Hökümət suyun qiymətini niyə qaldırdı?!

Şirkətin müəmmalı layihələri, korrupsiya faktları, mənimsənilən milyonlar

Xəbər verdiyimiz kimi Tarif Şurasının növbəti iclası keçirilib. Iclasda su təchizatı və tullantı sularının axıdılması, dərman vasitələrinin ekspertizası xidmətlərinin tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.

Azərsu” ASC-nin müraciəti əsasında 1 kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla, əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, qeyri-əhali üzrə əvvəlki səviyyədə – 1 kub metr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) bir kub metr üçün 8 manat müəyyən edilib. Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün bir kubmetr üçün 15 qəpik, qeyri-əhali üzrə 1 manat səviyyəsində təsdiq olunub.

Yeni tariflər 2016-ci il 16 may tarixindən qüvvəyə minəcək.

"Karta 3 manatdan artıq balans yükləmək olmur”

Amma onu da qeyd etmək yerinə düşər ki, "Azərsu” Azərbaycanda ən çox korrupsiyaya uğramış, həyata keçirdiyi layihələrdə ən çox müəmmalar olan bir dövlət müəssisəsidir.

Qiymət artandan sonra əhalinin ödəniş aparatları qarşısında uzun növbələri yaranıb. Əhalinin bir qismi qiymət artımı qüvvəyə minməmiş əvvəlki tariflə "Azərsu” kartlarına balans yükləməyə çalışır. Amma bu addımı atmaq istəyənləri sürpriz gözləyir. Çünki karta iri məbləğ yükləmək istəyənlər məhdudiyyətlə qarşılaşırlar. Əvvəlki tariflə yalnız 10 kub (3 manatlıq) balans yükləmək mümkün olur. Aparata daxil edilən iri məbləğin qalan hissəsi isə yaddaşda saxlanılır. Onu da qeyd edək ki, istifadəçilərin verdiyi məlumata görə bu məhdudiyyət artıq bir həftədir ki, mövcuddur.

"Azərsu” ilə bağlı yol verilən korrupsiya hallarına gəlincə, bu istiqamətdə internetdə axtarış vermək kifayətdir ki, onların əksəriyyəti ilə tanış olasan. Materilallarla tanış olan zaman bu təəssürat yaranır ki, "Azərsu”yun korrupsiyasına qurban gələn milyonlar qiymət artımı ilə xalqa ödətdirilir.

"Hesablama Palatası ”Azərsu”da ciddi nöqsanlar aşkarlayıb”

Məsələn, Hesablama Palatasının apardığı araşdırma nəticəsində məlum olub ki, "Azərsu” ASC-də "Azərbaycanın kiçik şəhərlərində su təchizatı və kanalizasiya layihəsi” və "Açıq kommunal infrastruktur Proqramı-II” layihələrinə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən (YBƏA) və Almaniyanın "KfW” Bankından cəlb olunmuş kreditlər və dövlət əsaslı vəsait qoyuluşu üzrə ciddi çatışmamazlıqlar var.

Auditor kredit vəsaitindən istifadənin geçikməsi nəticəsində kreditin 5,5 il ərzində cəmi 21,2%-i istifadə olunduğunu, müqavilənin icra müddətinin uzadılması və bəzi xidmətlər üzrə əlavə vəsaitin məbləğinin Azərbaycan hökumətinin payı hesabına maliyyələşdiriləcək müvafiq hissəsinin artmasına şərait yaratdığını bildirib. Auditor layihələr üzrə investisiya təkliflərinin dəqiq hesablamalarla əsaslandırılmaması və nəzərdə tutulmuş icra qrafiklərinə riayət edilməməsi səbəbindən müvafiq illər üzrə ilkin olaraq dövlət əsaslı vəsait qoyuluşundan ayrılmış vəsaitin məbləğinin dəfələrlə dəyişdirildiyini, layihələr üzrə tikinti-quraşdırma işlərinin ehtimal olunan dəyəri müəyyən edilərkən Azərbaycan ərazisində mövcud olan qiymətlərdən fərqli qiymətlərin tətbiq edildiyini qeyd edib. Həmçinin layihə-smeta sənədlərinin vaxtında hazırlanmaması və tikinti işləri üzrə layihələrə edilən dəyişikliklərin ayrılan vəsaitlərdən səmərəli istifadə olunması üçün qeyri-münbit şərait yaratdığını, nəticədə bəzi hallarda podratçılara artıq vəsait ödənildiyi məlum olub.

