Hazırlıq işləri həyata keçirilir

“Qarşıda Mərkəzi Seçki Komissiyası, Dairə Seçki Komissiyaları və Məntəqə Seçki Komissiyalarının yeni tərkibdə formalaşdırıması kimi vacib iş dayanır. Milli İstiqlal Partiyasında buna hazırlıq işləri həyata keçirilir”.

Bu barədə Musavat.com-a Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə məlumat verib.

A.Əlizadə bildirib ki, partiyanın təşkilatları ilə iş aparılır, seçki komissiyalarında AMİP-i təmsil edəcək şəxslər müəyyən edilir:

“Partiyanı seçki komissiyalarında layiqincə təmsil edən şəxslərin siyahısını indidən müəyyənləşdiririk”.

Qeyd edək ki, Seçki Məcəlləsinə görə, MSK 18 üzvdən ibarətdir və Milli Məclis tərəfindən seçilir. MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını (bitərəfləri), 6 üzvü isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.

Dairə Seçki Komissiyaları isə Seçki Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, 9 üzvdən ibarət olmalıdır. Dairə seçki komissiyasının üzvləri MSK tərəfindən təyin edilirlər. 30.3-cü maddəyə görə, dairə seçki komissiyasının 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı, yəni, YAP-ı MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi isə bitərəf deputatları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən təqdim edilir. Dairə seçki komissiyasının üzvlüyünə namizədləri MSK-da siyasi partiyaları təmsil edən komissiyanın üzvlərinə müvafiq siyasi partiyaların yerli təşkilatları da təqdim edə bilərlər. Bitərəf deputatları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən dairə seçki komissiyasına irəli sürülmüş namizədlərin ikisi maraqlı tərəflərlə razılaşdırılır: 1 namizəd deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı MSK-da təmsil edən komissiya üzvləri ilə, digər namizəd deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə.

Məntəqə Seçki Komissiyaları isə Seçki Məcəlləsinin 36.1-ci maddəsinə əsasən, müvafiq dairə seçki komissiyaları tərəfindən 6 üzvdən ibarət tərkibdə təşkil edilir. Komissiyasının iki üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi isə bitərəf deputatları dairə seçki komissiyasında təmsil edən üzvlər tərəfindən təqdim edilir. Həmin namizədlər müvafiq seçki dairəsinin ərazisində daimi yaşayan Azərbaycan vətəndaşları olmalıdırlar.