Arçutlu (Ardıclı) gənclərin inkişaf konsepsiyası
Birinci yazı
“ARDIC” Hərəkatının “Arça” düşüncə mərkəzi. Nədir, “Arça” Düşüncə Mərkəzi? – Mərkəz eyni, oxşar və fərqli düşünənləri bir arada cəmləşdirən elmi və ictimai statuslu bir topludur, düşüncələri bir arealda, habelə oxşar və eyni nöqtələrdə sistemli şəkildə koordinasiya edən brilikdir, cəmiyyətdir. Məlumdur ki, düşüncələrin fiziki və mənəvi aspektdə ortaq nöqtələri, təyinatları, istiqamətləri və bu baxımdan da paralellikləri və kəsişmələri təşkil edən forma və məzmunları mövcuddur. Həndəsi dillə ifadə etsək, düşüncələrin, baxışların bucaqları, diaqonalları, çevrəyə aid olan qövs və vətərləri, radiusu və diametri vardır. Düşüncənin həcmi, kəmiyyəti, sahə üzrə miqyası, bu yöndə tərkib elementləri mövcuddur. Düşüncələr mərkəzəqaçma və mərkəzdənqaçma kimi, dar, məhdud, habelə geniş funksiyalara, forma və mahiyyətə malikdir. Düşüncələr varlığı müdafiə öhdəliyinə malik olur.
Düşüncələrin fizikası onların mahiyyətini əks etdirir. Fizika özündə mahiyyəti daşıyır. Düşüncənin fizikası onun mövcudluğudur. Mahiyyət isə ruhudur, dərk olunan məğzidir. Düşüncə-düşüncəyə harmoniya, ahəngdarlıq verir. Vəhdəti yaradır. Düşüncə bir qabiliyyət və istedaddır. Həm də öz yönünə görə həvəs və istəkdir. Düşüncə mənəvi vəzifədir, məsuliyyət və öhdəlikdir. Ona görə ki, həyat düşüncələr, ideyalar üzərində qurulur. Düşüncə məqsəddir, hədəfdir, istək və niyyətdir. Düşüncə məsuliyyət və öhdəlikdir, bu baxımdan da müqəddəs bir borcdur. Düşüncələr xeyirxah əməllərə, pozitiv ideyaların həyata keçməsinə rəvac verməlidir. Düşüncələr bəşəriyyətə xidmət göstərməli, irsi dəyərlərin, mahiyyətin ötürülməsi üçün saxlanc xəzinə və ötürücü rolunu oynamalıdır. Dərin düşüncələr fəlsəfidir, dəyər mənbəyidir, Allah tərəfindən insanlara bəxş edilir. Bu düşüncələri faydalı axara yönləndirmək artıq vəzifədir. Ona sahib olanların öhdəliyidir. İnsan öz düşüncələri ilə Allah və ümumilikdə bəşəriyyət önündə məsuliyyət daşıyır. Düşüncələri dərin olan şəxslərin məsuliyyəti daha da dərin olur. Çünki dərin düşüncələr geniş və əhatəli fəaliyyətin əsaslarını təkmilləşdirir. Fəaliyyət genişləndikcə məsuliyyət və öhdəlik də böyüyür. Düşüncələr duyğulara bağlı olduqda həyat da mənalı olur və xoşbəxtlik nəsib olunur. Düşüncələrin mükəmməliyi, mürəkkəb konstruksiyası kamillikdir, aqillikdir. Bu da həyatı dərk etməyə və incəliklərin mahiyyətini anlamağa imkan verir. Gerçəkliyin inikasını əhatəli şəkildə təmin edir. Hər bir dərin düşüncənin bucağı, piki və ucları sadəlikdən, adilikdən və bəsitlikdən ibarətdir.
Düşüncə zövq yaradır, məmnunluq verir. Pozitiv düşüncədə etika və estetika var. İnsan öz düşüncələri ilə özünü islah edir, bundan da zövq ala bilir. Estetik duyum əldə edir. Həmçinin yaxşı şeylər haqqında düşünəndə rahatlanır. Enerji əldə edir. Bu yöndə qəbul etmək olar ki, düşüncə ilə insan özünü tam idarə edə bilir. Düşüncə iradəni möhkəmləndirir. Qətiyyətlilik formalaşdırır. Xarakterdə mətinliyi, mübarizliyi aşılayır (birləşdirir, calayır), tərənnüm edir. Ali düşüncələr duyğu ilə birləşdikdə səxavəti, xeyriyyəçiliy, xeyirxahlığı və bütün bəşəri hissləri oyadır. Düşüncələr yeni-yeni ideyaları, yenilikləri özündə kəsb edən amilləri ehtiva edir. Sistemli, faydalı düşüncələr ilə idarəçilik də tənzimləməni, seçimləri, təsnifatı, strukturlaşmanı özündə əks etdirmək imkanları qazanmış olur. Bu baxımdan da düşüncə mərkəzi inkişaf konsepsiyasının formalaşımasına və həyata keçməsinə rəvac verən ideyaları özündə məcmulaşdırmaq imkanlarına malik olur. Düşüncələr öz axarı ilə gerçəkliklərə təsir edir, fəaliyyət dalğaları yaradır və gerçəkliklərlə, real şəraitlə təmas və aydınlıq üçün əsas və bağlayıcı, birləşdirici rol oynayır.
