Həyat ideyalarla addımlayır

                     Arçutlu (Ardıclı) gənclərin inkişaf konsepsiyası 

    İkinci yazı           
            Arçutlu gənclərin inkişaf konsepsiyalarının əsasları

        Gəncliyin avanqardı, qazancı onun ideyalarından sıx asılıdır. İdeyaların tətbiqi fiziki və material  aləmi yönləndirir.  Gənc düşünür, yeni-yeni törəmə ideyalarla çıxış edir. İdeyaları cəmləşdirir, sistemləşdirir və həyatın axarına çevirir. İdeyalar baza və törəmə xassələrini özündə əks etdirir. İnkişaf prosesləri zaman-zaman törəmə ideyaları baza ideyalara çevirir.  Gənc öz yaradıcılığı və quruculuğunu   ideyaları üzərində reallaşdırmağa çalışır. Rasional, həyata ciddi baxışları özündə ehtiva edən ideyalar həyatın özünün strateji və taktiki təminatı üçün mühüm rol oynayır. Gəncin ideyaları şablonları inkar edir, yeni strukturlaşmanı özündə ehtiva edir.  Nəsilləri əvəzləyən Arçut gəncliyi keçmişi birdəfəlik silmək istəyində olmayıb  və indi də  buna çalışmır. Əksinə, keçmişi baza və fundament bilir, yeni strukturlaşmanı də baza üzərində qurur.  Keçmiş bazadan qıdalanır. Məsələn, adət-ənənələr, ictimai vərdişlər irsi bir xətdir, dəyərdir. Adət-ənənələrdən imtina tarixdən, cəmiyyətin keçmiş dəyərlərindən imtina deməkdir. Buna yol vermək olmaz. Keçmişin unudulması, təhrif olunması yeni inkişaf konsepsiyasını baza etibarilə yararsız edər. Bu yöndə gələcək xətlər, ideya qovşaqları özündə tarixi aspektləri də əks etdirməlidir. Bazanın qorunmas yenilik üçün şərtdir və asan ideyaların ayaq tutub yeriməsinə zəmin yaradacaq. Qeyd: XX əsrin ortalarında Arçut gəncliyinin parlaq nümayəndələrindən biri olmuş, alim Yusif Xıdır oğlu Qazıyev kənd haqqında əhatəli kitablar yazmış və kəndin mədəni-sosial, təhsil və elm həyatını, təmsilçilərini əsərlərində qeyd etmişdir. Bununla da kəndin tarixini indiki və gələcək nəsillərə çatdırmaq missiyasını yerinə yetirmişdir. XX əsrin 70-80-ci illərində Arçutun gəncliyini təmsil etmiş şəxslərdən biri olan, memar Şakir İbrahimxəlil oğlu Məmmədov hal-hazırda “Arçut ziyalıları konsepsiyası”nın icrasını həyata keçirir və bir tərəfdən keçmiş ziyalıları indiki nəslə təqdim edir, digər tərəfdən də mövcud ziyalı irsinin fəaliyyətini araşdırır  və bununla da gələcək üçün irs yaradır.  Ötən əsrin 80-90-cı illərinin gəncliyinin parlaq nümayəndələrindən biri olan şair İbrahim Dağlaroğlu  şeirlərində öz doğma Arçut kəndini daha çox tərənnüm edir. Həmçinin şairlərdən Həmid Qəhrəmanoğlu və Şükurət Eminov ötən əsrin 60-80-ci illərinin  kənd gəncliyinin parlaq nümayəndələri olaraq yaradıcılıqlarında kəndə də böyük yer ayırırlar. Həmin dövrün gənclərinin nümayəndələrindən bir olan, tarix müəllimi  Səyyad Rəfiyev öz doğma yurduna sevgidən irəli gələrək, kənd ota məktəbində tarix diyarşünaslıq muzeyi yaratmışdı. Deportasiya zamanı muzey eksponatlarından Bakı şəhərinə gətirərək, işlədiyi orta məktəbdə də eyni muzeyi təşkil etmişdir. Gəncliyin vaxtil gördüyü işlərə dair nümunələr olduqca çoxluq təşkil edir və müxtəlif sahələri əhatə edir.  
          Arçutlu gənclərin baza ideyalarının ilkin şərti  kəndin özünü, keçmişini, indiki mövcudluğunu qoruyub saxlamaq və sağlam şəkildə gələcəyə ötürməkdən ibarətdir. Sağlam estafeti ötürmək həm vəzifə, həm də şərəfdir. Ümumiyyətlə, inkişafa yönəlik  ideyalar özlüyündə həyatı prinsipləri əks etdirməli və doğmalıq ruhunu daşımalıdır. Belə ideyalara aid etmək olar:
     Arçut  gənclərinin  əsas  şüarları
       “Arçutumuzu heç kəsə verə bilmərik; çünki, O, bizim Ardıcımızdır! Böyüklərimiz ağacları əmanət qoyub gəliblər. Biz  geriyə dönüb  onları  öz  əllərimizlə sulamalıyıq!”
        “Allah  əcdadlarımıza rəhmət eləsin! Öz doğma Arçut kəndlərinin Ardıc ağacı mənasını heç zaman erməninin öz dilində səsləndirdiyi ayı yozumuna təslim etməyiblər! Deməli, ulu kəndimiz mübariz və vətənpərvər olub!  Biz  o yolun  davamçılarıyıq!”
         Qeyd: Görünür ki, ideyalar ümumiləşdiricidir. Baza hədəfdə qürbətdə qalan  kəndin düşüncələrdə və qəlblərdə yaşadılmasını  şərtləndirir. Bu gün Arçutəsilli gənclər öz şərfəli keçmişləri ilə qürur duyurlar və tarixi öyrənərək  irsi ənənəni layiqincə davam etdirirlər. Məsələn, kənd əsilli rəssam Zeynəb Elşən qızı Nəsibli (Zeynəb Ardıc)  öz yaradıcılığında ulu kəndini  də unutmur. 2023-cü ildə çəkdiyi və “Arçut peyzajı” adlandırdığı rəsm əsərini öz kəndinə hədiyyə etmişdir. Eynilə, Arçut əsilli daha bir gənc Fərid Əli oğlu Oruclu tibbi həkim kimi yetişmiş, ali təhsil almış və indi öz əməli-praktiki fəaliyyəti ilə kənd gəncliyinin  nümunəsini yaratmışdır.  O, Arçutda ötən əsrin ortalarından formalaşmağa  başlayan rasional tibbin parlaq davamçılarından birinə çevrilməkdədir. 
