Fərəc Quliyevdən Qərbi Azərbaycandan qaçqın düşən insanlarımızın sənədləri ilə bağlı mühüm təklif

Milli Məclisin 30.10.2018 tarixində keçirilən plenar iclasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Qərbi Azərbaycandan qaçqın düşən insanlarımızın sənədləri ilə bağlı mühüm təklif verib.

"Millət"Fərəc Quliyevin həmin çıxışının tam mətnini  təqdim edir

Çox təşəkkür edirəm.
Hörmətli kolleqalar, mən müzakirə olunan bu məsələ ilə bağlı əvvəlki oxunuşda da münasibət bildirmişdim. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna dəyişiklik edərək 2006-ci il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada yaşayanlara vətəndaşlıq verilməsi zamnı xüsusi bir müddəanın da qanun layihəsinə daxil edilməsini zəruri hesab etmişdim. Çünki burda mühüm bir məsələ var . 2006-ci il yanvarın 1-dək Azərbaycan Respublikasına gələnlər arasında Ermənistandan qovulmuş yüzminlərlə soydadaşlarımız da vardır. Ermənistan respublikasından qovulan soydaşlarımız abarogen xalq olaraq Ermənistan respublikası vətəndaşı pasportları ilə gəliblər. Mən hesab edirəm ki, bu Qanuna dəyişiklikdə yüz minlərlə insanın taleyi var . Onların günün birində ata yurdlarına qayıtmaq məqamı yetişdikdə və yaxud da bu gün siyasi məsələlərdə bu elementdən istifadə eləmək lazım gəldikdə bu qanun layihəsinə təklif etdiyim xüsusi bir müddəanın salınması əhəmiyyətli olacaqdır.Təklif etdiyim əlavənin mahiyyəti odur ki, Qərbi Azərbaycandan qovulmuş insanlara Azərbaycan vətəndaşına verilən bütün hüquqlar verilmək şərtilə müvəqqəti olaraq burda yaşamaları göstərilsin.Ermənistan respublikasının vətəndaşı olduqları haqda sənədlər də , bütün göstəricilər də saxlanılsın. Mən niyə görə bu məsələni bir daha nəzərinizə çatdırıram?

Baxın, bu gün Ermənistanda guya ki, Azərbaycandan qovulmuş ,amma əslində 1988-ci ildə SSRİ KQB-si tərəfindən Sumqayıtda qırğın törədilməsi senarisinə uyğun olaraq,çıxarılmış ermənilər vardır. SSRİ KQB-sinin bu fəaliyyəti artıq faktlarla, məhkəmə ilə təsdiq olunubdu. 20 Yanvar qırğınına hazırlıq üçün də ermənilər Bakıdan çıxarıldılar, qorunmaq məqsədi ilə Ermənistana aparıldılar. Bugün Ermənistanda Azərbaycan SSRİ-dən Qaçqınlar Assambleyası fəaliyyət göstərir. Onlar 2011-ci ildə keçirdikləri qurultayda da və 2016-ci ildə də eyni iddialarla çıxış etdilər. Bu gün də edirlər.

Bu adamların Azərbaycana qaytarılmasını təmin etmə mexanizmilərin düşünürlər. İşğal faktına hüquqi don geyindirmək istəyirlər.Hətta bəzi yerlərdə artıq "Azərbaycan SSRİ-dən qovulanları” yerləşdiriblər. Məsələn Qubadlının Xanlıq kəndində 2014-cü ildə 200 erməni yerləşdirilmişdisə, 2018-cı ildə bunların sayı artıq 600-ə qalxıb. Kəlbəcərdə yeni bir qəsəbə salmaq istəyirlər. Qubadlı ərazisində yüz minlik Baqaran şəhərciyi salmaq istəyirlər. Deyilə bilər ki, ermənilərin maliyyə imkanları yoxdur. Amma mən də yeni tanış oldum ki,Britiş petrolumun erməni qaçqınlarına bir öhdəliyi varmış, 20 milyard dram miqdarında da bunlara pul verməlidir. Bilmirəm bu nə qədər doğrudur, amma ermənilər belə bir iddia qaldırıblar. Hətta bu vəsaiti də istəyirlər ki, ora yatırsınlar. Bizim başqa ərazilərdə də "Azərbaycan SSRİ-dən qovulanları” yerləşdirirlər. Gələcəkdə ərazilərimizi qaytarmamaq üçün hüquqi əsas da qoymaq istəyirlər ki, bunlar Azərbaycan vətəndaşlarıdırlar. Bu yaxınlarda dırnaq arası DQR-in vitse spikeri də iddialarla çıxış etdi ki, nəinki Dağlıq Qarabağ ,hətta işğal olunmuş ətraf rayonlar da bizimkidir, hətta Naxçıvanı da iddia elədi. Yəni belə bir siyasi, soyuq savaş dönəmində bizim Qərbi Azərbaycandan qovulmuş insanlara yönəlik xüsusi yanaşmalarımız zərurətdir.Ermənistandan nəinki soydaşlarımız çıxarılmış, öldürülmüş, xeylisi də də girov götürülmüşdür. Bəlkədə minlərlə insanın taleyindən xəbərimiz yoxdur. Məsələn, bir qismini bildik ki, Kəlbəcərdə qızıl mədənlərdə hətta girov götürülən qadınlarımızı belə saxlayıb qul kimi işlədirlər.

Belə bir təqdirdə sadaladıqlarım amilləri nəzərə alaraq və alternativlər təqdim etmək baxımından mən hesab edirəm ki, bu qanun layihəsinə xüsusi bir müddəa əlavə etməliyik. Dəyişiklikdə təsbit olunmalıdır ki, Ermənistandan qovulmuş insanlara bu hallar üçün indi bütün Azərbaycan vətəndaşlarına aid olan bütün hüquqlar verilir ,amma bu insanlar Ermənistan vətəndaşlarıdır . Dövrün trendinə görə davranış eləmək lazımdır. Qanunlar hər dövrə uyğun olaraq müəyyən qədər kamilləşdirilir. Bu normal bir şeydir. Mən bu dəyişikliklərin də olmasına razıyam. Amma təklif etdiyim müddəanın da salınmasını vacib hesab edirəm.

Almaniyada ilk kansler Adenaur 1949-cu ildə konstitusiyaya bir müddəa saldırdı ki, Almaniyanın Şərqi Qərbindən müvəqqəti olaraq ayrılıb. AFR-i yaradan 3 dövlət etiraz eləsə də Adenaur bunu reallaşdırdı. Almaniya birləşəndən sonra bugün konstitusiyada o müddəa yoxdur. Biz də bu qanuna o müddəanı daxil edə bilərik ki, bizim Ermənistandan qovulmuş əhalimiz həm bugünkü siyasi məsələlərdə ciddi şəkildə hökumətimizin apardığı siyasətə dəstək versin. Həm də sabah qayıtmaq reallığı yarananda da bu məsələlərdən istifadə edə bilək. Ona görə mən xahiş edirəm ki, bu məsələ nəzərə alsın. Mən demirəm ki , bugün burda bu məsələ nəzərə alınsın. Amma belə bir müddəanın həmin qanuna əlavə edilməsi təmin edilsin.
Təşəkkür edirəm.

--