İnkişaf konsepsiyası, strategiyası və taktikası nəzəri baxımdan ideyaların ardıcıl və tamamlayıcı şərtlərlə müəyyən məkanda və zamanda meydana gəlməsi və aktuallaşmasını özündə daşıyan hadisələrin gerçəkləşməsi və təzahürüdür. Yəni, sadə dillə ifadə etsək, belə qənaətə gələ bilərik ki, inkişaf axarında gerçəkliklərdən yeni gerçəkliklər törəyir. Yeni-yeni ideyalar başlanğıc götürür və nəticə etibarilə inkişafın reallaşması, praktiki əmələ keçməsi üçün zəmin yaranır.
Düşüncələrin yaratdığı estetik duyum özündə bir məna ifadə edir. Düşüncə yolu və üsulu ilə insan öz gerçək mahiyyətini aşkarlaya bilir, öz mənasını dərk edir, kimlik statusunu formalaşdırır. Düşüncə əmələ, əməl də düşüncəyə təsir edir. Hər ikisi bir-birini şərtləndirir, səbəb və nəticələr verir. Bununla da gerçəkliyin inikası, aydınlaşması meydana gəlir və insanların davranış üsulları formalaşır. İdeyaların reallaşması fonunda hadisələrin gedişatı gerçəklikləri əks etdirir. Təzahürdən də yeni ideyalar meydana gəlir. Bu ardıcıl, şaxəli və şərtləndirici proseslər inkişafın əsaslarını və mahiyyətini özündə təsbit edir.
“Arça” Düşüncə Mərkəzi hadisələri, proseslərin məğzini düşünür, düşüncələr yolu ilə hadisələrin axarını yaratmaq, aktları sistemli şəkildə yönləndirmək məqsədini özündə daşıyır. Düşüncələr vasitəsilə hadisələr törədir (meydana gətirir), aktlar müəyyən edir. Mərkəz ideyalarla çıxış edir. Hadisələri şərh edir, analizlərdən nəticələr çıxarır. Mərkəz keçmişi axtarır, hadisə uyğunluqlarını bu gün və gələcək zamanla bağlayır. Bu sintezdən də düşüncələrin tarixini, arealını və miqtyasını formalaşdırır. Analizlərdən əldə olunan nəticələrlə yeni-yeni ideyalar verir. İdeyalar şəbəkəsini, konsepsiyasını formalaşdırır. Məqsəd inkişafdır, tərəqqidir, çiçəklənmədir. Mərkəzdə ideyalar irəli sürülür və konsepsiyalar formalaşır. İdeyalar şaxələnir. Düşüncə özündə ideyalar cəmini ehtiva edir. Düşüncə hadisələri ifadə etməklə, hər bir məqamı əks etdirən təzahür vasitəsi rolunu oynayır. Düşüncə, fikir hər bir məqamı, anı, hadisəni, əşyanı, aləmi təsvir və təsəvvür edir, xəyallar yaradır. Düşüncələr baza üzərində (ağaca bənzər struktur üzərində) şaxələnir və piramidal formada ətrafa doğru yayılır. Düşüncələr ideyaları qəbul edir və yeni ideyaları aşkarlayır. Hər bir ideya özündə gerçəklik ehtiva edir. Yeni ideyaların əmələ gəlməsi üçün şərtləri təqdim edir. İdeyaların ardıcıl dərk olunmaları prosesləri baş verir. İdeyalar həyat axarını müəyyən edən cərəyanları, axınları özündə ehtiva edir. Yeni forma və mahiyyəti yaradır. Yeni ideyalar yeni başlanğıclar verir, renovasiyanı yaradır. Zamanla ayaqlaşmanı özündə əks etdirir. Düşüncələr aydınlaşdırma funksiyasını yerinə yetirir, passivliyi aktivliyə keçirir. Düşüncələr özü ilə addımları, aktları daşıyır. Düşüncələr hadisələrin baş verməsi prinsiplərini, reallaşdırılmasının üsul və qaydalarını özündə əks etdirir. Düşüncə xatirə, yaddaş verir və bu yaddaş da faktların əks olunmasını, dərinə və ətrafa doğru şaxələnməsini özündə ehtiva edir. Düşüncələr sanki materiala, cismə həkk olunan litoqrafiya, piktoqrafiya, ideoqrafiya rolunu oynayır və hadisələri saxlanca verir.
“ARDIC” Hərəkatının “Arça” Düşüncə Mərkəzi Hərəkatın düşünən, keçmişi, indiki zamanı və gələcəyi beyinlərində və qəlblərində gəzdirən üzvlərinin fikir birliyidir. Fikirlər ortaq koordinatlarda, müəyyən nöqtələrdə üzvi şəkildə bağlanır. Oxşar mahiyyət və məzmun kəsb edir. Nöqtələr özlüyündə başlanğıc və son dayanacaqları, eləcə də ayırıcı yolları, şaxələndirici funksiyanı daşıyır. Bu da özlüyündə vahid amalları və məqsədləri, arzu və istəkləri cəmləşdirir. Amallardan, məqsədlərdən, vəzifə və funksiyalardan yeni-yeni parametrlər, uclar, bucaqlar və start mərkəzləri formalaşır. Ardıcıl, serial düşüncələr cərəyanları, axarları özündə ehtiva edir ki, bu da nəticədə real gerçəklikləri daşıyır. Yəni düşüncələrdə inkişafın, tərəqqinin ruhu duyulur.
