. Məqsədləri tam şəkildə ortada idi. Açıq şəkildə “II erməni dövləti”ni tanımaq istəyirdilər. Bu adamları cəmiyyət yaxşı tanıyır. Bunlar belə fikirlərin əleyhinə getməklə, sadəcə, özlərinə zərər verirlər. Sadəcə olaraq, AXCP adı altında bu proseslərdə iştirak etmələri doğru deyil. Bu adda iştirakçı olmaları utancvericidir. Çünki Xalq Cəbhəsinin əsas prinsiplərindən ikisinə bunlar necə baxırlar? Xalq Cəbhəsi hərəkatı Bütöv Azərbaycançılıq və Turançılıq məfkurəsini bel sütunlarından birisi kimi götürüb. Siz görmüsünüzmü ki, rəhmətlik Elçibəydən sonra bunlar həmin ideyalardan danışıblar? Hər zaman İranın yanında oldular. Bir dəfə ağızlarından Bütöv Azərbaycançılıq çıxdımı? Saxta insan hüquqları təşkilatları yaratdılar. Necə dəfə bunlardan Güney Azərbaycanda əzilən xalqımıza yönəlik etiraz gördünüz? Bunu heç vaxt görmədiniz, görməyəcəksiniz də. Çünki bunların hamısı açıq şəkildə mövqeləri ortalıqda olan antimilli qüvvələrdir. Bəzən bunlara radikal müxalifət deyirlər. Xeyr, bunlar müxalifət deyillər. Müxalif qüvvə hakimiyyətə alternativlər təklif edən, hakimiyyətə gəlməkdə maraqlı olanlardır. İqtidara gəlməyin yolu seçki yoludur ki, bu proseslərdə iştirak etmirlər. Bəs nə istəyirlər? Bunlar çox ciddi suallardır. Hesab edirəm ki, yalnız dağıdıcılıqla, xarici qüvvələrə maşalıq etməklə məşğul olanlar, ölkəmizə müttəfiqlik edənləri gözdənsalma kampaniyası aparanlar xarici qüvvələrin sifarişlərini yerinə yetirməkdədir. Düşünürəm ki, bunlara o qədər də əhəmiyyət vermək lazım deyil. Amma hər halda, bunları ifşa etmək, tanıtmaq lazımdır. Bizim boşluğumuz odur ki, Turan, Türk Birliyi sevdalıları bir yerdə olmağı bacarmırlar. Əlimizi hamımız daşın altına qoymalıyıq. Qazaxıstana rus qüvvələrinin, bir neçə erməni silahlısının, başqa bir sıra qüvvələrin girməsi heç nəyi dəyişməz. Çətinlik oldu, təbii ki, zərbə aldıq. Çox qısa zaman kəsiyində biz öz yolumuza davam edəcəyik. Hesab edirəm ki, bu ideya ölməz bir ideyadır. Artıq təməlləri qoyulub. Çox ciddi nəticələrin əldə olunması üçün bu da bizə bir dərsdir. Yolumuza davam edəcəyik. Bu məsələlərdən zərrə qədər narahat deyiləm". “Yeni Müsavat”