Müxalifətin yaratdığı daha bir birlik - Azərbaycan Xalq Hərəkatı qürub çağını yaşayır. İki hissəyə parçalanan hərəkat, faktiki olaraq, tarix olmaq üzrədir. Halbuki AXH yaradılan ilk aylarda bu qurum siyasi partiyaların böyük qismini ətrafında birləşdirmiş, müəyyən ümidlər yaratmışdı.
AXH-nin də məhv olması bir məsələni yenidən aktuallaşdırıb: İndiyə qədər bu tipli yaradılan müxalif qurumların hər biri qısa müddətdə ya parçalanıb, ya da tarix olub. Buna səbəb nədir?
Bir çox ekspertlər prosesin qarşısını almaq üçün müxtəlif versiyalar səsləndirir. Düşərgənin yenilənməli (update) olduğunun vacibliyindən söz açılır. Onlar bildirir ki, uzun müddət müxalifətdə təmsil olunmuş liderlərin aralarında intriqaların bu günə qədər də davam etməsi birliklərin fəaliyyətinə birbaşa yansıyır. Buna görə də düşərgənin tamamən yenilənməsi təklifi verilir.
AMİP Siyasi Şura üzvü Əli Orucov "Yeni Müsavat”a bu barədə maraqlı açıqlamalar verib. O qeyd edib ki, müxalifətin müxtəlif formatlarda birləşməsi və ayrılması normaldır: "Heç bir format ideal və əbədi deyil. Ona görə də bu vaxtadək saysız-hesabsız birliklər, ittifaqlar və bloklar yaradılıb. Adətən müxalifət düşərgəsinin birləşməsi seçki dönəmlərinə təsadüf edir. Lakin bu ittifaqlar məhdud müddət üçün nəzərdə tutulduğundan uzun müddət yaşaya bilməyib. Son dövrlər cəmiyyətdə müşahidə olunan aktivlik müxalifəti də hərəkətə gətirdi və bir neçə görüşlərini, tədbirlərini birgə keçirə bildi. Ardınca Azərbaycan Xalq Hərəkatı adlı bir qurum da yaradıldı. Lakin təəssüflər olsun ki, bu qurumun bünövrəsi düzgün qoyulmadı. Bir-birinə zidd qüvvələr, bir-birinə nifrət edən şəxslər bura qəbul edildi. Nəticəsi də bəllidir. Mən AXH-ni təftiş etmək istəmirəm, bu etik də olmazdı. Çünki ilk gündən iştirak etmədiyimiz bir qurumun daxilində gedən prosesləri müzakirə etməyi məqbul saymıram. Müxalifətin birliklərlə bağlı strategiyası da, baxışları da uzun illərdən bəri dəyişməz qaldı. Birliklər yaradılarkən partiyadaxili müzakirələrdən, buraxılan səhvlərin analizindən keçmədən bəzən tələm-tələsik yaradılır. Burada partiyaların ideoloji baxışları, cəmiyyətdəki gücü və nüfuzu, hətta siyasi liderlərin keyfiyyətləri nəzərə alınmır. İllərlə bir-birinə qənim kəsilən, bir-birini məhv etməyə çalışanlar bir günün içində müttəfiqə çevrilirlər. Yaxud da ”bir özü, bir papkası" olan partiya sədri elə iddialara düşür ki, sanki ölkənin taleyi ondan asılıdır və s. Müxalif birliklərin uzun çəkməməsinin, yaxud birləşə bilməməsinin başlıca səbəbi ölkədə normal siyasi sistemin olmaması və seçkilərin demokratiyanın vacib elementlərindən biri olaraq nəzərə alınmamasıdır. Dünyanın heç bir yerində müxalifətin hamısı bir yerdə olmayıb, ola da bilməz. Çünki ideloji və təmayül fərqlilikləri və maraqlar var. Lakin ümumi maraqlar naminə yaxın partiyalar seçki dönəmində birləşib seçkilərə birgə gedirlər və qazandıqları təqdirdə də koalisiya yaradırlar".
Ə.Orucov hakimiyyətin burada olan roluna da toxundu: "Doğrudur, müxalifət daxilində ciddi problemlər və yanlışlıqlar mövcuddur. Bunlar xırda detallardır. Hakimiyyət də çalışır ki, daxili ziddiyyətlər, çəkişmələr davam etsin. Və siyasi müxalifəti özündən tam asılı vəziyyətə salsın. Bəzilərinə maliyyə verir, bəzilərinə mandat, bəzilərinə digər imtiyazlar, orbitindən kənarda olanları isə cəzalandırır, sıxışdırır. Bir neçə partiyanı çıxmaqla əksər təşkilatlar cəmiyyətin sifarişi ilə deyil, hakimiyyətin bilavasitə istəyi ilə yaradılıb. Onların da bəzilərinin ”siyasi meydanda qalmaları" iqtidarın verdiyi süni nəfəsdən asılıdır. Digər tərəfdən, bu gün siyasi arenada olan liderlər siyasi meydanı tərk edib, yerini gənc və iddialı liderlərə verməlidirlər. Tutaq ki, öz prezidentinə bir şillə ilə həbs orderi verən İxtiyar Şirinlə, dövlət çevrilişində ittiham olunan Rəhim Qazıyevlə, "mən digər funksionerləri üzə çıxartmıram onları işdən çıxardarlar” deyib, özündən başqa partiyasında ikinci bir şəxs olmayan, ancaq gecə-gündüz inqilabdan danışanlarla, mənəvi əxlaqı aşınmaya məruz qalmış birisi ilə yüz belə formatı yarat, nə dəyişəcək ki? Təbii ki, heç nə. Maraqlıdır ki, iqtidar da indiki simaları qoruyub saxlayır ki, alternativlər meydana girə bilməsin. Xalq, cəmiyyət də siyasi vitrində eyni simaları gördükcə siyasi proseslərdən uzaqlaşır. Müxalifətin daxilindəki monopoliyanı təəssüflər olsun ki, hələ də aradan qaldırmaq mümkün olmayıb. Öz dövrü və missiyası başa çatan siyasilər gənclərə dəstək olmalı, onların üzə çıxmasına şərait yaratmalıdırlar. Özünütənqid müsbət haldır. İqtidarın dəyişməsini istəyən müxalifət düşərgəsində partiya sədrlərinin və funksionerlərinin əksəriyyəti 20-25 ildir postunu qoruyub saxlayıb".
Həmsöhbətimiz dedi ki, gənclərimizin siyasətə getdikcə marağı artmaqdadır: "Yetər ki, onlara meydan və imkanlar verilsin”. "Yeni Müsavat”