Bu gün Beynəlxalq Mətbuat Mərkəzində siyasi partiyaların ümumi toplantısı keçirilidi
Musavat.com xəbər verir ki, "Köklü islahatlarla dəyişikliklərə doğru” adlı layihə ətrafında gedən müzakirələrlə müşayiət olunan tədbir öncə himnimizin səslənməsi ilə başladı.
Tədbiri giriş sözü ilə AMİP Baş katibi Arzuxan Əlizadə açdı
Təbdirin təşkilatçılarından olan Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn bildirdi ki, hazırda iqtidar və müxalifət dairələrində bir konsensius var. Dəyişikliklərin labüd olduğunu deyən çıxışçıya görə, fikir ayrılıqları dəyişikliklərin harada, necə aparılması ilə bağlıdır: "Fikir ayrılıqları ondan ibarətdir ki, bir qrup hesab edir ki, bu dəyişiklikləri yuxarıdan aparmaq lazımdır. Bu mənada iqtidara dəstək vermək və onları müdafiə etmək nəzərdə tutulur. Digər fikir ondan ibarətdir ki, sosial inqilablar labüddür. Bu məsələlər ətrafında aşırı mövqelər də vardır. Bu dəyişiklikləri istəyən qüvvələrə repressiv metodların tətbiq olunacağı ilə bağlı fikirlər də mövcuddur. Müxalfət daxilində də ifrat aşırı yanaşma odur ki, hakimiyyətdə indiki liderlər qaldıqca pozitiv dəyşikliklər mümkün deyil. Bu hakimiyyət zəbt olunmuş hakimiyyətdir. Bu şəraitdə hakimiyyətlə danışıqlara gedilməsi dövlətə xəyanətdir. Ona görə də dəyişiklik uğrunda bir hədəf qoyulmalıdır ki, hakimiyyət inqilab yoluyla dəyişdirilməldir. Biz hesab edirik ki, müxalifətin əsas vəzifəsi alternativ təkliflər, proqramlar təklif etməkdən, ictimai rəyin gücündən istifadə, islahatlar proqramı ilə çıxış etməkdən ibarətdir. Müxalifətdən təkliflər getməməlidir kimi yanaşmanı doğru hesab etmirik”.
P.Hüseyn bildirdi ki, siyasi proseslərə cəlb olunma dərəcəsindən asılı olmayaraq, xalqın maraqlarına cavab verən hədəflər uğrunda bütün milli, mütərəqqi qüvvələrin birləşməsinə nail olmaq mümkündür. Çıxışçının sözlərinə görə, əməkdaşlıq mümkündür. Bunun təşkilatı fəaliyyət formalarını tapmaq da mümkündür: "Bu dediyimiz milli mütərəqqi qüvvələr cəmiyyətin bütün təbəqələrində, iqtidarın müəyyən dairələrində, ziyalıların içərisində də mövcuddur. Sadəcə səylər göstərmək lazımdır. Amma hesab edirik ki, yarımçıq, imitasion islahatlarla dəyişiklik ideyasına nail olmaq mümkün deyil. Keçən ilin sonlarından etibarən aparılan islahatları qeyd edərək, onun davamını istəyərək, deyirik ki, digər sahələrdə islahatlar davam etdirilməsə, müvəqqəti olacaq. Yenidən cəmiyyətimizdə özünü göstərən problemlər davam edəcək. Ölkədə əsas məsələ bu sahədə, bu problemlərin həlli üçün siyasi-iqtisadi hakimiyyətin ayrılmasına nail olmaq lazımdır”.
Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev də bu layihəni həyata keçirəndə bütün siyasi partiyalar ilə görüşdüklərini bildirdi. Çıxışçı bu tədbirə qatılmadıqları halda öz layihəsini təqdim edən siyasi qüvvələrin də olduğunu dedi.
