İictimaiyyətin Oyunlara marağı böyükdür

Arzuxan Əlizadə: "Bu, vətəndaşların açılış mərasimində daha fəal şəkildə iştirak etməsinə şərait yaradacaq"

"Xüsusən də dövlət müəssisələrində çalışanların bu yöndə şansları böyük olacaq"

Məlum olduğu kimi, parlamentə Prezident İlham Əliyev tərəfindən göndərilən layihə daxil olub. Belə ki, layihəyə əsasən, bu il Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının açılışı gününün - 12 iyunun yalnız bir dəfə qeyri-iş günü elan edilməsi təklif olunur.

Qərar layihəsi parlamentin mayın 15-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, iyunun 12-də "Bakı-2015" Avropa Oyunlarının açılış mərasimi olacaq. Hazırda Azərbaycan Birinci Avropa Oyunlarına ciddi hazırlaşır. Avropa Oyunlarının ilk dəfə təşkil olunması və bu mötəbər yarışın məhz ölkəmizdə keçirilməsi Azərbaycanı tanıtmaq baxımından bir fürsətdir. Yəni reallıq ondan ibarətdir ki, Avropa insanı ölkəni bundan sonra daha da yaxından tanıyacaq. Gələn qonnaqlar görəcək ki, Azərbaycan sıradan bir neft ölkəsi deyil, bura beyin mərkəzi, müasir və inkişaf edən bir ölkədir. Yəni, ən azından, ölkəmizin tanıdılması baxımından bu bir fürsətdir. Digər tərəfdən, Oyunlara yerli tamaşaçı auditoriyasının marağı da vacib faktorlardan biridir. Yəni istər açılış mərasimində, istərsə də ondan sonrakı günlərdə yerli tamaşaçıların Oyunları izləməsi önəmli məsələdir. Ona görə də Prezidentin belə bir təşəbbüslə çıxış etməsi əhəmiyyətli məsələdir. O baxımdan maraqlıdır, Oyunların başlanğıc tarixinin qeyri-iş günü olması əhalinin yarışları daha fəal şəkildə izləməsində nə kimi rol oynayacaq?

Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, bu, vətəndaşların açılış mərasimində daha fəal şəkildə iştirak etməsinə şərait yaradacaq: "Düzdür, ümumi müşahidələr göstərir ki, ictimaiyyətin Oyunlara marağı böyükdür. Bunu şərtləndirən amillərdən biri də ondan ibarətdir ki, yarışmanın keçiriləcəyi gün yaxınlaşdıqca, satılan biletlərin sayı artır. Hər halda, bilet satışı ilə bağlı yayılan informasiyalardan çıxış edərək bu qənaətə gəlmək olar. İstər-istəməz, I Avropa Oyunlarının açılışı gününün qeyri-iş günü elan edilməsi əhalinin açılış mərasiminə daha aktiv qatılmasına təsir edəcək. Xüsusən də dövlət müəssisələrində çalışanların bu yöndə şansları böyük olacaq. Çünki qeyri-iş günlərində dövlət müəssisələrində çalışanlar işləmir. Ancaq dövlət müəssisələrindən fərqli olaraq, özəl sektorda çalışanlar əksər hallarda rəsmi olaraq elan olunan qeyri-iş günləri də işləyir. Yəni buna praktiki olaraq bir sıra özəl qurumlar əməl etmir".


Vidadi ORDAHALLI