"İyunun 17-də gecə Elçibəylə axırıncı mən görüşmüşəm. Bundan iki saat sonra Bakıdan çıxıb gedib…”
Bunu Moderator.az-a açıqlamasında 1988-1993-cü illərdə Azərbaycanda baş vermiş ictimai-siyasi proseslərin ən fəal iştirakçılarından olan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri Etibar Məmmədov söyləyib.
"Siz AXC hakimiyyətinə müxalifətdə idiniz. Səmimi söyləyin:1993-cü ilin Gəncə olayları nəticəsində Əbülfəz Elçubəy iqtidarının devrilməsinə sevindinizmi?” sualını keçmiş hərəkatçı belə cavablandırıb:
"Yox… Əslində burada sevinməli bir şey də yox idi axı... Birincisi, qiyamdan öncə AXC hakimiyyətinin başında duranlar qiyamı yaradan səbəbləri aradan qaldırmaq üçün əllərini ağdan-qaraya vurmadılar. Tərslik etdilər və siyasətlərini dəyişmədilər. Halbuki, biz müxalifət kimi dəfələrlə onlara xəbərdarlıq etmişdik ki, siz doğru siyasət aparmırsız, hakimiyyətinizin daxilində araqarışdırıcı qüvvələr var və bütün bunlar ağır nəticələr verəcək. Həmin qüvvələr müəyyən təxribatlar, əməliyyatlar planlaşdırmışdılar. Və Gəncə hadisələrindən iki gün öncə Milli Məclisin iclasında da bu barədə rəsmi xəbərdarlıq etmişdim ki, belə bir əməliyyat hazırlanır və onun nəticəsi hakimiyyət üçün də, ölkə üçün çox ağır olacaq- siz tutduğunuz xətdən çəkinin. Lakin buna baxmayaraq Elçibəy iqtidarının liderləri öz tərsliklərini davam etdirdi. Əvvəldən uğursuzluğu labüd olan əməliyyatın icrasına cəhd etdilər. Və nəticədə də ölkə çox ağır vəziyyətə düşdü. Odur ki, burada sevinməli bir şey yox idi...”
"O vaxtkı hadisələrin şahidi olan bəzi siyasət adamları belə rəylər səsləndirirlər ki, özü biruzə verməsə də, Etibar Məmmədov da 1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə qayıdışının tərəfdarı olub...” fikrinə sabiq AMİP sədri bu cür münasibət bildirib:
"Heydər Əliyevi mən dəvət etməmişdim Bakıya. O zaman parlamentin iclaslarında da Heydər Əliyev dəfələrlə bildirmişdi ki, məni Bakıya Əbülfəz Elçibəy, İsa Qəmbərov və Pənah Hüseynov dəvət edib. Bir dəfə kimsə eşidib ki, o desin ki, məni Bakıya Etibar Məmmədov dəvət edib. Onlar özləri dəvət edib Heydər Əliyevi, ona hakimiyyəti bölüşməyi də təklif ediblər. Amma hakimiyyətlərini itirəndən sonra məndən nə istəyirlər, bunu anlaya bilmirəm. Əbülfəz Elçibəy özü heç bir əsas olmadan hakimiyyəti tərk edərək gedib oturub Kələkidə. Və həmin gün – 1993-cü il iyunun 17-də gecə saat 10-da onunla axırıncı mən görüşmüşəm. Bundan iki saat sonra isə Elçibəy Bakıdan çıxıb gedib. Və heç bir silahdaşına Kələkiyə getmək fikri olduğunu deməyib. Axırıncı görüşümüzdə mənə də bu haqda heç nə söyləməyib. Halbuki, bəzi məsələlər planlaşdırılmışdı və onunla bəzi razılaşmalar da əldə etmişdik...”
"Digər bir ziddiyyətli və maraqlı məqam. Deyirlər ki, iyunun 4-də Gəncədə AXC hakimiyyətinə qarşı qiyam baş verib. Bəs əgər qiyam baş vermişdisə, prezident Əbülfəz Elçibəy nədən elə iyunun 17-də, Gəncə hadisələrindən düz 13 gün sonra həmin "qiyam”ın təşkilatçısının nümayəndələrindən olan Hacı Vaqifin( səhv etmirəmsə, soyadı Əliyev idi) Gəncənin icra hakmiyyəti başçısı təyin olunması haqqında fərmanı imzalayırdı. Bu, necə qiyamdır ki, həmin qiyamın yönəldiyi iqtidarın lideri, ölkənin qanuni prezidenti o qiyamçının nümayəndəsini icra başçısı təyin edir? Buna necə qiyam demək olar? Mən ciddi şəkildə sual edirəm həmin vaxt hakimiyyət başında olmuş şəxslərə: tutaq ki, o vaxt Elçibəy prezident kimi nədənsə çəkinmişdi, guya sui-qəsd hazırlanmışdı, ona görə Bakını tərk edirdi. O halda həmin gün qiyam iştirakçısının icra başçısı təyin olunması haqda fərman imzalamağın nə mənası var idi? Burda nə məqsəd ola bilərdi?..
Bu, tarixi faktdır. Mən özümdən demirəm ki, həmin dövrün mətbuatına, arxivlərə baxın. O vaxt verilən fərmanların siyahısı, nömrəsi, tarixi var...”-deyə Etibar Məmmədov vurğulayıb.