             “Gəncliyin  ruhu  saf, əməli  salehdir. Uşaq, yeniyetmə və gənclərə önəm vermək, onlara yön  göstərmək, yardım  etmək  müqəddəs  və bəşəri  vəzifədir, öhdəlik  və məsuliyyətdir. Gənc –tarixi keçmişin, dünənin, bu günün  və sabahın sələfi və xələfidir.  İrsi daşıyan bağlayıcı  bənddir, körpüdür. Buna gör də insanlığın mərkəzində qərarlaşan  avanqard  gücdür, qüvvədir!  Gənclərdən  yararlanmaq, onların potensialına arxalanmaq lazımdır. Gənclik  həyatın, cəmiyyətin  inkişaf  konsepsiyasının  mütəhərrikidir!”
            “Arçutlu  gənclər  dəyərli  irsdir. Onlar müqəddəs və ulu  kəndin,  ana  Vətənin  dayağıdır. Onlar yaddaşları qoruyan, təzələyən   və  irsən ötürən varisdirlər, estafeti daşıyandırlar!  Zamanları bağlayan tellərdir,  ötürücü  körpülərdir. Arçutlu  gənclər cəmiyyətin  inkişafını  çiyinlərində və ruhlarında  daşıyan və  nəhəng  potensiala  sahib  olan  böyük  bir komandadır, ordudur. Onlar Arçut  mirasının  daşıyıcıları, bu  yolda  inanılacaq, güvəniləcək   ən  böyük  kəmiyyət  və  keyfiyyət  qüvvələridir! Arçutlu gənclər kəndin  əbədi yaddaşının  məbədidir!”                     
            Arçutlu (Arçutda doğulan, boya-başa çatan)  həmçinin Arçut (valideynləri Arçut kəndindən olan)  əsilli  gənclərin inkişaf konsepsiyaları retrospektiv (geriyə baxış) və perspektiv (gələcəyə baxış) ideyaların sintezindən ibarətdir. Mövcud zaman isə bu iki mərhələni bir-birinə bağlayır. Zaman trayektoriyasında həyat keçmişdən gələcəyə doğru axın edir, elementlərin passivlikdən aktivliyə keçidi yaşanır. Bu keçid və müəyyənlik, aktivlik yeni-yeni dəyərləri özündə əks etdirir. Dəyərlər də inkişaf dalğasını yaradır.  Gənclər bu inkişaf xəttində  öz əcdadlarını axtarmalı və sağlam gələcək qurmaq üçün keçmişini bilməlidirlər. Onlar bu biliklər üzərindən özlərini dərk etməlidirlər və gələcək inkişaf istiqamətlərini keçmişin dəyərlərinə bağlamalıdırlar. Keçmişin dəyərləri itki kimi qəbul edilməməli, əksinə mövcud  və gələcək zaman üçün baza elementlər toplusu rolunu oynamalıdır. Gənc fikirləşməlidir ki, keçmişdən nəticə çıxarmaqla mövcud həyatını mənalı etməli və perspektiv layihələr, planlar üzərində işləməlidir.
           Gənclik mövzusu qanunvericiliyin, o cümlədən dövlət proqramlarının, strategiya və konsepsiyalarının əsaslarından birini təşkil edir. Bu yöndə    “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda gənclərin vəzifələri ilə bağlı maraqlı fikirlər yer alır. Onların proseslərin önündə olması, tarixən və indiki zamanda ölkənin ictimai-siyasi, sosial-iqtisadi, və mədəni həyatında fəal rolları  vurğulanır. Gənclərin mədəniyyətlərarası  dialoqun aparılmasında, beynəlxalq əməkdaşlığın inkişafında fəallıqları qeyd edilir. Sənədə əsasən, Azərbaycan gəncliyinin çağırış və hədəfləri  ümumbəşəri və daxilidir. Ümumbəşəri çağırış və hədəflər qoloballaşma ilə əlaqəlidir. Bura aid olunur: gənclərin ümumbəşəri dəyərlərə yiyələnməsi; informasiya cəmiyyətini yaşatmaq bacarıqlarının artırılması; müxtəlif ölkələrin gəncləri ilə dostluq və əməkdaşlıq münasibətlərinin yaradılması; beynəlxalq gənclər hərəkatında iştirak. Daxili çağırış və hədəflərə isə bunlar aid edilir: ictimai əmin-amanlığı təmin etmək məqsədilə mövcud sosial-iqtisadi imkanlardan gənclərin potensialını gücləndirmək, cavabdehliyini yüksəltmək üçün səmərəli istifadə olunmaq; vətənpərvərlik tərbiyəsi işini gücləndirmək. Strategiyanın baza məqsədləri içərisində gənclərin potensialından ölkənin mənafeyi üçün istifadə olunması məsələsi yer alır.   
          XX əsrin ikinci yarısında Arçut kəndində gənclərin bütün  mümkün sahələrdə iştirakı təbliğ və təşviq edilirdi. Gənclərin elm və təsərrüfat həyatı mətbuatın, televiziyanın başlıca mövzusuna çevrilmişdi.    Arçutlu Şura Dilbazov   “Sovet Ermənistanı” qəzetinin 15 may 1986-cı il tarixli sayındakı  “Gənc çoban” başlıqlı məqaləsində yazırdı: “Məhəbbət Xəlilovun işə başladığı ilk gündən üç il keçir. Bu qısa  müddətdə  O, öz bacarığı və əməksevərliyi ilə hamının hörmətini qazanmışdır. Ötən il gənc çoban öhdəsində olan sürünü gümrah bəsləmiş, hər qoyundan planla nəzərdə tutulduğundan 300 qram çox yun qırxmağa nail olmuşdur. Komsomolçu çoban cari ilə daha uğurla başlamışdır. O, bəslədiyi 392 baş ana qoyundan eyni sayda sağlam və gümrah quzu almışdır. Bu rəqəm təsərrüfatda ən yüksək göstəricilərdəndir. Məhəbbətin bəslədiyi qoyunlar öz gümrahlığı ilə də diqqəti cəlb edir. Bu il o, hər qoyundan əlavə olaraq 500 qram yun qırxmağı vəd etmişdir. Gənc çoban təcrübəli peşə sahiblərinin yaxın dostudur. O, tez-tez qabaqcıl çobanların yanında olur,  yem təcrübəsini öyrənmək üçün böyük səy göstərir, faydalı məsləhətlər alır. M.Xəlilov həm də fəal ictimaiyyətçidir, kənd Sovetinin deputatıdır. Xalq elçisi kimi də onun barəsində razılıqla söhbət açırlar. El tərifi, el qiyməti gənc çobanı daha böyük ruh yüksəkliyi və həvəslə işləməyə səsləyir”. 
