Hədəf Türkiyədir

ABŞ hökumətinin yaydığl məlumata görə, Pentaqon yük təyyarələrilə çəkinmədən kürd hərbiçilərinə humanitar yardım göstərə bilər, çünki "İslam dövləti” (İŞİD) terror qruplaşması hava hücumundan müdafiə (HHM) vasitələrinə malik deyil. ABŞ Hava Qüvvələrinin Mərkəzi Komandanlığının bəyanatında isə deyilir ki, son günlərdə Birləşmiş Ştatlar tərəfindən İŞİD yaraqlılarının Kobani yaxınlığındakı mövqelərinə endirilən 135 zərbə onların irəliləməsinin zəiflədib və yüzlərlə terrorçunu məhv edib.

Xatırladaq ki, bu ilin sentyabrında ABŞ Hərbi Hava Qüvvələri beş ərəb ölkəsinin dəstəyi ilə İŞİD terror qruplaşmasının Suriyadakı mövqelərinə ilk zərbələr endirib. Bu reydlərdə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Bəhreyn və Qətərin Hərbi Hava Qüvvələri iştirak ediblər. Kürd döyüşçüləri isə artıq bir aydır Kobani şəhərini müdafiə edir. Son məlumatlara görə, İŞİD terror qruplaşmasının şəhərə hücumu başladığı gündən bu yana 650 nəfər həlak olub. 200 minə yaxın dinc sakin qonşu Türkiyəyə qaçıb. Şəhərin ətrafındakı 100-dən çox kənd isə terrorçuların nəzarəti altındadır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə İstanbulda bir açılış mərasimində Kobani hadisələrindən danışıb. Ərdoğan Qərb mediasının ölkəni qaralamağa çalışdığını bildirib: "Türkiyə ətrafında baş verənlərə laqeyd qala bilməz. Fransa səfərimdə Qərb mediasında yalan xəbər və şərhlərlə Türkiyəni qaralamaq üçün cəhdlərin olduğunu gördüm. Bir davranış PYD-ni fərqli istiqamətləndirir. Kobani niyə bu qədər əhəmiyyətlidir? Kobaniyə bu qədər əhəmiyyət verənlər Hələbə niyə əhəmiyyət vermədilər”.
Ərdoğan Xalq Demokratik Partiyası (HDP) və Cümhuriyyət Xalq Rartiyasının (CHP) Kobani ilə bağlı mövqeyini sərt şəkildə tənqid edib. HDP-nin öz tərəfdarlarını küçələrə çıxmağa çağırdığını deyən dövlət başçısı bunun yalnız insanları ölümə verdiyini, Kobani üçün heç nə qazandırmadığını dilə gətirib: "Diqqət edin, oyun içində oyun var. Kobani üzərindən başqa hesablar var. Türkiyə artıq bu oyunlara getməyəcək. Türkiyə hər cür təhdidə qarşı planını hazırlayıb”. "Bütün Türkiyə bunların əsl niyyətlərini anladı. "Kobani” dedilər, amma əslində nə qədər qorxaq olduqlarını göstərdilər. "Kobani” dedilər, getdilər Diyarbəkrdə, Batmanda, Hakkaridə alçaqcasına cinayətlər törətdilər. Təhlükəsizlik güçlərimiz hamısını bir-bir araşdrır. Bunların hamısının cavabı veriləcək”, - deyə Türkiyə prezidenti Kobani hadisələrini bəhanə edərək insanları küçələrə çıxaran məkrli qüvvələri hədəf alıb.

Bəs Qərbin Komaniyə xüsusi diqqət ayrımasının səbəbi nədir? Nə üçün ABŞ və Avropa İttifaqı İraqın 40 faizini ələ keçirən İŞİD-ə qarşı "mübarizə”nin mərkəz nöqtəsi kimi məhz Kobanini seçib?

Siyasi ekspert Əli Orucov bildirdi ki, Qərb və ABŞ-ın İŞİD və kürdlərlə bağlı ssenarisinin hədəfi Türkiyədir. Onun sözlərinə görə, Qərb Türkiyəni əksər müsəlman dünyasında oluğu kimi idarəolunan xaosa və daxili münaqişələrə, silahlı toqquşmalara cəlb etmək istəyir: "Qərb bu məqsədini həyata keçirən alətlərdən istifadə edir. Qərbin Türkiyəyə bir alət kimi istifadə etdiyi PKK da oyunda əsas rol alan oyunçular sırasındadır. Almaniya və İngiltərə bu terror təşkilatına açıq dəstək verir, onları silahlandırır və hərbi təlimlər keçir. Danimarka da artıq bu prosesin aktiv iştirakçısına çevrildi. Ona görə də İslam Dövləti terror təşkilatının İraqda apardığı əməliyyatlar deyil, Kobani diqqət mərkəzinə alınıb. Kobani həm də terrorçuların ələ keçirdikləri ərazilərin birləşdirilməsi üçün vacib nöqtədir. Lakin hesab edirəm ki, Türkiyə sərhədlərində müharibənin və terorçuluğun geniş yayılmasına hələ də Qərb hər vəchlə dəstək verəcək. Türkiyənin də xaosa sürükləndirilməsi ümumilıkdə müsəlman dünyasının tamamilə çökdürülməsi demək olacaq”.