Hökumət pensiyaya əl gəzdirir

Oqtay Haqverdiyev: «Gəlirlər azaldıqca belə bir üsula əl atırlar»

Ölkədə gəlirlər azaldıqca hökumət ağlagəlməyən variantlara əl atır. Bu mənada ölkə vətəndaşlarının pensiya yaşının artırılması barədəki qərarı da başqa cür yozmaq mümkün deyil. Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev insanların istehsalatda peşə fəaliyyətləri müddətləri ilə pensiyaya çıxma yaşları arasında müəyyən uyğunluğun olmasını mütləq sayıb.

DSF sədri bu gün büdcə təşkilatlarında çalışma dövrünün 65 yaşa qədər olduğunu, amma pensiya yaşının bundan kifayət qədər aşağı olduğunu söyləyib (kişilər 63, qadınlar 60 yaşında). Fond sədri bunun da müəyyən uyğunsuzluqları ifadə etdiyini bildirib: "Ötən müddətdə, biz bu istiqamətdə, demoqrafiq göstəricilərin üzərində tənzimləmələr aparmaqla uğurlu fəaliyyəti yekunlaşdırmışıq. Amma uzunmüddətli perspektivdə Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlılığının təmin olunması üçün qeyd etdiyim istiqamətdə islahatların aparılması zəruridir”. E.Mehdiyev bu mənada yaxınlarda pensiya yaşının qaldırılacağını istisna etməyib.

Iqtisadçı-ekspert Oqtay Haqverdiyev məsələyə münasibət bildirərək ölkənin gəlirlərinin azalması fonunda belə bir məsələnin ortaya atılmasını təbii sayır. Ekspertə görə büdcəyə transfertlərin ildən-ilə azalması fonunda belə bir variant düşünülür. O.Haqverdiyev sözügedən məsələnin sosial xarakterli olduğunu və hökumətin bu istiqamətdə ciddi şəkildə iş aparmasını vacib sayır:

"Həmin məsələni Rusiyada da qaldırıblar. Onlar düşünür ki, pensiya yaşını hər il yarım il artırsınlar. Bu barədə qərar verilməsə də baş tutacağı mümkündür. Rusiyada da bizdəki kimi, neftdən gələn gəlirlər aşağı düşür və büdcə yerinə yetirilmir. Bizdə də ilin birinci yarısı kəsirlə icra olunub, ilin sonuna qədər kəsir yəqin ki, 1 milyard 500 min olacaq. Baxanda adi görünsə də, obyektiv vəziyyət əslində çox ağırdır. Bəziləri çıxış edərək vəziyyətin çox yaxşı olduğunu deyir. Lakin auditoriyanı aldatmaq lazım deyil”.