İki ilə yaxındır ki, bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparır.
Hazırda virusla mübarizədə ən effektiv yol vaksinasiyadır. Lakin sosial məsafə qaydalarına əməl edilməsinə, tibbi maskalardan istifadə edilməsinə, hətta peyvəndlənməyə rəğmən virus mutasiya etməyə davam edir. Bəzi məlumatlara görə, virusun mutasiya etmiş variantları daha təhlükəlidir. Hazırda virusun “Delta” variantının daha çox 1990-cı illərdə anadan olanlarda müşahidə edildiyi bildirilir.
Hətta ötən gün “Yeni Klinika”da işləyən həkimin bu barədə səs yazısı yayılıb. Həkim bildirib ki, əsasən 90-cı illərdə doğulanlar arasında virus yayılır. Sonradan bildirildi ki, həkim bunu öz övladını qorxutmaq üçün deyib.
Maraqlıdır, virus doğrudan da 90-cı illərdə anadan olanlar arasında yayılır? Virusun mutasiya edilmiş formaları niyə yaranır?
Mövzu ilə bağlı Cebhe.info-ya danışan Azərbaycan Tibb Universitetinin dosenti, həkim-farmakoloq Aydın Əliyev bildirib ki, ana virus koronavirusun özüdür.
“Ştammlar isə bu virusdan törəyənlərdir. Mutasiya olan virusların kökü koronavirusdur. Sanki bu ştammların hərəsi bir obyektə təsir edir. Müxtəlif yaşda, müxtəlif cinsdə olan insanlara virusun mutasiya etmiş forması təsir edir. Burada cürbəcür gözəgörünməz canlıların hücumuna qarşı bədən güclü olmalıdır. Virus dünya iqtisadiyyatına həddindən artıq ciddi ziyanlar vurduqca təbii ki, insanların immun sistemi zəifləyəcək. Ona görə də çalışmaq lazımdır ki, həkimlərin dediyi ana xətti qoruyaq. Təmizlik, sosial məsafə qaydalarına əməl edilməlidir”.
Həkim qeyd edib ki, təkcə virusla mübarizədə yox, ümumiyyətlə, tibbi maskadan istifadə etmək lazımdır:
“Mən Bakı şəhərində tibbi maskadan imtina edilməsinin tərəfdarı deyiləm. Səbəb odur ki, Bakı ən tozlu şəhərdir. Hökumət özü deyir ki, Bakıda tozun miqdarı 4 dəfədən çox artıb. Həmin tozların, maşınların benzininin, tüstülərin sayı-hesabı yoxdur. Biz bunlarla nəfəs alırıq. İstənilən xəstəlik bizdə baş alıb gedir. Fikir verirsinizsə şəkərli diabetlər, nevrozlar artır. Hamısının ilkin səbəbi ekologiyanın natəmiz olmasıdır. Natəmiz ekologiyada cürbəcür ştammlar “Delta”, “Alfa”, ”Betta” yaranır.
Görürsünüz, daha əvvəl virusun uşaqlara təsirindən söhbət etmirdik. Lakin indi virus onlara da təsir edir. Virusun yeni ştammları yeni silahlardır deyə bilərik. Biz bu sahədə işləyən adamlar olaraq bunları sərbəst görürük. Bakıda maska təkcə virusa görə deyil, ümumiyyətlə, toza görə lazımdır. Yapon variantına keçmək lazımdır. Yaponiyalılar adi günlərdə də maska taxırlar. İmkan daxilində maskalardan istifadə etmək lazımdır. Ştammlar da “silah”ın yeni növləridir. Təsir edə bilmədiyi orqanizmə sanki yeni bir canlı yaradır. Ona görə də deyilir ki, hazırda virusun yeni növləri gənclər arasında daha çox yayılır”.Cebhe.info