“Human Rights Watch” rəsmi Bakıya qarşı sanksiyaları zəruri sayır

"Human Rights Watch” beynəlxalq insan haqları təşkilatı 2015-ci il üçün hesabatını yayıb. 656 səhifəlik hesabatda 90 ölkədə insan haqlarının vəziyyərti təhlil və təsvir edilib. Sənəddə qeyd olunur ki, bugünkü böhranların əksəriyyəti ayrı-ayrı ölkələrdə insan haqlarının tapdanmasından qaynaqlanıb. Bu mənada insan haqlarını təhlükəsizlik məsələlərinə qurban verən hökumətlər ciddi səhv edirlər.

Hesabatın Azərbaycana aid hissəsində qeyd olunur ki, bu ölkədə hakimiyyət öz tənqidçilərinə qarşı repressiyaları 2014-cü ildə də şiddətləndirib və bununla ölkədə onsuz da bərbad olan insan haqlarının vəziyyətini daha da ağırlaşdırıb.

"Azərbaycanda 33 insan haqları müdafiəçisi, siyasi və vətəndaş cəmiyyəti fəalı, bloger və jurnalistlər siyasi motivli ittihamlarla məhkum edilib. Belə siyasət başqa fəalları ya susmağa, ya da qaçıb gizlənməyə məcbur edir”, - deyə sənəddə bildirilir.

Hesabatda Azərbaycanda vətəndaş qruplarının və onların liderlərinin bank hesablarının dondurlmasından, onlara səfər qadağanları qoyulmasından, bbunun nəticəsində bir sıra aparıcı insan haqları qruplarının fəaliyyətinin dayanmasından bəhs olunur.

İnsan haqlarının pozulması bir an da dayanmayıb

Hesabatda belə bir məqama diqqət çəkilir ki, Azərbaycan hətta Avropa Şurası Nazirlər Komitəsinin 6 aylıq rotasiyalı sədrliyində olarkən də repressiya və təqibləri dayandırmayıb.

Sənəddə göstərilir ki, hakimiyyət öz tənqidçilərini susdurmaq üçün onlara qarşı bir qayda olaraq narkotik maddələrdən istifadə, qanunsuz silah saxlama, xuliqanlıq, qızışdırıcı fəaliyyət və hətta dövlət xəyanəti kimi saxta ittihamlardan istifadə edir.

Qeyd olunur ki, Sülh və Demokratiya İnstitunun rəhbəri Leyla Yunus, onun həyat yoldaşı Arif Yunus vergidən yayınma kimi ittihamlarla həbsxanaya salınıb, İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev də oxşar ittihhamlarla azadlıqdan məhrum edilib.

REAL müxalifət qrupunun rəhbəri İlqar Məmmədovun, Musavat Partiyası başqanının müavini Tofiq Yaqublunun, digər fəal və müxalifətçilər – Yadigar Sadıqov, Murad Adilov, Xaqani Məmmədin bu hesabat yazılarkən həbsxanada olduqları xatırladılır.

10 jurnalist həbsxanadadır

Hesabatın Azərbaycana aid hissəsində media azadlığına xüsusi bölüm ayrılıb. Bu bölümdə deyilir ki, 2014-cü ildə azı 10 jurnalist, bloqçu və sosial media fəalı onlardan tənqidləri üçün qisas alınması məqsədilə saxta ittihamlarla məhkum edilib.

"İki müstəqil qəzetin Ankara müxbiri olan Rauf Mirqədirov qonşu Ermənistanda xalq diplomatiyası tədbirlərində iştirak etdiyinə görə xəyanət ittihamı ilə həbs edilib.

"Bizim yol” qəzetinin yazarı Pərviz Həşimli isə qanunsuz silah saxlamaq ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

"Azadlıq” qəzetinin müxbiri Seymur Həzi xuliqanlıq ittihamı ilə həbs edilib və hazırda məhkəməsini gösləyir (hesabat məhkəmədən əvvəl hazırlanıb – red.)”, - deyə sənəddə bildirilir.

