Hansı partiya seçkiyə neçə namizədlə gedəcək?

Bu ilin noyabr ayında Azərbaycanda Milli Məclisə növbəti seçkilər keçiriləcək. Bəs Azərbaycandakı siyasi partiyalar parlament seçkisində iştirak etmək üçün deputatlığa namizəd siyahılarını müəyyənləşdiribmi?

Modern.az saytı bu sualla partiyalara müraciət edib.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Arzuxan Əlizadənin sözlərinə görə seçki siyahısı demək olar ki, hazırdır.

"Amma bəzi dairələr üzrə namizədlər hələ tam dəqiqləşdirilməyib. Siyasi Şuranın iclasında bu məsələ müzakirə edilib, potensial namizədlər də iclasa dəvət olunub. Bir daha seçki məsələləri, kimlərin hansı dairələrdə daha şanslı olması məsələləri müzakirə olunub. Namizədlərin dairələr üzrə 90 faizi artıq müəyyən edilib, qalanları da müəyyən edildikdən sonra bu barədə mətbuata açıqlanma veriləcək”.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, zamanı gələndə bu barədə geniş məlumat veriləcək.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının müavini Fuad Qəhrəmanlı: "Seçkidə iştirakla bağlı yekun qərar verilmədiyinə görə belə bir siyahı məsələsi gündəmdə deyil”.

Müsavat Partiyasında isə seçki siyahısı hələ hazır deyil. Bu barədə danışan Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, hələ qarşıda xeyli müddət var . Partiya funksioneri bu müddət ərzində hər şeyin hazır olacağını deyib .

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan isə seçki siyahıları ilə bağlı Modern.az-a açıqlamasında bildirib: "Seçkiyə gedəcəyimiz təqdirdə siyahı açıqlanacaq. Hələ ki seçkiyə gedib-getməyəcəyimiz bəlli deyil, ona görə də seçki siyahılarını müzakirə etmək niyyətində deyiləm”.

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimlinin isə cavabı belə olub:
"Ədalət Partiyasında seçki siyahısı hələ hazır deyil. Çünki bir sıra prosedur həyata keçirilməlidir. İlkin olaraq partiya seçkilərdə iştirakla bağlı qərar verməlidir, amma hələlik belə bir rəsmi qərarımız yoxdur.
Partiyanın səlahiyyəti Ali Məclisin ixtiyarındadır. Düşünürük ki, avqustun sonlarında Ali Məclisin iclasını çağıraq və partiyanın seçkilərə münasibətini rəsmi olaraq bəyan edək. Amma bununla belə seçkilərdə iştirak etmək istəyində olan partiya üzvləri Mərkəzi Aparata müraciət edirlər və onların sayı 20-ə yaxındır.
Onu da qeyd edək ki, indi proporsional sistem olmadığından burada partiyanın siyahı təqdim etməsi də düzgün səslənmir, çünki namizədlər majoritar qaydada seçkilərə qoşulurlar. Burada yalnız ayrı-ayrı fərdlərin seçkiyə qoşulmasından söhbət gedə bilər. Amma bununla belə, Ədalət Partiyası ayın sonunda onun sıralarından nə qədər namizədin parlament seçkilərində iştirak edəcəyini dəqiqləşdirəcək”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə bildirib ki, artıq partiyanın seçki siyahısının hazırdır.
"Biz partiyadan nə qədər üzvün seçkidə iştirak edəcəyi demək olar ki, müəyyənləşib”.