         Müəllif burada XX əsrin 80-ci illərinin gənclik konsepsiyasının əsaslarından birinə toxunur. Kənd gənclərinin kənd təsərrüfatının inkişafına olan meylini göstərir. Kənd təsərrüfatından ümumi, ictimai qazanclar əsasdır. Dövlətin, onun sovxozunun varlı olması, gəlirlə işləməsi o dövrkü kənd gənclərinin əsas əmək  prinsiplərindən və prioritetlərindən sayılırdı.
          Həyat ideyalarla addımlayır. İdeyalar istəkləri, arzuları özündə daşyan yollardır, düşüncələrdir.    Kəndin qədim tarixi onda olan ənənələrin, vərdişlərin, həyata və təsərrüfata bağlılığın da əsaslarını özündə ehtiva edir. 
          Kəndin tarixi çox qədimdir. XVI əsr Osmanlı mənbələrində Güneyli Arçut Yenicə, Güney Pəmbəkdə Erçud kimi qeyd olunur.   Arçutlu gənclərin inkişaf konsepsiyaları, yəni inkişaf yollarının, üsullarının, metodlarının, fəaliyyət, hərəkət variantlarının sistemli, mexanizmli və strukturlu  ideoloji əsasları,  normalara salınmış, standart formula və proqram, eləcə də  strategiya əsaslı   nəzəri müddəaları, fəlsəfi düşüncə prinsipləri  başlıca olaraq, həm də şərti qeyd etməklə,   iki mühüm mərhələni özündə ehtiva edir: birincisi, 1988-ci ilin dekabr ayına qədərki mərhələni; ikincisi, 1988-ci ilin dekabr ayından 2026-ci il də daxil olmaqla, əhatə olunan dövrü. Konsepsiya qanunauyğunluq kəsb edən nəzəri və təcrübi ideya və bilikləri, nailiyyətləri özündə ehtiva edir.  Konsepsiyanın əsasları gerçəkliklərdən törəyən  ideyalardan və reallıqlara tətbiq olunan düşüncələrdən  ibarətdir. Bu baxımdan trayektorik məzmunda hər iki halda ortaya atılan ideya, təklif və təşəbbüs bir-birini şərtləndirir.  Etiraf etmək lazımdır ki, Arçut gəncləri   bütün bu dövr ərzində ideya və təcrübi əməllərlə  artan templə yüksək səviyyədə inkişaf ediblər. Həm özlərini inkişaf etdiriblər, həm də əməlləri ilə cəmiyyətin tərəqqisini təmin ediblər.  Onlar cəmiyyətdən qazandıqlarını  həm özlərində saxlayıblar, özlərini zənginləşdiriblər, həm də  cəmiyyətin özünə ötürüblər. Bu mübadilədən digərləri də qazanıblar. Passiv elementləri daha çox aktiv fazaya keçiriblər. Bu üsulla da inkişafa məruz qalıblar.  Arçut gəncləri dünyəvi ruhda böyüyərək orta, orta ixtisas  və ali məktəblərdə dünyəvi biliklərə yiyələniblər. İnkişafın əsasını maariflənməkdə, biliklər qazanmaqda, dünyanı əhatəli dərk etməkdə görüblər. Hadisələrə rasional, gerçək və dərin mahiyyəti üzrə baxmaq gənclərin prosesləri yüksək dərk etmək, tam təfsilatı ilə anlamaq məqsədlərindən və istəklərindən meydana gəlib. Rasional idrak, dünyəvi baxışlar və əməllər yeniyetmə və gənclərin nadanlıq, xurafat, mövhumat kimi qaranlıqlardan işıqlığa keçidini təmin edib. Bu baxımdan da dünyəvi bilik qazanmaq uğrunda sözün əsil mənasında marafon yarışı  keçirilib. Qeyd: Arçut kənd orta məktəbində əlaçı şagirdlər arasında müxtəlif fənlər üzrə sual-cavab tərtib etməklə bilik yarışmaları təşkil edirdilər. Əlaçı oxuyanların adları məşhurlaşdırılırdı. Onlara cəmiyyətdə böyük hörmət göstərilirdi.  Onlar həvəsə gətirilirdilər.   Həmçinin  qazandıqlarını da kəndə cəmiyyətə və xalqa ötürüblər.  Bu gün də bu proses davam etməkdədir.  Zamanla ayaqlaşmaq və zamana öz töhfəsini vermək Arçut gənclərinin vəzifəsini müəyyən edən  ümdə prinsipləri özündə ehtiva edib. Onlar sözün əsil mənasında zamanlar arasında körpü yaratmaq qabiliyyətlərini, keçmişin, bu günün  dəyərlərini gələcəyə ötürmək funksiyasını həyata keçirirlər. Gənclərin inkişafı onların ardıcıl qaydada əlaqə yaratmaları əsasında mövcud olub və öz artan tempini qoruyub saxlayıb. Əlaqələrin əsas mövzusu, əsas müzakirə mərkəzini yaradan amili elm, bilik, mədəniyyət, ədəbiyyat, incəsənət,   idman, əyləncə və digər  bu kimi amillərdən ibarət olub. Elm və təhsil yolu ilə dərketmə arealını genişləndirmək və həyata aydın, ziyalı təfəkkürlə baxmaq, irfan (böyük və əhatəli bilik) qazanmaq gəncləri kitaba, qəzet və jurnallara bağlayan amilləri özündə ehtiva edir.  Gənclər mədəniyyət içərisində (erməni mədəniyyəti)  mədəniyyəti qoruyub saxlayaraq öz milli  irslərinə layiqincə sahib çıxmağı bacarıblar. Dünya mədəniyyətinə yiyələnmək və ədəbiyyatını mənimsəmək, öyrənmək gənclərin ümdə vəzifələrinə aid olub.  “Evində kimin daha çox kitabı var”,  şüarı əksər gənclərin polemika mövzusu olub və gənclər daim  öz şəxsi kitabxanaları ilə fəxr ediblər.  Arçut kəndində evlərdə kitab rəfləri və kimin daha çox kitab oxuması bir dəb halını alıb. İftixar hissinin, şərəf duyğusunun  əsas predmeti olub. XX əsrdə gənclər öz dünyagörüşlərinin artmasında fəallıq nümayiş etdiriblər. 