“Arça” ardıc ağacı deməkdir. Məcazi mənada ifadə etsək, hərəkatın düşüncəsi ağac kimi şaxələnir, kökdən elementləri, qidaları qəbul edir və budaqlara, yarpaqlara doğru yayır və yayılır. Düşüncə elementləri budaqlar içində gəzərək öz enerjisini təqdim edir. İnkişaf şərtlənir. Əldə olunanlardan faydalanmalar, qidalanmalar meydana gəlir. İnkişaf, tərəqqi, çiçəklənmə düşüncələrin daşyıcısı funksiyasını özündə cəmləşdirir. Düşüncələr ağac kimi ətrafla fotosintez prosesinə cəlb olunur. Botanikanın dili ilə ifadə etsək, strukturlarda avtotroflar (qidalandırıcılar) məhz mənalı düşüncənin özü olur. Düşüncələrin konstruksiyası ağac formasındadır. Şəbəkə xassəsinə malikdir, yayılandır, sintez olunmuş formada şaxələnəndir. Düşüncə ağac konstruksiyasına uyğun şəkildə artır, törəyir, inkişaf edir və geniş arealları əhatələndirir. Ağacın yaşıl rəngi düşüncələrin daim aydın olmasını və açıq məzmununu özündə ifadə edir. Ağac rəmzi sistemdə köklü və budaqlı əsasların qarşılıqlı şərtləndiriciliyini özündə əks etdirir. Fotosintez prosesi ruhun və fizikanın yaşaması üçün qidalar hazırlayır, ətrafdan qeyri-üzvi maddələri cəlb edir və üzvi və faydalı elementlərə, qida mənbəyinə çevirir. “Arça” Düşüncə Mərkəzi qidalandırıcı, yönləndirici, yayıcı və ortaq məxrəclərdə və koordinatlarda elementləri birləşdirici strukturu özündə daşıyır.
“ARDIC” Hərəkatı özlüyündə cəmiyyəti, dövləti, xalqı, icmaları, bütövlükdə bəşəriyyəti və insanları düşünür. Eyni və oxşar düşüncə subyektlərini bir arada birləşdirir. Konkret və mücərrəd, real və ideal düşüncələrin şəbəkəsini meydana gətirir, düşüncələri vəhdətləşdirərək konseptuallığa çevirir. Müxtəlif sahələr üzrə düşüncə axarını yaradır. İdeyalar kompleksini formalaşdırır. Düşüncə axarı beyinlərdə, məfkurələrdə sahələrin, obyektlərin predmetlərini formalaşdırır. Düşüncə mücərrəd və konkret hadisələrin, təzahürlərin inikasını şərtləndirir. Düşüncə özünüdərkdir. Kimliyin tərkibini əks etdirir. Düşüncə şəxsiyyəti formalaşdırır, özünü tamamladır, özünüifadə funksiyasını yerinə yetirir. Düşüncələr, fikirlər əmələ nəzarət edir və davranış modellərini meydana gətirir. Düşüncə sayəsində şəxsin kimliyi müəyyən olunur, təsdiqlənir. “ARDIC” Hərəkatının “Arça” Düşüncə Mərkəzi düşünməklə kəndin, xalqın, bəşəriyyətin özünüdərkini meydana gətirir. Özünüifadənin və özünütəsdiqin meydana gəlməsinə əsas verir. Düşüncələr hadisələrə yön verir və proseslərin axarını ifadə edir. Hadisələrin artan templə gedişatını özündə əks etdirir.
İnkişaf prosesləri başlıca olaraq cəmiyyətin avanqard təbəqəsi olan gənclərin məsuliyyət, vəzifə və öhdəliklərinə aid olan məsələdir. Gənclərin total fəaliyyətinin nəticəsi olaraq əldə edilən dəyərlər inkişaf məhsullarıdır. 02 fevral Azərbaycan gəncləri günüdür. 1997-ci ildən qeyd olunur. 1 fevral 1997-ci ildə verilən Fərmanda qeyd olunur ki, 2 fevral Azərbaycan gənclər günü ona görə elan olunur ki, onlar dövlət quruculuğu sahəsində müstəsna rola malikdirlər. 1996-cı ilin fevral ayında keçirilən Azərbaycan gənclərinin birinci forumunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin gənclərlə bağlı söylədiyi geniş nitqdə bu kimi fikirlərə rast gəlinirdi: “...Bildiyiniz kimi, keçmiş illərdə də Azərbaycanda gənclərin qurultayları, yığıncaqları olubdur, görüşləri, festivalları olubdur. Mən özüm də vaxtilə gənc olmuşam və belə görüşlərdə, toplantılarda iştirak etmişəm. Keçmişdə gənclərin fəaliyyətini və gənclik təşkilatlarının fəaliyyətini layiqincə qiymətləndirərək, mən qeyd etmək istəyirəm ki, bu gün bu sarayda tamamilə başqa bir ab-hava duyulur: sərbəstlik, azadlıq ab-havası. Gənclər, yenə də deyirəm, öz ürək sözlərini sərbəst, istədiyi kimi deyirlər. O formalizm, ştamp, standart artıq aradan götürlməkdədir. Bu, çox sevindiricidir. Sevindirici cəhət ondan ibarətdir ki, gənclər respublikamızın həyatının bu çətin dövründə, ağır dövründə həyat, gələcəyə çox nikbinliklə baxırlar, yaşamaq, yaratmaq əzmindədirlər, böyük problemlər haqqında düşünürlər, böyük problemlər irəli sürürlər...”
BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust Beynəlxalq Gənclər Günü elan olunub. Ümumdünya Gənclər Günü 1985-ci ildə Papa II İohann Pavelin təşəbbüsü ilə Katolik Kilsəsi tərəfindən təşkil edilən gənclər üçün tədbirdir. Onun konsepsiyasına Polşada 1960-cı illərdən bəri mövcud olan İşıq-Həyat-Hərəkatı təsir etmişdir.
Gənclər gününn təsis olunmasından bu yana ölkə gəncliyinin yeni inkişaf mərhələsi başlayıb. Postmodernist dövrdə gənclik istər ölkədə, istərsə də dünyanın müxtəlif bölgələrində bəşəriyyətin inkişafına layiqli töhfələrini bəxş etməkdədirlər. Ölkə gəncliyi ilə bağlı qəbul edilən qanunvericilik aktları, dövlət proqramları özlüyündə bu sahədə ciddi bir konsepsiya formalaşdırıb. Bu baxımdan da ümumi konsepsiya daxilində Qərbi Azərbaycanın tarixi Pəmbək mahalının Arçut (Ardıc) gənclərinin də öz inkişaf konsepsiyaları formalaşıb. Bu konsepsiya ümumazərbaycan gəncləri konsepsiyasının tərkibini təşkil etməkdədir. Ardıc gəncləri hələ Qərbi Azərbaycanda yaşayarkən, qaçqın düşməmişdən öncə öz həyatlarını daimi şəkildə Azərbaycan ölkəsi ilə bağlamışlar. Ali və orta ixtisas təhsili, müxtəlif peşələrə yiyələnmək bu amilin şərtlənməsində həlledici vasitə olub. XX əsr Arçut gənclərini konsepsiyası Azərbaycanın o zamankı konsepsiyası ilə uyğunluq təşkil edib və ondan bəhrələnib. Bu gün də bu proses davam etməkdədir. Arçut gəncləri ölkənin ictimai həyatında fəal rol oynamaqdadırlar. Ümumazərbaycan konsepsiyasının reallaşmasında öz layiqli töhfələrini bəxş etməkdədirlər.
Məlumdur ki, hər bir şəxs, fərd öz doğma yurdunun təmsilçisidir, nümayəndəsidir. Doğma yurdu təcəssüm etdirən bütövdür, vəhdətdir, birləşdirici və bağlayıcı vasitədir, elementdir. Yurdun təbii ruhunun daşıyıcısıdır. Şəxs, fərd doğma yurdun, diyarın abı-havasının, məkanın və mühitin elementlərinin təcəssüm etdirənidir, gerçəkliyidir. Çünki şəxs ruhən həmin yurdun, məkanın, ətraf mühitin, bu baxımdan iqlimin, flora və fauna mühitinin, litosfer və hidrosferin, atmosferin elementlərinin təcəssüm olunduğu fərddir, varlıqdır. Şəxs öz yurdunun, doğma diyarının etno-mədəni daşıyıcısıdır. Sosial strukturun tərkibidir. Mədəniyyəti ifadə edən elementlərin daşıyıcısıdır. Ünsiyyət və əlaqə elementidir. Mübadilələr sayəsində ruh elementlərinin ötürülməsi ilə məkanın mədəniyyət bütövü meydana gəlir. Buradan da icma, toplum, xalq və millət formalaşır. İcma və xalq eyni və müxtəlif dillərdə danışan və məkana bağlı olan etno-mədəni elementlərin vəhdətidir.
İnsan bir fərd olaraq dünyaya gəldikdə öz irsinin bioloji daşıyıcısı olmaqla yanaşı, zaman-zaman ətraf mühitin də özünə toparlayıcı, çəkici, cəzbedici ünsürünə çevrilir. Çünki ətrafdan qidalanır və xassəsini qəbul edir. İnsan öz əməlləri və davranışları ilə vərdişlər yaradır və bununla da öz cəmiyyətinin xassəsinin formalaşmasında iştirak edir. Müəyyən bir məkanın nümayəndəsi olan şəxs, fərd özündə daşıdığı xassələrlə həmin məkanın identifikasiyasını yaradır. Sanki özünün şəxsiyyətini təsdiq edən daşıyıcı bütövünə çevrilir. Arçutda doğulub boya-başa çatan gənclər də elin, obanın ruhunu özlərinə çəkir, öz xələflərinin sələfləri rolunu oynayırdılar. Bu gün də bu proses davam etməkdədir. Yadlar əlində qalmış doğma kənd öz mövcudluğunu həm də keçmiş gənclərinin çiyinlərində, əməllərində və qəlblərində saxlayır.