"Azərsu” sədrinin qohumlarının şirkətləri…

Daha bir maraqlı məqamı da diqqətinizə çatdıraq.

Son bir neçə ildə ölkənin regionlarda Asiya Inkşaf Bankının, Dünya Bankının və Dövlət Neft Şirkətinin dəstəyi ilə həyata keçirilən su və kanalzasiya layihələri xeyli sayda rayonu əhatə etməkdədir. Həyata keçirilən bu lahiyələrdə Azərbaycan, Almaniya və Türkiyə şirkətləri iştirak ediblər.

"Azərsu” ASC nin nəzarəti altında həyata kecirilən bu layihələrdə külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı mətbuatda müxtəlif səpkili məlumatlar gedib. Diqqəti çəkən əsas məlumat "Azərsu”yun tenderlərini udan şirkətlərin əksəriyyətinin rəhbərliyə yaxın olmasıdır. Bu şirkətlərdən biri də "Hidro-Inşaat Servis” MMC-dir.

Şirkət 2011-ci ildə Qorxmaz Hüseynovun qaynı Cəbrayılov Namiq Cidalı oğlu tərəfindən təsis olunub. Bu MMC 2011-ci il aprelin 15-də qeydiyyatdan keçib və cəmi bir neçə ay sonra "Azərsu”nun layihələrinə cəlb olunub. "Azərsu” prezidentinin qaynının cəlb olunduğu başqa bir şirkət isə "Hidro-Lotus” MMC-dir. "Hidro-Lotus” MMC, "Hidro-Inşaat Servis” MMC yaradılandan 3 ay sonra " 2011-ci il iyulun 26-da qeydiyyatdan keçib. ”Hidro-Lotus” MMC-nin 70 faizi "Hidro-Inşaat Servis”ə, 30 faizi isə Türkiyənin "Lotus Müteahhitlik Planlama Inşaat Mühendislik Enerci Madencilik Ve Taşimacilik Anonim Şirketi”nə (qısaca "Lotus”) məxsusdur.

Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun layihəsi və tikintisi üçün 5 milyon manatlıq layihə məhz "Hidro-Lotus” MMC-yə tapşırılıb.

"Oğuz-Qəbələ-Bakı kəmərində yoxa çıxan 300 milyon”

Bundan başqa "Azərsu”yun Oğuz-Qəbələ-Bakı kəmərinin çəkilişi zamanı yol verdiyi pozuntular barədə də mətbuatda geniş məlumatlar verilib. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı Mirvari Qəhrəmanlı bildirib ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi zamanı torpaq sahələrindən istifadə edilən 4000 vətəndaşa kompensasiya ödənilməyib. O zaman mülkiyyətçilərlə müqavilə bağlanmayıb, alqı-satqı əməliyyatı aparılmayıb. Bununla bağlı həmin müddətdə "Azərsu”ya qarşı məhkəmə iddiası qaldırılıb. M.Qəhrəmanlının sözlərinə görə, Oğuz-Qəbələ-Bakı su kəmərinin smeta dəyəri 480 milyon manat olub. Lakin layihənin icrası 700 milyon manatdan artıq başa gəlib: "Aydın deyil ki, 300 milyon əlavə vəsait hara xərclənib. Bizim təşkilatımız da daxil olmaqla bir neçə QHT Hesablama Palatasına müraciət edərək layihə ilə bağlı audit aparılmasını istədi. Lakin Hesablama Palatası müraciətimizə reaksiya vermədi. Layihəyə ayrılan 300 milyon manatın hara sərf olunduğunu öyrənmək istəyirik”.

”Azərsu”yun Vergilər Nazirliyinə borcu var”

"Azərsu”yun Vergilər Nazirliyi ilə də ciddi problemləri olub və qalmaqdadır. 2015-ci ildə Vergilər Nazirliyi ÿbüdcə öhdəliklərini tam yerinə yetirməyən vergi ödəyicilərinin siyahısını dərc edib. Vergi borcu olanlar arasında "Azərsu” ASC-nin "Birləşmiş Sukanal” MMC və "Azərsu” ASC-nin "Sutikinti” müəssisəsinin adı da var.

"Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumatı təsdiq edib və borcların 70%-dən artıq hissəsinin ödənildiyini deyib:ÿ”Göyçay Su-kanal” TSC, "Gəncə Su-Kanal” TSC, "Ağdaş Su-Kanal” TSC və "Şəki Su-Kanal” TSC-nin də adı buÿsiyahıda olub. Həmin qurumlar borclarını artıqÿödəyib. Adı vergi borcu olan müəssisələrin siyahısında olan "Sutikinti” artıq borcunun 70%-dən çoxunu ödəyib. "Birləşmiş Sukanal” MMC də borcunun əksər hissəsini ödəyib”.

Vergilər Nazirliyinin yayımladığı siyahıda "Şimal Elektrik Stansiyasi” MMC və "Azərenerji” ASC-nin "Gəncə Regional Elektrik Şəbəkəsi” MMC-nin də adı qeyd edilib. Məlumata görə, "Gəncə Regional Elektrik Şəbəkəsi” MMC-nin bir hissəsi "Azərişıq” MMC-yə verilib.

"Beynəlxalq audit şirkətinin üzə çıxardığı yeyinti faktları”

Beynəlxalq audit şirkəti "Ernst & Young Holdings” (CIS) B.V.) Azərbaycanın su monopolisti "Azərsu” ASC-nin bərbad maliyyə göstəricilərini üzə çıxarıb.

"Azərsu” ASC-nin audit şirkətinin rəyi əsasında illik maliyyə hesabatına istinadən məlumat yayıb. 2014-cü ildə səhmdar cəmiyyət 886 milyon manat ziyana düşüb. Hərçənd ki, bu, şirkətin 2013-cü ildə düşdüyü ziyandan 162,6 milyon manat azdır. "Azərsu” həmin ili 1 milyard manatdan çox ziyanla başa vurub.

Maliyyə hesabatına əsasən şirkətin su satışı, kanalizasiya və s. xidmətindən gəlirləri 140 milyon 979 min manat olub. Bu, 2013-cü ildəkindən 4,5 faiz çoxdur. Satışın maya dəyəri 5,6 faiz azalaraq 87 milyon 991 min manat olub.

Beləliklə, şirkət satışdan 53 milyon manat mənfəət əldə edib. Bu, 2013-cü ildəkindən 11,4 milyon manat çoxdur.

Eyni zamanda "Azərsu” ASC və törəmə müəssisələrinin inzibati xərcləri ötən il 29,8 milyon manat (-2,6 faiz), satış və su paylanması xərcləri 94,4 milyon manat (+9,7 faiz) olub. Il ərzində aktivlər 837,2 milyon manat qiymətdən düşüb.

"Azərsu” ASC-nin ödənilməyən ziyanı 2014-cü il nəzərə alınmaqla 1 yanvar, 2015-ci il üçün 4 milyard 436,8 milyon manat təşkil edib.

Su istifadəçilərinin borclarının ödənilməsi də məqbul səviyyədə deyil. 31 dekabr, 2014-cü il üçün əhali və qeyri-əhali qruplarının debitor borcları 16,4 milyon və 52 milyon 765 min manat olub. "Azərsu” ASC bu borcların ödənilməsi üçün 59,5 milyon manat ehtiyat yaradıb. Çünki onların ödənilməməsi təhlükəsi var.

31 dekabr, 2014-cü il üçün "Azərsu” ASC-nin dövlət büdcəsinə vergi və ödənişlər şəklində (ƏDV nəzərə alınmaqla) 59,8 milyon manat borcu olub. Il ərzində bu borclar 20,6 milyon manat artıb. Bundan başqa, şirkətin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 21,4 milyon manat borcu var. 2014-cü ildə DSMF-yə borclar 15,3 faiz artıb. Nizamnamə kapitalı 400 milyon manat (səhmlərin 100 faizi dövlətindir) olan şirkətin kapitalı 355,4 milyon manat mənfidir.

Auditior rəyində qeyd-şərt var. Sənədə əsasən, şirkətin cari öhdəlikləri aktivlərindən 647,6 milyon manat çoxdur. Ona görə "daim fəaliyyət göstərən müəssisə kimi onun fəaliyyətinin davam etdirilməsində qeyri-müəyyənlik var”./Azadlıq/