          Gənclər hələ kənddə ikən kəndin adına xidmət edərək, adın şərəfini və ləyaqətini qoruyublar. Erməni xalqının içində öz milli mədəniyyətlərini təbliğ və təşviq ediblər. Bununla da bir güclü potensiala sahib olan kənd kimi  ermənilərin diqqətini çəkib.  Qeyd: uşaqlar, yeniyetmə və gənclər  orta məktəbdə və mədəniyyət klubunda müxtəlif dərnəklər təşkil edirdilər. Əsərləri, pyesləri tamaşaya qoyurdular. Bununla da milliliyi qoruyub saxlayırdılar.  Eyni zamanda fənn dərnəkləri də var idi. Məsələn, kənd ota məktəbində müəllim işləmiş Mamed Çəltikov kimya fənnindən dərnək təşkil etmişdi. Müəyyən mövqelər qazanaraq elmi, ictimai və sosial  statuslar əldə ediblər. Arçut gənclərinin ideyaları daim onların mənəvi aləmlərinin zənginləşməsinə xidmət edib və gənclər öz bəşəri ideyalarından zövq alıblar və mənalar aşkarlayıblar. Həyatı öz gerçəkliyi ilə mənalı yaşamaq bir şərt olub və gənclik bundan zövq alıb. Qeyd olunduğu kimi, gənclər öz mədəniyyətləri ilə yanaşı, erməni xalqının da mədəniyyəti ilə yaxından tanış olublar və erməni dilini  yaxşı öyrənməyə çalışıblar. Qeyd: Arçutlu Şura Dilbazov erməni dili mütəxəssisi kimi yetişmişdi.    Arçut gəncləri İrəvan şəhərində ali və orta ixtisas  təhsil alıblar və işləyiblər. Burada erməni dilini yaxından mənimsəyiblər. Erməni cəmiyyətinə aktiv inteqrasiya olunmaq strategiyasını seçiblər. Eynilə də keçmiş SSRİ-nin müxtəlif yerlərində yüksək mövqelər tutmaq məqsədilə rus dilini dərindən mənimsəyiblər. Hərbi xidmət zamanı rus dilinin öyrəniməsini praktiki olaraq məqsəd kimi qarşıya qoyublar. Bu da gənclərə rusdilli cəmiyyətlərə aktiv inteqrasiyanı təmin edib. Arçut gəncləri Rusiyanın müxtəlif bölgələrində tikinti, istehsalat və ticarət sahələrində müəyyən mövqelər qazana biliblər.    
             İnkişaf konsepsiyası dedikdə,  inkişafı, yəni yenilikləri,  tərəqqini, çiçəklənməni, mühit dəyişmələrini şərtləndirən, proseslərə yön verən, axarları tənzim edən, axarların, cərəyanların, proseslərin forma və məzmununu müəyyən edən    fikirlərin, düşüncələrin, vəzifə və funksiyaların, amalların, məqsədlərin, iradə və məsləklərin, ümumiyyətlə, inkişafa əsaslanan, inkişafdan törəyən, səbəb və nəticələri özündə ehtiva edən rasional əsaslı mürəkkəb və sadə ideyaların məcmusu kimi başa düşülə bilər. İdeyaların antologiyası (məcmusu) müəyyən sahələri və mərhələni əhatə edən inkişaf konsepsiyasının əsaslarını özündə ehtiva edir.   Rasional əqli duyğu ilə birləşdirmək, duyğuları əqlə tabe etdirmək əsas xətt olub. Ağıl və duyğunun vəhdəti sintezi həyatı mənalı edir.  İnkişaf müstəvi üzrə əhatələnən prosesləri, cərəyanları və axarları özündə xassələndirir. İnkişaf proseslərin sistemli qaydada dövri olaraq və ardıcıl hadisələrlə xassələnən təzahürüdür, gerçəkliyidir. İnkişaf müəyyən formulaların, standartların, etalonların hadisələrə tətbiqi sayəsində meydana gələn zəncirvari və bu yöndə şərtləndirici proseslərin məcmusudur.  Arçutun inkişaf prosesləri ümumölkə üzrə inkişaf axarlarının tərkibindən faydalanıb. Proseslərdə baza üzərində yeni elementlərin meydana gəlməsi bir qanunauyğunluqdur. İnkişaf prosesləri nəzəri konsepsiyalarda, müddəalarda, norma və qaydalarda konstruktiv formada və bağlayıcı mahiyyətdə, harmonik  və uyğunlaşdırıcı əsaslarda  öz əksini tapır. 