İnsan böyüdükcə əxlaq və estetika daşıyan mənbəyə və lokomotivə, qatara çevrilir. Öz nəslindən və zamanından, məkanından qəbul etdiyini yaşadır və irsən ötürür. İnsan xaraktercə vərdişləri qəbul edən olur və vərdişləri də ötürür, mübadilədə iştirak edir. Bu mübadilədən də ətraf mühit meydana gəlir. Bu baxımdan da insan ətraf mühitdə yaradıcı və qurucu ünsür, subyekt, tərəf rolunu oynayır. (Qeyd: Məcburi köçkünlüyə qədər Ardıc gəncləri öz yaradıcılıqlarını və quruculuqlarını həm kənddə, həm də ölkənin digər məskənlərində ifadə edirdilər. Bununla da özlərini təsdiq edirdilər. Kəndin adını şərəflə, ləyaqətlə daşıyırdılar. Öz icmalarında və başqa ictimai və sosial strukturlarda Ardıcı ləyaqətlə təmsil edirdilər. Başqa icmalardan qəbul etdiklərini da Ardıcda tətbiq edirdilər. “Arçut kökənli” məfhumunu şərəflə qoruyurdular və fəxarətlə yaşadırdılar ). Yaradıcılıq və quruculuq qabiliyyəti təbii olmaqla yanaşı, istedada, bilik və bacarığa söykənir. Həyat vərdişləri, əmək təcrübəsi ilə təkmilləşir və bu təkmilləşmə prosesi özlüyündə bir məktəbə çevrilir. (Qeyd: Ardıcın təhsil və mədəniyyət məktəbi ilə yanaşı, sosial məktəbi də güclü təlim bəxş edirdi. Təhsildə əldə edilənlər, biliklər cəmiyyətdə də tətbiq olunurdu. Habelə, əxlaq normaları sosial məktəbdə təqdim olunur və inkişaf etdirilirdi. Bir sözlə, orta məktəb təhsili ilə cəmiyyət təlimi ahıəngdarlıq təşkil edirdi). Bu yöndə qəbul etmək lazımdır ki, cəmiyyətin aparıcı qüvvəsi olan yeniyetmə və gənclik harmonik əsaslı keçirici, ötürücü və bağlayıcı funksiya kəsb edir. Bu təbəqə irsən qəbul etdiyini daha da təkmilləşdirir, qazancları artırır və cəmiyyətin fonunu zənginləşdirir. Gənclik təkmilləşdikcə öz gücünü daha da artırır və faydalarını ardıcıl formada və silsilə qaydada təqdim edir. Gənclik həyat yolunda öz xidmətini həyata keçirir və estafeti sonrakı nəslə ötürür. Gəncliyin hərəkəti, kəmiyyət və keyfiyyət dəyişikliyi ilə xassələnən dinamikası və universal dəyişən fon özlüyündə inkişafdır. (Qeyd: Arçut gəncləri çox aktiv idilər. Onlar əldə etdikləri biliklərdən yüksək səviyyədə istifadə etmək strategiyasını seçirdilər. Özlərini böyük ölkənin ictimai və sosial mühitində təsdiq etməyə can atırdılar. Kəndin adını yüksəkliklərə qaldırırdılar. Kəndin sosial-təsərrüfat aləmini mərkəzi və yerli hakimiyyətə layiqincə təqdim edirdilər və bundan fəxr hissi duyurdular. Cəmiyyət quruculuğunda yaxından iştirak və özünüsübut və özünütəsdiq başlıca kredo və meyar idi. Arçut gəncliyi öz iştirakı ilə öyünür və bundan fəxarət hissi duyurdu). Gəncliyin inkişafı dedikdə, onun ruh elementlərinin, mental dəyərlərinin zənginləşməsi ilə meydana gələn dəyişiklik kimi başa düşülə bilər. Gəncliyin ideya bazasının zənginliyi, cəmiyyətə, həyata real baxışları və bu baxışların sistemləşməsi özlüyündə konsepsiyanı, ideyalar məcmusunu meydana gətirir. Gəncliyin inkişaf konsepsiyası nəzəri baxımdan özündə çoxlu sayda ideya, təklif və təşəbbüsləri əks etdirir. Gənclik bu konsepsiya ilə özündə tələb və təklif yaradır. Tələbatın, ehtiyac meyarlarının ödənilməsi üçün gəncliyin potensialı mütləq cavab verən olur. Gənclik reaksiyası təbii instinktdir və adekvatlılıq şərtdir. Gənclik özünü proseslərdən kənarda saxlaya bilmir və proseslərin axarında görür. Eləcə də axarları formalaşdırır. (Qeyd: Arçut gəncləri cəmiyyətdə avanqard ideya mənbəyi rolunu oynayırdı. Sovet quruculuğunda, həmçinin