İş bazarında qiymətlər artdığı üçün toy sahəsində də qiymət endirimi yoxdur

Artıq 6 gündür ölkəmizdə toy mərasimləri keçirilir. İl yarımdır ki, toy etməyə hazırlaşan cütlüklər bu fürsətdən istifadə edib, tez bir zamanda izdivaclarını həyata keçirməyə çalışırlar.

Lakin toylar başlayan ilk gündən narazılıqlar səslənməyə başladı. Narazılıqlar isə daha çox toyların yenə də əvvəlki qaydada təmtəraqlı, dəbdəbəli keçirilməsi, pandemiya ilə bağlı qarşıya qoyulan rəsmi şərtlər, bundan irəli gələrək toy qiymətlərinin azı iki dəfə bahalaşması ilə əlaqədardır. Aparılan araşdırmalar da onu göstərir ki, əgər pandemiyadan əvvəl orta statistik toyda iştirak etmək üçün adambaşına 50 manat düşürdüsə, indi bu rəqəm ən azı 100 manatdır. Bəs qarşıda endirimlər gözlənilirmi?

Biznesmen, “Xəmsə-M” şirkətinin rəhbəri Mürvət Həsənli mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, iş bazarında qiymətlər artdığı üçün toy sahəsində də qiymət endirimi yoxdur: “Bildiyiniz kimi, iş bazarında qiymətlər qalxıb. Bəzi məhsullarda 20-30, hətta bəzilərində 40 faizə qədər qiymət artımı var. Ona görə də bizim sahədə də qiymətlərdə endirim yoxdur. Lakin toylar, toy sifarişləri var. Gündəlik olaraq 150 nəfərlik toylar keçiririk. Yəni əvvəlki illərdə olduğu kimi, toy sahəsində ”trafik" müşahidə olunur".

 

Mürvət Həsənli toy mərasimi iştirakçılarının müvafiq qaydalara əməl etməsi ilə bağlı aparılan nəzarət işlərindən də danışdı: “Baxmayaraq ki, 150 nəfərə nəzarət etmək çox çətindir, çalışırıq ki maksimum dərəcədə sosial  məsafənin saxlanılmasına, tibbi maskadan istifadə olunmasına nəzarət edək”.

Toy, nişan və bu kimi şənlik mərasimlərinin keçirilməsi qaydalarına gəldikdə isə xatırladaq ki, məkan sahibləri bununla bağlı ilk növbədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən idarə olunan icazə.e-gov.az portalından qeydiyyatdan keçməlidir. “ASAN xidmət”dən azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, şənlik mərasimlərinin keçirilməsi məqsədilə məkan sahibləri tərəfindən 4841 əməkdaş və 956 tədbir qeydiyyatdan keçirilib. qeydiyyatdan keçirilən tədbirlərin 336-sı Bakı şəhərinin, digərləri isə bölgələrin payına düşür. Tədbirlər 55 rayon üzrə 259 şadlıq sarayını əhatə edir. Ən çox qeydiyyat sayı 1 iyul tarixində qeydə alınıb. Bu tarixdə 2299 əməkdaş və 383 tədbir üçün icazə alınıb. Onu da xatırladaq ki, şənlik mərasimlərinin keçirilməsi ilə əlaqədar olaraq icaze.e-gov.az portalı 26 iyun tarixindən etibarən EHİM tərəfindən aktivləşdirilib.

Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumatı portala daxil etməlidir. Məkan sahibi tərəfindən əməkdaşlar haqqında məlumatlar portala daxil edildikdən sonra qurumda COVİD-19 pasportu olan əməkdaşların faiz göstəriciləri haqqında məlumat əsas səhifədə əks olunur. 2021-ci il iyulun 1-dən etibarən COVİD-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVİD-19-a qarşı birinci doza peyvənd olunması və ya COVİD-19-a qarşı immunitet sertifikatına malik olması, 2021-ci il 1 avqust tarixindən etibarən isə COVİD-19 pasportunun olması tələb olunur.

Həmçinin şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatlar icaze.e-gov.az portalına əlavə olunmalıdır. Bu zaman, həmçinin məkan sahibi ilə toy sahibi arasında “Şənlik mərasimlərində koronavirus infeksiyasının (COVİD-19) idarə olunması ilə bağlı metodiki göstərişlər”də müəyyən edilmiş tələblərə əməl edilməsinə dair iltizam sənədi də doldurularaq portala yüklənilməlidir.

Bəs toyların fəaliyyətinə icazə verilməsinin ilk həftəsində cərimələnən şadlıq evləri və yaxud vətəndaşlar oldumu?

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, bu günə qədər hələlik ciddi qayda pozuntusu qeydə alınmayıb. Bu haqda qurumun informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

“Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərar və  tövsiyələrə uyğun olaraq, Daxili İşlər Nazirliyi də aidiyyəti qurumlar tərəfindən bütün respublika ərazisində toy mərasimlərinin, ad günü, nişan və digər  şənlik mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı müəyyən olunan formalara vətəndaşlarımız tərəfindən əməl edilməsi ilə bağlı nəzarət-profilaktik tədbirləri gücləndirilmiş qaydada  davam etdirilir.

Məlum olduğu kimi, 50 nəfərə qədər müəyyən olunan ad günü, toy, nişan və digər mərasimləri var ki, həmin məkanda mütləq qaydada tibbi maskadan istifadə tələbi var. Çünki məclisə daxil olan şəxslərin COVİD-19 pasportu və ya immunitet sertifikatı yoxlanılmadığından, risk  qrupuna daxil olan şəxslərin həmin mərasimlərdə iştirak ehtimalı nəzərə alınaraq tibbi maskalardan istifadə məcburiyyəti var və məcburiyyət ona görədir ki, vətəndaşların sağlamlığı nəzarət altında saxlanılsın. Bu cür məkanlarda tədbirlərin keçirilməsi ilə bağlı müəyyən olunmuş kvotalara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun müvafiq tədbirlər həyata keçiriləcək.

50 nəfərdən 150 nəfərə qədər vətəndaşların iştirak etdiyi ictimai iaşə obyektlərində, restoranlarda, eləcə də digər tədbir, mərasim keçirilən ünvanlarda mütləq qaydada icaze.e-gov.az portalından icazə alınmaqla tərəflər arasında imzalanmış iltizam sənədinə uyğun olaraq toy və digər şənlik mərasimləri təşkil oluna, keçirilə bilər. Lakin burada COVİD-19 və immunitet sertifikatı tələb olunduğuna görə 150 nəfərlik məkanlarda tibbi maskadan istifadə tələbi yoxdur.  Bu tələb yalnız xidmət personalına, işçilərə aid edilir. Yəni xidmət personalı, işçilər mütləq şəkildə tibbi maskadan və əlcəklərdən istifadə etməlidir.

DİN  və digər aidiyyəti qurumlar əsas diqqəti ona yönəldir ki, fəaliyyətinə icazə verilən müəyyən kvota daxilində mərasimlərin keçirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlər effektiv icra olunsun, hansısa sui-istifadəyə yol verilməsin. Daha çox ünvanlanan suallardan biri ilə bağlı diqqətə çatdırmaq istəyirik ki, Nazirlər Kabineti tərəfindən 50-150 nəfərlik toylarla bağlı verilən qərarlar yas mərasimlərinə aid deyil. Dəfn və digər yas mərasimləri ilə bağlı tədbirlərdə vətəndaşlar mütləq  şəkildə əvvəlki təyin olunmuş izolyasiya qaydalarına əməl etməlidir". “Yeni Müsavat”

 

Miət