             İnkişaf konsepsiyası çox geniş anlayışdır və özündə tərkibi zəngin olan bütöv və vahid, ümumi və tərkib  müstəvilərini  ehtiva edir.  İnkişaf konsepsiyası tərkibində strateji (yaxın və uzaq zamanların hədəfinə yönələn)  və taktiki-cari məsələləri əks etdirir, nəzəri əsaslarını ehtiva edir.  İnkişaf cəmiyyətin, dövlətin bütün sahələrini əhatə edən şaxəli prosesdir və ətrafa və dərinə doğru müstəvi üzrə yayılır.   Dairəvi müstəvidə üfiqi və şaquli trayektoriya üzrə şaxələnir.  Arçut gəncləri də  kənddə olduqları, böyüyüb başa çatdıqları dövrdə inkişafın bütün modellərini mənimsəmək və tətbiq etmək strategiyasını seçirdilər. Bu prosesin forma baxımından xarakterik cəhəti ondan ibarətdir ki, onda  iştirak edən, onun tərkibini təşkil edən elementlər ilk növbədə çoxluq təşkil edir, sonra da şərtləndirici, təkanverici əsaslarla müəyyən xətlərə düzülür. Bu düzülmə özlüyündə enerji axınını yaradır. Enerji axınının  tərkibi, daxili, forması elə əslində inkişafın özünü meydana gətirir. İnkişaf bu yöndə gerçəklik yaradan, mövcud gerçəkliklərə aktivlik əlavə edən, axarda elementləri gücləndirən, tərkibcə artıran elementlər topasının təzahürüdür. Bu axın təbii ki, müstəvi dəyişikliyini meydana gətirir. İnkişaf konsepsiyasının məqsədi prosesləri diqqətdə saxlamaqdan, müşahidə etməkdən və təhlilini həyata keçirməkdən, həmçinin proseslərin nəzəri əsaslarını vahid mərkəzlərə cəlb etməkdən  ibarətdir.  Konsepsiya bu baxımdan öyrənilən və öyrədilən prinsiplərin və əsasların məcmusunu özündə təsbit edir. Konsepsiya mexanizmləri və standartları, sistem və qaydaları özündə cəmləşdirən bir anlayışdır. Konsepsiyanın tərkib elementlərinə inkişaf proseslərində iştirak edən hissəciklər və hissələr aiddir. Konsepsiyaya dövlət qanunvericliyi, qanunlar və digər aktlar, o cümlədən inkişaf proqramları, fəaliyyət planları, doktrinalar, strategiyalar və digər  strateji sənədlər aiddir.  (Qeyd: Ardıc gənclərinin rəhbər ideyaları daim oxşar olub, yaxın mənalar kəsb edib. Norma və qaydalar bir-birini şərtləndirib və şaxələndirib. İnkişaf konepsiyasının tərkibini təşkil edən sahələr və istiqamətlər sosial, siyasi, mədəni, elmi-texniki və təsərrüfat sahələrini əhatə edib).  Konsepsiyalarda inkişaf meyarları, axınlar, hərəkət sahələri və istiqamətləri, şərtləri, cəzbedici əsasları  öz əksini tapır. Konsepsiyalar vahid tətbiq standartları olaraq layihələr şəkilində əks olunur. (Qeyd: bu yöndə “ARDIC”  Hərəkatının gələcək inkişaf konsepsiyası əksər Ardıc gəncləri üçün qəbuledilən ola bilər. Hərəkatın konsepsiyası gələcək fəaliyyət istiqamətləri üçün  nəzəri baza rolunu oynaya bilər). Cəmiyyətin inkişaf konsepsiyalarına, yəni lahiyələrinə, qanunvericilik aktlarına, tədbirlər proqramına onun bütün sahələrinin cəm halda nəzəri inkişaf şərtləri daxil olur. Sosial inkişaf proqramlarına insanların sosial rifah halının yaxşılaşdırılması istiqamətlərində atılacaq addımların əsasları daxil edilir. Bu yöndə konsepsiyalarda baxışlar, mövqelər, statuslar, təşəbbüslər, təkliflər  və digər formalı  fikirlər, bu baxımdan  tezislər  öz əksini tapır. Təbii ki, cəmiyyətin sosial təbəqələrə bölünməsi onu deməyə əsas verir ki, ümumi və fərdi, məxsusi, çərçivə formalı  inkişaf konsepsiyaları hazırlansın. Onu da nəzərə almaq lazımdır ki, bütün konsepsiyalar elmi əsaslara söykənir və bazisləri özündə əks etdirən rasional sənədlər rolunu oynayır. Ciddi addımları və qərarları özündə ehtiav edir.  İnkişaf konsepsiyaları proseslərin artan tempini zamanla müəyyən edir, müşahidə altında saxlayır.  
             Gənclərin inkişaf konsepsiyası dedikdə,  gənclik yaradıcılığının və quruculuğunun genişlənməsindən ibarət olan proseslər məcmusunun nəzəri müddəalarının normalarla əks olunduğu məcmu  və vahid vasitə başa düşülə bilər. Bu konsepsiyalarda gənclik ruhunu ifadə edən tezislər toplanır. Bu konsepsiyalarda əks olunan müddəalarda  bioloji və maddi  xarakter ondan ibarətdir ki, bütün normalar gəncliyə istinadən, gəncliyi təmin edən, onların tələbat və ehtiyaclarını təmin edən  əsaslarda əks olunur. Gənclik psixikası, gənclik ruhu konsepsiyanın məğzini təşkil edir. Arçutun yeniyetmə və gənclərinin inkişaf konsepsiyası ümumölkə modellərini özündə ehtiva edib. Siyasi və ictimai modellərin tətbiqini, nəzəri mahiyyətini özündə ehtiva edib, mahiyyətində gəzdirib.   
           Konsepsiya informasiyalardan təşkil olunur. Ardıc gəncləri öz mədəni irslərinə dair məlumatları toplayaraq, bu məlumatların daşıdığı irsi dəyərlərdən faydalanaraq, məlumatlardan dərs götürərək, nəticələr çıxardaraq öz həyatlarını təşkil etmişlər və bu gün də bu proses davam etməkdədir.  İndiki zamanda Ardıc gənclərinin başlıca məqsədi keçmiş gəncləri təqlid etmək, onların rasional məzmunlu yolları ilə getməkdən ibarətdir. Vəzifələrin, məqsədlərin tarixin axarı boyu uyğunlaşdırılması prinsipiallıqdan ibarətdir.    
            Ardıclı (Arçutlu) gənclərin inkişaf konsepsiyalarını  əvvəlcə də qeyd olunduğu kimi,  nəzəri baxımdan tarixi nöqteyi-nəzərdən, xronoloji ardıcıllığın sistemləşdirilməsinə görə,    bir neçə mərhələyə, dövrə  bölmək olar. Konsepsiya bir-birini tamamlayan və əvəzləyən inkişaf dalğaları hesabına genişlənməyə başladı. Bu baxımdan da özündə dövrü dəyişikliyi əks etdirən tarixi mərhələləri daşıdı.  XX əsrdə bu bölgünü müasir  inkişaf tempinə və tendensiyalarına  görə daha çox əsrin ortalarından sonrakı mərhələlərə ayırmaq olar. Çünki gəncliyin dirçəlişi başlıca olaraq II Dünya Müharibəsindən sonrakı dövrə təsadüf edir.  Elmi biliklərin sürətli qazanılması və həyata tətbiqi inkişaf dalğalarını şərtləndirdi. 
             Arçut gəncliyi İkinci Dünya Müharibəsində həvəslə, böyük ruh yüksəkliyi ilə Vətənin müdafiəsinə qoşulmuşdu. Müharibə böyük itki hesabına başa gəlsə də sonrakı adımlar konsepsiyaların sayını artırdı. 