Azərbaycan və Ermənistanın həyatında yaxından iştirak edirdi. Bununla da mədəniyyəti dərindən mənimsəmə məqsədini güdürdü. Mədəniyyıtin özünü də aşılayırdı). Gənclik özündən tələbləri yaradır və özü də həmin təkliflərə cavab verir, təkliflərin təminatını həyata keçirir. Bu yöndə gənclik böyük qüvvədir. Gənclik bir təbəqə olaraq daim çevikdir, aktivdir. Xarakteri elədir ki, yenilik axtarışındadır. Elementləri daimi olaraq qazanmaq strategiyasını güdür. Gənclik mütəhərrikdir. (Qeyd: Arçut gəncləri də əldə etdikləri biliklər sayəsində həm öz kəndlərində, həm də digər məkanlarda yenilik axtarışında olurdular. Qazanclar və nailiyyətlər məna idi. Texniki vasitələrin əldə olunması və bundan yararlanmaq başlıca strategiya və taktikaya çevrilmişdi. Kənd təsərrüfatında əməyin mexanikləşdirilməsində geniş iştirak edir və kənd təsərrüfatının texnologiyasının mənimsənilməsində böyük səy göstərirdilər ). Yeniliklər forma və mahiyyətin dəyişməsindədir, həm də formanı dəyişməklə mahiyyəti saxlamaqdadır. Bu proseslərin mərkəzi qüvvəsində gənclik dayanır. Əzmkarlıq, dəyanətlilik, ləyaqətlilik, mübarizlik, qətilik, iradəlilik, şücaətli olmaq, mətinli, sarsılmaz, möhkəm olmaq, vüqarlı olmaq, hünərli olmaq, prinsipiallıq, pozitivlik, inadkarlıq, dönməzlik və s. kimi müsbət insani keyfiyyətləri özündə ifadə edən və şəxsiyyəti tamamlayan, nizam-intizamın və sistemliliyin əsaslarını özündə cəmləşdirən gənclik bu kimi keyfiyyətləri, əlamətləri çeviklik, çalışqanlıq kimi keyfiyyətlərlə birləşdirdikdə tamamlama meydana gəlir. Gənclik çoxfunksiyalı bütöv bir dinamik aparata çevrilir. Gənclik öz yaradıcılıq və quruculuq xassəsini efirə, səhnəyə çıxardır. Təqdim edir. Bununla da öz mənlyini, eqosunu qoruyur, möhkəmləndirir. Gənclik daim ölkənin, xalqın iftixarının, vüqarının mərkəzində qərarlaşmaq strategiyasını və hədəfini seçir. (Qeyd: Ardıc gəncliyi bölgədə nüfuz qazanmaq, seçilmək, ad-san əldə etmək, rəhbər ideyalarla çıxış etmək, müasirliyi daha tez mənimsək strategiyasını seçmişdi. Bu strategiya və proqram uğurla alınırdı. Nailiyyətlər silsilə və ardıcıl xarakter kəsb edirdi. Arçut gəncləri XX əsrin 60-80-ci illərində texniki-inqilabın və quruculuq bumunun aktiv iştirakçıları idilər).
Şəxs, fərd bu yöndə elin, obanın mədəniyyətinin ifadəçisidir. Daşıyıcılıq sayəsində kimlik, identifikasiya müəyyən olunur. Məlumdur ki, hər bir şəxs bir məmləkətdə doğulur. Doğulduğu yerin ruhunu təşkil edən elementləri qəbul edir. Həmin elementlərin realizəsi ilə yurdunun xassələrini kənar məkanda da ifadə etmiş olur. Ardıc kənd sakinləri qürbətdə olsalar da belə öz ruhlarını son 37 ildə eyni olaraq, baza etibarilə dəyişməz şəkildə saxlayıblar, tərkib elementləri itirməyiblər. Ardıc əsilli uşaq, yeniyetmə və gənclər öz böyüklərindən qəbul etdikləri elementlərin daşıyıcılarına çevriliblər. Böyüklərə bənzəmək, onlardan müsbət keyfiyyətləri və estafeti qəbul etmək bir şərtdir. Arçut gəncləri daimi olaraq yaşda böyümək, əməldə böyümək, vəzifədə böyümək taktikasını seçərək, müəyyən pillələrə qədər qalxmağı hədəf kimi müəyyən edirdilər. Böyümək və nüfuz qazanmaq, cəmiyyətdə sayılıb-seçilmək, barmaqla göstərilmək bir şərəf idi. Yüksək məsuliyyətli vəzifələrdə təmsil olunmaq bir ucalıq idi və xidmətlərin miqyasını böyüdürdü. Yüksək vəzifələr kəndin gənclərinin istedad və bacarıqlarının maksimum realizəsi üçün imkanlar meydana gətirirdi.
