Həyat çox qəddardı

Qismətimə düşən yaramı görən,

Niyə yaralanır yaramı görən.

Düşünürəm ki, elə hey yaxşılar gedir. Yediyi çörəyə sayqısızlıq göstərənlər-çörəyini yediyi millətin var-yoxunu sümürüb düşmənlərə pay-püşk edənlər, xərçəng xəstəliyi kimi yurdumuza daraşıb zəli kimi qanımızı soran vicdan dəllalları niyə azalmırlar? Sonra da deyirəm ki, pis kimə lazımdır axı? Görünür, dünyada pislər o qədər çoxdular ki, Cəhənnəmdə yer yoxdu. Ona görə də Tanrı rəzilləri gec aparır...Pis kimə lazımdı axı. Tanrı da yaxşıları seçib aparır yanına.

Qələndər müəllim qəhrəman Tərtərin ziyalılarındandır (onun haqqında keçmiş kimi danışmaq sadəcə olaraq mümkün deyil). Əvvəl şəxsi kitabxana təşkil eləmiş, nadir kitablar, tarixi əsərlər toplanmış, oxucuların istifadəsinə vermişdi. Sonralar tarixi muzey yaratdı. Qədim Tərtərin şərəfli tarixi qədim və çağdaş tarixi barədə əsər yaradırdı, yarımçıq qaldı Tərtərin tarixi axıra çatdıra bilmədi. Qələndər müəllimin ömrü kimi əsəri də yarımçıq qaldı. Özü də gözəl bir əsər idi axı, Tanrının yaratdığı əsər idi...

Məsləkdaş idik onunla-hər ikimiz müəllim idik. Xalq hərəkatı başlananda Tərtərdə Xalq Cəbhəsinin rayon şöbəsinin yaradılmasında başqa vətənpərvər ziyalılarla bərabər böyük fədakarlıqlar göstərənlərin birincilərindən idi...

Mənəviyyat sahibi idi, harda kiminsə hüququ pozulurdusa, harda bir haqsızlıq olurdusa onun etiraz səsi ucalırdı. Azərbaycanımızın saxtakarlıqdan uzaq əsl tarixini öyrədirdi gənclərimizə, riyakarlıqdan uzaq tarixini...

O, qəhrəmanlıqlarla dolu tariximizdən, yaxud, millətimizə edilən haqsız hücumlardan danışanda səsi beşatılan səsi kimi şaqqıldayardı...

Dedik ki onun haqqında keçmiş kimi danışmaq mümkün deyil. Çünki o, özünə əbədi bir heykəl qoymuşdur. Əbədiyaşar bir heykəl. O, Azərbaycanın müstəqillik tarixinin ən yeni dövrünə, kişilik, mərdlik tariximizə öz adını yazmışdır. Həm də elə yazıb ki, onu ordan silmək mümkün deyil. onun haqqında hələ çox yazılacaq, çox danışılacaq. Hələlik biz bir neçə bayatı ilə fikrimizi tamamlayaq:

Gəzirəm özgə bağlar,

Dərd verir özgə bağlar

Əzizlərim hardadı,

Yaramı özgə bağlar.

Çox yığıb dərdi yaram,

Qorxuram dərdi yaram

Bil ki, ən ağır dərdi

Dərdindən dərdi yaram

Gedən, yarım, canımdı,

Gedən yarım, canımdı

Canımdan can gedibdi,

Qalan yarımcanımdı.

Yükləndim özgə dərdi,

Görmədim özgə dərdi

Öz dərdimi unutdum,

Ömrümü özgə dərdi.

Allah rəhmət eləsin!

Yaxınlarına onu sevənlərərin hamısına, çox sevdiyi Vətəninə və millətinə dərin hüzünlə baş sağlığı verirəm.