             Arçutda müasir gənclik, dünyəvi ruhlu gənc təbəqə  öz inkişaf çağına əsasən XX əsrin 60-80-ci illərində çatmışdı. Belə ki, maariflənmə proseslərinin sürəti, dünyəvi biliklərin əldə edilməsi, sistemli elmi  biliklərin qazanılması özlüyündə gənclərin inkişafını şərtləndirdi. Gənclərin oyanış, dirçəliş, tərəqqi dövrünə qədəm qoymalarına səbəb verdi.  Cəmiyyətdə, ölkədə baş verən sürətli yaradıcılıq və  quruculuq işləri, axınlar, inkişaf dalğaları, cərəyanlar  bütün ölkə gəncliyi ilə yanaşı, Arçut gəncliyini də öz ağuşuna aldı.  Arçut gəncliyi zamanın postulatları ilə ayaqlaşmaq zərurəti ilə üzləşdi. Bu yöndə Arçut gəncliyi də axına qoşularaq öz töhfələrini bəxş etməyə başladı. XX əsrin maariflənmə prosesi kəndin uşaq, yeniyetmə və gənclərinin dünyəvi ruhda böyüməsinə, tərbiyə olunmasına rəvac verdi və müvafiq  şəraitləri, standartları və şərtləri  meydana gətirdi. Kəndin dünyəvi təhsil verən orta məktəbi XX əsrin 60-80-ci illərində yetişməkdə olan gənc mütəxəssis və kadrların hesabına  zənginləşdi, bazanı gücləndirdi. Öz tədris potensialını böyütdü. Gənc kadrlar hesabına Arçut kənd orta məktəbi regionda qabaqcıl  bir tədris mərkəzinə çevrildi. (Qeyd: eriraf etmək lazımdır ki, qloballaşan müasir dünyamızda Arçut irsi layiqincə iştirak edə bilir. Düşünən şəxslərin sayı üstünlük təşkil etməkdədir. “Arçut fəlsəfi akademiyası” formalaşmaqdadır. Məsələn, kənd orta məktəbinin məzunu olmuş  və müxtəlif yüksək səviyyəli vəzifələrdə çalışmış  Əflatun Məsim oğlu Məmmədov hal-hazıda özünün poetik-fəlsəfi düşüncələri ilə cəmiyyətdə fəal iştirak etməkdədir. Eləcə də Malik Mövlud oğlu Süleymanov fəlsəfəşünas kimi özünün mütərəqqi baxışlarını formalaşdırmaqdadır).   Orta məktəbin mərkəzə çevrilməsi hesabına   kənd bir tərəfdən gənc, cavan mütəxəssislərlə zənginləşdi, digər tərəfdən də ali və orta ixtisas təhsili alan  və yetişən gənclərin, müəllim kadrların  kəndə qayıdışı hesabına təhsil və maariflənmə sürətlə inkişaf etdi. Bu istiqamətdə 1960-80-ci illərdə ali təhsil alıb qayıdaraq  kənd orta məktəbində müəllim kimi çalışan şəxslərin  böyük bir ordusu yarandı.  Demək olar ki, bütün fənlər üzrə mütəxəssis təminatı həyata keçirildi. 
             Gənclərin inkişaf konsepsiyalarına, ideyalar antologiyasına  aid olan müasir norma və standartlar çoxaldı. Dünyəvi və müasir proseslərin zənginləşməsi gənclər üçün yeni açılım, dünyaya yeni baxış tələblərini ortaya qoydu.   Orta məktəb çoxlu sahələr üzrə dünyəvi kadrların yetişməsində mühüm bir baza, tədris, təlim –tərbiyə  mərkəzi rolunu oynadı. Gənclərin diqqəti məktəbə yönəldi. Məktəb bir konsepsiya bazası rolunu oynamağa başladı.  Ölkənin və cəmiyyətin dünyəvi əxlaq, təlim-tərbiyə  kodeksi məktəb və maariflənmiş ailələr tərəfindən uşaqlarına ötürüldü. . Bununla da dünyaya gözüaçıq şəkildə  baxan gənclərin sayı çoxalmağa başladı. Gəncləri rasional təfəkkür, dünyəvi baxışlar öz ağuşuna aldı.   Yetişməkdə olan müasir gənclik keçmiş SSRİ-nin müxtəlif diyarlarına səpələndi və bu amil də gənclərin dünyaya açıq baxışlarını şərtləndirdi. (Qeyd: 1959-cu ildə Arçut orta məktəbinin məzunu Məmməd Məmmədov  gümüş medala layiq görüldü və bununla da  məktəbin ilk medalçısı oldu.  O, öz ardıncda daha bir neçə nəfər medalçını gətirdi. İlk medal stimula çevrildi. 1988-ci ilə qədər orta məktəbi üç nəfər: Sədi Qurbanov, İlham Əliyev və Sevinc Binnətova- qızıl medalla bitirdi).  