BAXCP sədri Qüdrət Həsənquliyev isə çıxışında bəzi partiya nümayəndələrinin inqilab istədiyini bildirdi. O, rəhbərlik etdiyi partiyanın yanaşmasını açıqladı: "Bizim partiyanın yanaşmasına görə, ölkədə inqilab üçün şərait yoxdur. Artımlar, sosial-iqtisadi islahatlar bu gərginliyi azaldacaq. Bəzi insanlar bizim milli mənəviyyatımıza yaraşmayan şəkildə iqtidar nümayəndələrini söyürlər. Amma başa düşmürlər ki, söyməklə hakimiyyətə gəlmək mümkün olsaydı, o zaman bütün tərbiyəsizlər, şizofrenlər hakimiyyətə gələrdi. Dünyada ermənipərəst və islamafob qüvvələr Azərbaycanda islahatların olmasını istəmirlər. Azərbaycanı Türkmənistana çevirmək istəyən qüvvələrin hakimiyyətə gəlməsini istəyirlər. İslahatların aparılması müəyyən risklər yaradır. Amma cəmiyyətdəki sağlam qüvvvələr bir araya gəlməli, biz iqtidara, prezidentə müraciət etməliyik. Onu hədələməməliyik ki, islahat olmasa, inqilab olacaq. Bir çox ölkələrin tarixində aparılan islahatlar ölkəni 50 ildə gedəcəyi yolu 5 ilə aparacaq”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı çıxışında son vaxtlar müxtəlif formatlarda siyasi partiyalarda belə toplantıların keçirildiyini və müxtəlif adlarda yaradılan qurumların sonradan sıradan çıxdığını bildirdi: "Bu, bizi ağrıdır. Biz qeyri-ciddi imic yaradan görüşlərdən imtina edirik. Kimsə dəvət edəndə belə rəy yaranır ki, yəqin özünü müxalifətin lideri kimi təqdim etmək istəyir. Hazırda iqtidar mediasını oxuyuram. Qarabağ məğlubiyyətini müxalifətin, bizim üzərimizə atırlar. Bunu qarşılıqlı ittihama çevirmək olmaz. Təbii ki, bu toplantı ilə bağlı mətbuatda yazılacaq ki, bu, iqtidarın sifarişidir. Kim sifariş verib deyə suallar çıxacaq. Bizim o yaşımız deyil ki, kiminsə sifarişi ilə bir araya gələk. Bir yol cızmışıq. Biz bu dövlərin qurulmasında taleyimizi ortaya qoymuşuq, ilk addımlarında adımız var. Bu dövlətin gələcəyi ilə bağlı məsuliyyətimiz var. Bu yollar axtarışında heç kim bizi ittiham edə bilməz. Gəlməyənləri də ittiham etmək olmaz ki, niyə gəlmədilər. Sayğı və hörmətlə, birlik yolu axtarılmalıdır. Xaricdəki insanlara təsir göstərirlər ki, sən bu sözləri deməsən, burda qala bilməzsən. Bu, Qarabağı bizim əlimizdən alan qüvvələrin bundan sonra da məğlubiyyətə sövq etmək istəməsidir. Belə olan halda müxalifətin bir-birini ittiham etməsi gülüncdür. Bu, milli şüursuzluq əlamətidir. Bir araya gəlinməli, ziddiyyətlər kənara buraxılmalıdır. Vətənimiz birdir. Məni 3 partiya dəvət edəndə də, AXH yarananda da getmişdim”.
S.Rüstəmxanlı dedi ki, iqtidarla mədəni dildə danışmaq lazımdır: "Üzeyir Hacıbəyovun da yazdığı kimi, "Aç qapını, gəlim səni öldürüm” ritorikasından əl çəkmək lazımdır. Biz dövlətdən nə istəyirik, bunu müəyyənləşdirmək lazımdır”. Tədbirin sonunda işçi qrupunun yaradılması qaərara gəlindi. /musavat.com/