Hər bir partiyanın gücü onun yerli strukturlarının fəaliyyəti ilə ölçülür


Demək olar ki, hər gün dünyada, regionda və Azərbaycanda çox mühüm hadisələr baş verir,
müxtəlif siyasi-ictimai, sosial proseslər yaşanır. Çox hallarda isə dövlətin və millətin gələcəyini
əks etdirən taleyüklü məsələlər gündəmə gətirilir, müzakirə olunur. Baş verən olaylara hakim
partiya təmsilçiləri başda olmaqla, bir çox millət vəkilləri, ekspertlər və ictimaiyyət
nümayəndələri geniş şəkildə münasibət bildirir, müxtəlif rəylər verirlər.

Amma Azərbaycanda fəaliyyət göstərən müxalif partiyalar əksər şəraitlərdə öz susqunluqlarını
qorumağa üstünlük verirlər. Hətta seçki ərəfəsində yaşanan aktivlik istisna olmaqla digər
dönəmlərdə ölkədəki müxalifət qurumlarının fəallığı hiss olunmur. Bunun səbəbini araşdırmaq
üçün bir neçə müxalif təşkilatla əlaqə saxladıq.

Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu bəyan edib ki, seçki dönəmlərində partiyaların fəaliyyəti daha dinamik və mütəşəkkil olur:

"Çünki seçkilər elə bir prosesdir ki, partiyalar həmin marafonda öz gücünü, cəmiyyətdəki yerini, sosial bazasını müəyyən edir. Bu baxımdan partiyaların seçki ərəfəsində fəallıq göstərməsini normal qarşılamaq lazımdır. Seçkilərdən sonra partiya əsasən təşkilatlanma prosesinə üstünlük verir. Əgər siyasi qurumlar seçki aralarında öz gücünü, potensialını qoruyub saxlaya bilməzsə, mühüm proseslərdə
istədikləri nəticəni ala bilməzlər. Ona görə də AMİP partiya olaraq yerli şöbələrin fəaliyyətini
gücləndirməyə və yeni üzvlərin cəlb olunmasına diqqət yetirir. Xüsusən, çalışırıq ki, partiyamıza
gənclər gəlsinlər. Mərkəzi təşkilatın və rayon şöbələrinin effektiv fəaliyyəti, daimi əlaqələrin
formalaşması üçün əlimizdən gələni edirik. Hər bir partiyanın gücü onun yerli strukturlarının
fəaliyyəti ilə ölçülür. O baxımdan tez-tez yerli müşavirələr keçirir, rayon şuralarının üzvləri ilə
görüşlər təşkil edirik. Eyni zamanda ölkədə gedən ictimai-siyasi proseslərə vaxtında münasibət
bildirməyə çalışırıq”.

Ə.Oruclunun sözlərinə görə, AMİP-in beynəlxalq əlaqələri genişdir:

"Partiyamız Beynəlxalq Demokratlar İttifaqının üzvüdür. Bununla yanaşı, Avropa Xalq Partiyası
ilə də yazışmalar aparırıq. Yaxın müddətdə həmin qurumda müşahidəçi statusunda təmsil
olunacağıq. Görəcəyimiz işlər çoxdur. Təbii ki, partiyanın daha yaxşı təbliğ olunması maddi
resurslarla bağlıdır. Təəssüflər olsun ki, AMİP-in maliyyə durumu daha yaxşı işlər görmək üçün
kifayət etmir”.

Məsələ ilə bağlı "Şərq”ə danışan Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu siyasi partiyaların fəaliyyətinin sadəcə seçki ilə məhdudlaşmadığını düşünür. Onun sözlərinə görə, partiyalar bütün dövrlərdə işlək olurlar:

"Hər bir partiyanın əsasını onun ideoloji siyasi xətti təşkil edir. Həmin xəttə uyğun olaraq siyasi
təşkilatlar daim bu və ya digər formada fəaliyyətdə olur, toplumu öz sıralarına cəlb etməyə
çalışırlar. Ən əsası isə hakimiyyət uğrunda mübarizə aparırlar. Əlbəttə, hakimiyyət uğrunda
mübarizə konstitusion çərçivədə, seçki qanunları ilə aparılır. Azərbaycandakı müxalifət
partiyaları da seçkilər arası dövrlərdə müəyyən qədər fəaliyyət göstərirlər. Məsələn,
təşkilatlanma ilə məşğul olurlar, siyasi proseslərə münasibət bildirirlər və s. KXCP olaraq biz də
hər zaman təşkilatlanmaya xüsusi önəm veririk. Ölkənin bütün rayonlarında partiyamızın
şöbələri var. Onların birgə fəaliyyəti isə təşkilatın rəhbərliyi tərəfindən tənzimlənir”.

X.Teyyublu bildirib ki, hər həftə KXCP-nin İdarə Heyətinin iclası keçirilir:

"Həm ölkə daxilində, həm də regionda baş verən prosesləri müzakirə edirik, bəyanatlar veririk. İstənilən məsələyə mövqeyimizi ortaya qoyuruq. "Seçki yoxdursa, partiya fəaliyyətsiz qalmalıdır” yanaşması doğru deyil. Məncə, siyasi partiyalara ümumi baxış dəyişməlidir. Demək olar ki, müxalifət
partiyalarının əksəriyyətinin mərkəzi qərargahları yoxdur. Biz məhdud şəraitdə fəaliyyət
göstəririk. Cəmiyyət siyasətə qarışmaq istəmir, heç bir partiyaya qoşulmağa meyl etmir”.

Funksioner deyib ki, KXCP bütün ölkə müxalifətinin bir araya gəlməsində, birgə mübarizə
aparmasında maraqlıdır və bu istiqamətdə fəaliyyət göstərir:

"Hazırda bir neçə partiyanın təmsil olunduğu "Azadlıq” adlı siyasi partiyaların əməkdaşlıq təşkilatında fəaliyyət göstəririk. Həftədə bir dəfə partiya rəhbərləri toplaşır və bir sıra mühüm məsələləri müzakirə edirlər. KXCP milli birliyin tərəfdarı və avanqardı olaraq hər zaman öz sözünü deyib və bundan sonra da deyəcək”.