          Ölkədə məkanın genişliyi və geniş məkanda müxtəlif xalqların mövcudluğu Arçut gəncliyinin faydalanması üçün müvafiq bazanı yaratdı. Gənclik zəngin əsasda öz ruhunu tamamlamağa qərar verdi. Fərqli mühitə inteqrasiya ruhlarında tolerantlıq və multikulturallıq yaratdı. Arçut gəncləri dünyaya açılım hesabına başqa xalqların nümayəndələri ilə (əsasən ruslar,  beloruslar, türkmənlər.) də ailələr qurdular.  Xarici dillərin, o cümlədən ölkədə ümumi vahid danışıq və rəsmi dil olan rus dilinin öyrənilməsi gəncləri dünya ədəbiyyatı ilə yaxından tanış olmağa cəlb etdi. (Qeyd: Rus dilinin geniş şəkildə öyrənilməsində müəllimlərdən Rəşid Süleymanov, Rəşid Qasımov,  Lətif Abdullayev, Cavad Qasımov, Güləvar Həsənova, Zahid Canayev, Həsrət Rəfiyev kimi şəxslər  fərqlənərək böyük əmək sərf etdilər)   Yüksək dünyəvi biliklər qazanan kənd gənclərinin nümayəndələri  sənayeləşmə dövrünün, elmi-texniki tərəqqinin dəyərlərindən əlverişli əsaslarla istifadə etməklə sağlam və çalışqan, peşəkar gəncliyin, yüksək statuslu avanqard qüvvənin  təşəkkül tapmasına əsas vermiş oldu. (Qeyd: ötən əsrin 60-70-ci illərində Azərbaycanda Sumqayıt şəhərinin sənayesində Arçutdan xeyli gənc təmsil olundu. Onlar içərisində Misir Nəsibov, Qədim Cəbrayılov, Telman Məmişov və başqaları xüsusilə fərqləndilər). Arçut kəndinin gənci özündə əxlaqı- estetikanı-elmi və təhsili-ədəbiyyatı, incəsənəti birləşdirən nümunəvi  model, mədəniyyət tandemi  rolunu oynadı. Onu da qeyd etmək yerinə düşər ki, məktəbdə bilik yarışmları keçirilirdi. Çoxlu kitab və qəzet oxumaq bir dəb idi. Həm də bilik qazanmaq uğrunda rəqabətin əsas predmet və obyektini təşkil edirdi.  Camaatın dilində belə bir fikir var idi: “Filankəsin uşağı elə biliklidir ki, artıq uşaq yaşlarında kitabdan əlavə qəzet də oxumağı bacarır...” Belə şüar  gəncləri yaxşı və əla oxumağa sövq edirdi. Orta məktəb şagirdləri “bilik duelləri”nə dəvət olunurdular. Sual-cavablar  (suallaşmalar)   təşkil edilirdi.  Yarışma üçün hər bir müəllimin öz  şagirdi olurdu. Ona biliklər öyrədirdi. (Qeyd: Arçut kəndində fəxr olunan vərdişlərdən biri də gəncin ali məktəbə qəbul olunub böyük fərəh hissi ilə kəndə qayıtması idi. Bu, həmin gəncə məxsusi ictimai status gətirirdi. Gənclər, yeniyetmələr üçün örnək rolunu oynayırdılar. XX əsrin 60-80-ci illərində Allahyar Yolçuyev, Məmməd Hüseynov, Məsim Məmmədov, Rəşid Süleymanov, Kamil Məşədiyev,  Bəhmən Yolçuyev, Sədi Qurbanov, Fikrət Eminov,  Məcid Məşədiyev, Qəmər Məşədiyeva,  Mamed Çəltikov, Gülşən  Yolçuyeva, İbrahim Alıyev, Qədim İbrahimov, Qiyas Çəltikov,  Aslan İbrahimov, Yasəmən Əliyeva, Validə Nəsibova, Elmira Yolçuyeva,  Ramiz Məşədiyev, Ramiz Yolçuyev, Rauf Məşədiyev, Çingiz Yolçuyev, Salman Yusifov, İftixar Yolçuyev, Səyyad Rəfiyev, Həsrət Rəfiyev, Sabir Məsimov, Məhərrəm Orucov,  Əflatun Məmmədov, Knyaz Xəlilov,  Abuzər Qazıyev,  Pərviz İsmayılov  kimi gənclər kəndin digər yeniyetmə və gəncləri üçün stimul və həvəsverici rolu oynayıblar.  Ali təhsillilərin siyahısı həddən artıq uzundur. Bu şəxsləri fəaliyyətlərinə görə  baza olaraq iki qrupa bölmək olar: birincisi, kəndin orta məktəbini kadr ehtiyatı ilə təmin edənlər; ikincisi başqa ixtisas sahəsini seçənlər. Başqa ixtisas sahəsini seçənlər ölkənin bütün yerlərinə səpələnirdilər. Bununla da kəndin ruhunu böyük ölkəyə daşıyırdılar)
            Arçutlu gənclərin inkişaf konsepsiyalarına, inkişaf proqramlarına zamanın postulatlarına, çağırışlarına cavab verən  çoxlu sayda müddəalar daxil oldu. Şən və coşqu  həyata rəvac verən amillər qərarlaşdı. Bu, həyatın bütün əlaqəli sahələrinin inkişafı ilə bağlı idi. İnkişaf prosesləri bütün hər tərəfi əhatə etmişdir. Gənclərin faydalanması üçün açıq qapılar formalaşmışdı. Yaranmış gerçəkliklərdən irəli gələrək, gənclik öz konsepsiyasını formalaşdırmaq üçün qarşısına yeni məqsəd və vəzifələr qoydu. Bu vəzifələr içərisində sənaye və kənd təsərrüfatında məsuliyyətlə, şərəflə, vicdanla və ləyaqətlə, ədalətlə və haqqı pozmadan çalışmaq, nailiyyətlə qazanmaq, bilik əldə etmək və bilik tətbiq etmək, elmi-texniki tərəqqinin əldə olunmasında iştirak etmək, ədəbiyyat, musiqi, incəsənət sahələrində yaradıcı və qurucu ideyalarla çıxış etmək, ümumiyyətlə, ölkənin, cəmiyyətin, xalqın şərəfli evladlarından birinə çevrilmək amilləri əks olundu. Zamanın, məkanın, yaranmış əlverişli şəraitin nəbzini tutmaq, ruhunu duymaq Arçut  gənclərinin ümdə vəzifəsi idi. Zamanın tələblərini həyat tərzinə çevirmək, bu yöndə cəmiyyət və dövlət quruculuğunun axarlarını “udmaq”, trendləri qəbul etmək bir şərtə çevrildi. Müasirliyi düşüncələrdə və baxışlarda dərk etməklə,  reallıqda görməklə elementləri axara çevirmək və trend kimi qəbul etmək başlıca şərt rolunu oynadı. Arçut gənclərinin başlıca vəzifəsi keçmişin ənənəsini davam etdirmək, qoruyub saxlamaq və bununla yanaşı, yenilikləri, təzə görünüşləri həyata  qatmaqdan və bununla da həyatı daha çox mənalı etməkdən ibarət idi. Bu baxımdan da gənclər böyük ölkənin dörd bir yanına səpələnir  və gördükləri yenilikləri öz həyatlarına tətbiq etmək yolunu tuturdular.  Bu baxımdan da yeni-yeni informasiyalar əldə etməklə həyatlarında dönüş yaratmaq ümdə vəzifə, həm də həvəs idi. Hər bir informasiya özü ilə yeniliyi, müəyyən bir tamlığı və gerçəkliyi  daşıyırdı.  Həyatın incəlilklərindən, yaradıcılığın və quruculuğun təqdim etdiyi məhsullardan, əşyalardan, istehsalat və istehlak prosesləörindən  zövq almaq prioritet idi.  Əşyaların modelləşdirilıməsi və yeni görünüşlərin, zövqlü üslubların əldə edilməsi mühüm bir şərt idi. 