Gənclik enerjili təbəqə olduğundan, gəncliyin inkişaf konsepsiyası özündə çoxlu sayda ideyaları məcmulaşdırır. Bu ideyalar fərdə, şəxsə, cəmiyyətə, dövlətə, bəşəriyyətə bağlı olur. İnkişaf konsepsiyası əlaqəli şəkildə inkişaf, hərəkət, dinamika elementlərini özündə ehtiva edir. Hərəkət, dəyişiklik, forma və məzmun keçidləri və əldə olunan qazanclar, fon və məzmun, mühit dəyişmələri inkişafın şərtlərinə aid olur. İnkişaf yaradıcılıq və quruculuqda özünü ifadə edən konstruktiv düşüncələrin əsaslarını əks etdirir. Rəngli, çalarlı və sistemli təcəssüm, həm də sistemli görünüş, nizam-intizam inkişafın özülünü, bazasını ifadə edir. Gəncliyin ideyaları bir-birini əvəz edəndə meydana gələn müstəvi özündə inkişaf mühitini formalaşdırır. İnkişaf mühiti inkişaf formulalarınının əsaslarını özündə ehtiva edir.
İnkişaf konsepsiyasının sisteliliyinin məğzini təşkil edən nizam-intizam bir əxlaqdır. Bu nizam-intizam özlüyündə gözəlliyi və ciddiliyi ifadə edir. Nizam-intizama çalarlı elementlər cəlb edildikdə, rənglərin, çalarların harmonik, uyğun sintezindən gözəllik əldə olunur. Bu gözəllik ruhu zəngin edir. Ruhu qidalandırır. Ruhu sakitləşdirir, ruha estetik zövq verir. Əxlaq fərdin özünü islah edir, münasibət və əlaqələrdə ölçü-biçi amilini şərtləndirir. İslah prosesləri sadəliyi ortaya çıxardır. Həmçinin gəncin mənəvi zənginliyinə xidmətin əsaslarını ortaya qoymuş olur. Arçut (Ardıc) gəncliyi elm, təhsil və əxlaqı özündə tələb kimi, şərt kimi qoymaqla, özündən şablonları uzaqlaşdırmaq funksiyasını yerinə yetirib və bu gün də həmin tendensiya davam etməkdədir.
İnkişafın təcəssümü ruhun zənginləşməsinə xidmət edir. Arçut kəndinin uşaqlarının, yeniyetmə və gənclərinin sağlam ruhda inkişafı başlıca şərt idi. Sağlam ruhun rəhnində elə sağlam tərbiyə dayanırdı. Sağlam tərbiyə ciddi etikanın əsasını təşkil edirdi və sağlam baxışları özündə cəmləşdirirdi. Gəncliyin potensialından fərdin özünün və cəmiyyətin səmərəli əsaslarla istifadəsi başlıca şərt idi. Gəncləri mənalı şəkildə həyata bağlamaq valideyn və müəllim tərbiyəsinin prioritet məqsədlərinə, vəzifə və öhdəliyinə aid idi. Sağlam gənc yetişdirmək hər bir ailənin və məktəbin arzusu idi. Sağlam yeniyetməlik və gənclik sağlam irsin və ənənənin əsaslarını özündə ifadə edirdi. Gəncliyin elmi, təhsili, maarifçiliyi, dünyagörüşü, əxlaqı, estetikası birlikdə gənclik konsepsiyasını tamamlayırdı. (Qeyd: Arçut gəncliyi sadalanan sahələr üzrə öz konsepsiyasını formalaşdırırdı. Kənddə uşaqların, yeniyetmə və gənclərin sağlam şəkildə bir-birini əvəzləməsi mühüm şərt idi. Gənclər həyata yeniliklər qatmaqla yaşamalı idilər. Eyni zamanda köhnəliyi saxlamaq, irsə sahib çıxmaq və sadiq qalmaq onların önündə başlıca vəzifə və öhdəlik idi. Gənclər mədəni olmalı, tərbiyəli davranış nümayiş etdirməli idilər. Gənclər böyüyün-kiçiyin yerini bilməli idilər. Tələb həm də ondan ibarət idi ki, həyatlarını şən keçirməli idilər. Gənclik, yeniyetməlik həyata rənglər qatmalı, kəndin ruhunu zənginləşdirməli idilər. Bu baxımdan da məqsəd və vəzifələrə aid olmalı idi).
Arçut kəndində uşaq, yeniyetmə və gənclərin inkişafı ilə bağlı məşhur tezislərdən, şüarlardan biri belə idi: “Yaxşı, əla qiymətlərlə oxuyursansa, tərbiyən yanaşı olmalıdır. O, olmadıqda oxumağın heç nədir!” Tərbiyə, gözəllik, təmizlik oxumağı tamamlayırdı. Bu tamamlama da özlüyündə şəxsiyyətin tərkibini təmin edirdi. Ardıc düşüncəsi və əməli ləyaqətli, dəyanətli, dəyərli, inanılan, zəmanətli və digər keyfiyyətlərə sahib olan insan yetişdirirdi. Müəllimlər tərbiyənin, özü də ictimai tərbiyənin əsas mərkəzi elementləri idi. Ailə tərbiyəsini kənddə müəllim tərbiyəsi tamamlayırdı.
Kənddə gənclər arasında xüsusi dostluq forması olub. Bu dostluq qardaşlaşmaqdan ibarət imiş. Kəndin qocaman müəllimlərindən olan 15 iyun 1941-ci ildə Arçutda doğulmuş Çəltikov Hacı Hacımahmud oğlunun məlumatına görə, Arçutda “qan qardaşlığı” deyilən xüsusi dostluq forması var imiş. Gənclər bu qardaşlığı yaratmaq üçün əl barmaqlarını yüngülcə kəsərək qan çıxarırlarmış və kəsilmiş yaraları bir-birinə tutuşdurub qanlarını qarışdırırlarmış. Bu, qardaşlıq üçün çox ciddi bir and vasitəsi imiş.