"Facebook”a görə həbsxana

Hesabatda həmçinin sosial media fəallarının təqib və həbslərlə üzləşdikləri qeyd olunur: "2014-cü ildə hakimiyyət Facebook-da onu tənqid edən 6 nəfəri həbs edib. Əbdül Əbilov, Ömər Məmmədov, Elsəvər Mürsəlli, Fərəc və Sirac Kərimli qardaşlarına qarşı saxta narkotik ittihamları irəli sürülüb”.

Hesabatda tanınmış təhqiqat jurnalisti Xədicə İsmayıla qarşı uzun müddət kampaniya aparıldığı, səfər qadağası qoyulduğu və nəhayət onun qondarma ittihamla həbs edildiyi bildirilir. Vurğulanır ki, Xədicə İsmayıl hökumətin, ələlxüsus da hakim ailənin biznes fəaliyyətini araşdıran məqalələr silsiləsinin hazırlanmasına görə həbs edilib.

Sənəddə həmçinin "Azadlıq” qəzetinə maliyyə əngəlləri yaradılmasından, saxta böhtan ittihamlarından istifadə edilməklə onun bank hesablarının dondurulmasından söz açılır.

İlham Əliyevin imzaladığı qanunlar

Hesabatda bildirilir ki, prezident İlham Əliyev QHT-lərin qeydiyyatı və fəaliyyəti ilə bağlı məhdudiyyətləri daha da artıran qanunlar imzalayıb. Qanunlara dəyişikliklər inzibati xətalara görə daha ağır pul cərimələri və cinayət məsuliyyəti nəzərdə tutur. Dəyişikliklərə görə, QHT-lər xaricdən alınan hər bir qranta görə hökumətdən lisenziya almağa borcludurlar.

Hesabatda göstərilir ki, yeni qanun və qanunlara dəyişikliklər artıq indiyədək azı 50 QHT-nin bağlanmasına imkan yaradıb.

Hesabatda qeyd olunur ki, Azərbaycanın hüquq-mühafizə orqanlarında işgəncələr hələ də geniş yayılıb və hətta BMT-nin işgəncələri araşdıran alt komitəsi ona həbsxanalara baş çəkmək imkanı yaradılmadığı üçün ötən sentyabrda Azərbaycana səfərini ləğv edib.

Bakıya tənqid kar etmir

"Human Rights Watch” narahatlıqla qeyd edir ki, Azərbaycan hakimiyyəti Avropa qurumları tərəfindən insan haqlarının acınacaqlı vəziyyətinə görə tənqid olunsa da, ölkəyə qarşı konkret sanksiyalara əl atılmayıb. Təşkilat bildirir ki, tənqidçilərin sırasında Avropa İttifaqının komissarları Ketrin Eşton və Ştefan Fülenin, ATƏT-in, Avropa Şurasının, ABŞ Dövlət Departamentinin olmasına baxmayaraq, Azərbaycan hakimiyyəti vəziyyəti dəyişmək üçün heç bir səy göstərmir.

Hesabatın başqa bir hissəsində də Azərbaycana aid tənqidi fikirlər yer alıb. Minki Vordenin "Meqa-idman tədbirləri və insan haqları” məqaləsində ilk Avropa Oyunlarının ev sahibliyinin Azərbaycana verilməsindən narahatlıqla bəhs edilir.

Olimpiya Xartiyasını pozan olimpiada keçirir

Müəllif yazır ki, insan haqlarının bərbad vəziyyətdə olduğu Azərbaycanın özü ilk növbədə Olimpiya Xartiyasının mətbuat azadlığı müddəaları ilə açıq-aşkar ziddiyyət təşkil edir.

Hesabatda Avropa Oyunları təşkilatçılarına tövsiyə edilir ki, təcili qaydada 2012-ci il "Eurovision” mahnı müsabiqəsinə ev sahibi edən Azərbaycanda insan haqlarına çirkin hücumların tarixçəsini araşdırsın (azadliq.org).