                Gənclər nəinki kənd təsərrüfatını inkişaf etdirmək, eləcə də ölkənin çiçəklənməkdə olan sənayesində və  tikintisində  iştirak etmək    strategiyasını və taktikasını seçmişdilər.  Bununla da kəndə və şəhərə məxsusluğu sintez etmək başlıca olaraq qarşıya məqsəd kimi qoyulmuşdur. Gənclər kəndin yenidən tikilməsində, böyüməsində  və yeni təsərrüfat quruculuğunda yaxından iştirak edirdilər.  Arçut gəncliyi üçün zamandan geridə qalmaq tənqid obyekti idi və inkar predmetinə çevrilmişdi. Keçmiş ənənələri “dartaraq”  yeni formada qabağa gətirmək mühüm şərt idi. Gənclik üçün köhnəlik, inkişafa mane olan ünsürlər  inkar edilirdi.  Köklü dəyişiklik də, köhnəliklərdən yaxa qurtarmaq da  mühüm şərt olaraq qalırdı. Bu dəyişikik əsasən ədəbiyyatda, musiqidə, elm və təhsildə (mədrəsə yox, dünyəvi təhsil qəbul olunurdu)  özünü açıq büruzə verirdi. Belə ki, Arçut gəncliyi mədrəsə əvəzinə dünyəvi məktəbi, çarıq əvəzinə müasir ayaqqabını, çuxa əvəzinə palto və plaşları, sazla yanaşı, gitaranı, qarmonu, klarneti,   damlar, komlar əvəzinə yeni-yeni işıqlı otaqları olan mənzilləri  seçdi. Dəbli geyimlər, qısa ətəklər, şalvarlar, gödəkçələr və köynəklər artıq yeni gənclik modelini və obrazını yaratdı. Hərbi geyimlər, mundirlər, şinellər gənclərin əyinlərini bəzəyən uniforma vasitələrinə çevrildi.  Ölkədə dəb kimi yayılan trapez şalvarlar,  jiletlər, qalstuk köynəklər,  hündürdaban ayaqqabılar Arçut gənclərinin də gündəlik geyim vasitələrinə və əşyalarına çevrildi. Uzun hörüklü klassik və ənənəvi saçlarla yanaşı, kare (qısa) saçlar da əllərində çanta gəzdirməyə başlayan qızların müasir dəbinə, yeni qız obrazını yaradan görünüş vasitələrinə  çevrildi. Ətirlərdən, parfümeriyadan istifadə, sürmələrdən və xınalarla yanaşı,  saç boyalarından istifadə qızların xarici görünüşünə əlavə gözəllik qatdı. Kəlağayılarla yanaşı, kiçik örtüklərdən, dəbli baş şallarından istifadə qızların əsil gündəlik dəb geyiminə çevrildi. Çadralardan, hicab və tesettürlərdən,  niqablardan (üzü örtən pərdələrdən) imtina, çalma və türban geyimlərinin sadələşdirilməsi sözün əsil mənasında   Arçut gəncliyinə yeni bir həyat tərzi bəxş elədi. Beli kəndirli, balaqlı şalvarlar əvəzinə kostyum-şalvarın geyinilməsi, yeni model şlyapalar  kişi gənclərin xarici görünüşünü tamamilə dəyişdi. Təbii ki, kənddə köhnəliklər də unudulmadı. Ənənəvi dəyərlər saxlanıldı. Kəlağayılar, bel və baş şalları ana-bacıların, kürklər, yapıncılar, buxara papaqlar  yaşlı kişilərin,  ata və babaların  əyin-başlarını bəzəməkdə qaldı. Qeyd: 1948-ci ildə Arçutda dünyaya gəlmiş Çəltikova Minayə Süleyman qızı kənd adətlərindən və digər sahələri əhatə edən məlumatlardan danışarkən bunları qeyd edirdi: nişanda nişanlı qızlar əyinlərinə qırmızı bağdatı, ayaqlarına da qırmızı ayaqqabılar geyərdilər; toyda gəlinə qızıl əvvəllər bir o qədər alınmırdı, çünki imkanlar zəif idi; xonçalara imkanlar daxilində müxtəlif əşyalar qoyulurdu; ağ gəlin paltarları yox idi, sonralar geyinildi; qurbanlıq  üç gün olurdu və yaşını keçmiş qoç kəsilirdi, qapılara paylanılırdı; Çələbidə də yurdlar var idi və dağa oralara çıxılırdı. Çələbininin təbiəti çox zəngin idi və hər yan giləmeyvə ilə dolu idi. Kənddən ağaclardan meyvə yığıb gətirməyə heç ehtiyac qalmırdı; yaylaqda qış üçün pendir  və yağ məhsulları (qarın yağları)  hazırlanırdı; Ermənistanda, Azərbaycanda və Rusiyada kələm məhsulları satılırdı; “Ay daşı” deyilən yerdə ardıc ağacları bitirdi; kəndin adına buna görə həm də Ardıc deyirdilər; sacda xamralı çörək, lavaş, fətir   bişirirdik, lakin çox qalanda xarab olurdu. Ona görə də kəndin dükanına  gələn somın çörəklərdən də alırdıq. 1941-ci il təvəllüdlü, kənd müəllimi olmuş Çəltikov Hacı da qeyd edirdi ki, kənddə aşıqlar, nağara və zurnaçılar  toyları idarə edirdilər. Tar və qarmon alətlərində də ifa edirlərmiş. XX əsrin gəncliyi başlıca olaraq yeniliyə meyil edir, ədəbiyyatı və incəsənəti öyrənirdilər. Müəllim uşaqlığını xatırlayır və qeyd edir ki, İkinci Dünya müharibəsi dövründə maddi vəziyyət çox çətin idi və uşaqlar başlıca olaraq sünbül yığmaqla məşğul idilər.     
Davamı var...
Elşən Nəsibov (Elşən Ardıc) 
Siyasətşünas-alim, yazıçı-publisist. “ARDIC” Hərəkatının təsisçisi. Qərbi Azərbaycan İcmasının üzvü