İndiki situasiyada danışıqlarda hansısa dönüş gözləmək sədəlövhlükdür

Əli Orucov: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində yox, dondurulmuş vəziyyətdə qalmasında maraqlıdır"

"Ona görə də sadəlövhlüyə qapılmaq lazım deyil"

Azərbaycan və Ermənistan prezidentləri SSRİ-nin II Dünya Müharibəsindəki qələbəsinin 70 illiyi münasibətilə mayın 9-da Moskvada keçiriləcək təntənəli mərasimdə iştirak edəcəklər.

Erməni mətbuatının məlumatına görə, Rusiya prezidenti Vladimir Putin Moskvada İlham Əliyev və Serj Sarkisyanın iştirakı ilə üçtərəfli görüşün keçirilməsinə hazırlaşır. Məlumata əsasən, Putin həmin görüşdə tərəflərə Qarabağ münaqişəsinin həllinə dair özünün son variantını təqdim etməyi planlaşdırır. Erməni mətbuatı iddia edir ki, Putin Ermənistanı bu Qarabağ planının qəbul olunmasına məcbur etməyə hazırlaşır. Həmin plana görə, rəsmi İrəvan kompromislərə və real güzəştlərə getməlidir.

Qeyd edək ki, Azərbaycan və Ermənistan dövlət başçılarının Rusiya prezidentinin vasitəçiliyi ilə keçirilən danışıqlarının birinci raundu ötən ilin avqustunda - Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət kəskinləşəndən dərhal sonra Soçi şəhərində baş tutub. Lakin məhz S.Sarkisyanın günahı üzündən tərəflər arasında razılaşma əldə olunmadı. Belə məlumatlar var ki, mayın əvvəlində Moskvada keçiriləcək görüşdə Putin hər iki prezidentlə yenidən danışıqlara başlamağı və tərəfləri münaqişənin tənzimlənməsinin Rusiya variantının müzakirəsinə qaytarmağı planlaşdırır.
Ümumilikdə, bu deyilənlər nə dərəcədə reallığı əks etdirir?

Məsələyə münasibət bildirən AMİP Siyasi Şurasının üzvü Əli Orucovun sözlərinə görə, indiki situasiyada danışıqlarda hansısa dönüş gözləmək sədəlövhlükdən başqa bir şey deyil: "Xüsusən də Rusiyanın patronajlığı ilə keçirilən danışıqlar prosesində hansısa uğurun əldə olunmasından ümumiyyətlə söhbət gedə bilməz. Çünki ötən illər ərzində sözügedən ölkə heç vaxt bunda maraqlı olmayıb. Hamımıza aydın olan həqiqət ondan ibarətdir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində yox, dondurulmuş vəziyyətdə qalmasında maraqlıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunsa, bu o deməkdir ki, Rusiyanın Cənubi Qafqaza təsir imkanları ümumiyyətlə əldən çıxır. Çünki Rusiya postsovet məkanı ölkələri üçün cəlbedici deyil. O mənada ki, bu ölkənin texnoloji imkanları Qərblə müqayisədə qat-qat aşağıdır. Başqa bir tərəfdən, Rusiya qonşu dövlətlərin iqtisadiyyatına sərmayə yatırmaq və nəticədə bölgənin inkişafına nail olmaq qüdrətində deyil. Yeganə təsir rıçaqı süni olaraq separatçı bölgələr yaratmaq və prosesləri öz maraqları çərçivəsində idarə etməkdir. Dağlıq Qarabağ probleminin həll olunmamış qalmasının kökündə məhz bu amil dayanır. Bax məsələ hələlik bu vəziyyətdədir. Ona görə də sadəlövhlüyə qapılmaq lazım deyil"./Bakı Xəbər/

Vidadi ORDAHALLI