Ardıc kəndi Qərbi Azərbaycanın aparıcı yaşayış məskənlərindən biri olub. Kəndin aparıcılıq xüsusiyyətləri onun əhalisinin inkişaf tempi ilə əlaqədar olub. Kənd bir tərəfdən böyük potensial formalaşdırıb, digər tərəfdən də bu potensialdan səmərli istifadə edib. Kənd geniş sosial ünsiyyətə malik olub və zəngin sosial –mədəni struktur yaradıb. Bu avanqard xüsusiyyət kəndin potensialında özünü ifadə edib. Belə ki, XX əsrin ikinci yarısından sonra kənddə maarifçilik hesabına, kadr və mütəxəssislər sayəsində böyük potensial formalaşıb. Kənddə kənd təsərrüfatı mütəxəssisləri fəaliyyət göstərib, kəndin təkmil inzibati idarəçilik sistemi olub. Kənd orta məktəbi dünyəvi təhsil verib və bu təhsildən çoxlu sayda müxtəlif sahələri əhatə edən kadr bazası yetişib, mütəxəssislər hazırlanıb. Orta məktəb mütəxəssislər hazırlayan ali və orta ixtisas məktəbləri üçün bazanı təmin edib. O zamankı gənclərin əsas maraqları elm, mədəniyyət, incəsənət, ədəbiyyat və müxtəlif texniki peşələrə yiyələnməkdən ibarət olub. Mühəndislik, həkimlik və müəllimlik peşələri, o cümlədən kənd təsərrüfatı texnikasının öyrənilməsi prioritetlik kəsb edib.
Cəmiyyətin sağlamlığı kənd camaatının prioritet məqsədi olub. Uşaqların fiziki və mənəvi sağlamlıqları üçün əhatəli, şaxəli formalı mühüm tədbirlər həyata keçirilib. Uşaqlar, yeniyetmə və gənclər fiziki sağlamlığa cəlb olunublar. İdman və bədən tərbiyəsi geniş yayılıb. Eyni zamanda ruh sağlamlığı da önəm kəsb edib. Gənclərin yetişməsində başlıca tələb olub. Uşaqların, yeniyetmə və gənclərin tərbiyəsi kənd icmasının başlıca məqsədi ni təşkil edib. O zaman kənd icması dedikdə, kəndin məktəb müəllimləri, ağsaqqal və ağbirçəkləri, kənddə nüfuzu olan və söz sahibinə malik digər şəxslərin qeyri-formal birliyi kimi başa düşülüb. Bu birlikdə partiya və komsomolun böyük təsiri olub. Gənclər komsomola və partiyaya qoşulmaq üçün həvəsləndiriliblər. Dəyərli Sovet vətəndaşı yetişdirmək siyasətin başlıca hədəfi olub.
Kənddə yaşayanda məhlədə belə uşaqlar və yeniyetmələr küçədə müəllim və yaşlı adam görəndə utandıqlarından qaçıb evlərinə gizlənərdilər, sıxılardılar. Uşaqlar o dərəcədə ciddi tərbiyə olunurdu ki, müəllimdən və valideynlərindən, yaşlı insanlardan çəkinirdilər. Böyük danışanda kiçiklər susurdular və diqqətlə qulaq asırdılar. Məktəb əsil etika və estetika amili idi. Uşaq, yeniyetmə və gəncliyin səliqəli geyimləri orta məktəbdə formalaşırdı. Məktəb estetikanı tərənnüm edən mərkəz idi. Gənclər önündə böyüklərdən götürmək, onlardan öyrənmək tələbi qoyulurdu.
Kəndin uşaq, yeniyetmə inkişaf dövrünü başlıca olaraq iki böyük qismə ayırmaq olar: 1988-ci ilə qədərki dövr və 1988-ci ildən sonrakı mərhələ. 1988-ci ildən sonrakı, qaçqınlıq mərhələsi daha mürəkkəb oldu və dəyərlərin saxlanılması məsuliyyətini özündə saxladı. Gənclik qazanılmış dəyərləri əlində möhkəm saxladı və özü ilə indiki dövrə qədər saxlamaqda davam etməkdədir. Yeni şərait, yeni gerçəkliklər yeni-yeni tələbləri ortaya qoydu. Yeni gerçəkliklərlə ayaqlaşmaq Arçut gənclərinin ümdə vəzifəsinə və məsuliyyətinə çevrildi. Yeni reallıqları çiyinlərində məsuliyyətlə daşımaq kəndin gənclərinin ümdə vəzifəsi idi. Tapşırıq olaraq qarşıya qoyulmuşdu.
Davamı var...
Elşən Nəsibov (Elşən Ardıc)
Siyasətşünas-alim, yazıçı-publisist. “ARDIC” Hərəkatının təsisçisi. Qərbi Azərbaycan İcmasının üzvü