Bunu Ümumdünya Səhiyyə Təşkilatı Avropa bürosunun fövqəladə vəziyyətlər üzrə eksperti Katrin Smolvud bildirib.
Ekspert “Delta” ştammının Avropada və Rusiyada digər variantları sürətlə sıxışdırdığını, Cənubi Qafqaz və Orta Asiya regionlarında da bənzər halların gözlənilən olduğunu diqqətə çatdırıb. Azərbaycanın indiyədək koronavirusa yoluxma sayını azaltmaq istiqamətində çevik tədbirlər həyata keçirdiyini qeyd edən ekspert “Delta” ştammının da yayıldığını nəzərə almaqla, ölkədə peyvəndləmə işlərinin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Maraqlıdır, “Delta” ştammının yayılmasının qarşısını almaq olarmı və ölkəni qorumağın hansı yolları var?
Mövzu ilə bağlı Cebhe.info-ya danışan Azərbaycan Tibb Universitetinin dosenti, həkim-farmakoloq Aydın Əliyev bildirib ki, virusdan qorunmaq üçün peyvənddən başqa etibarlı vasitə tapılmayıb:
“Alimlərin fikrincə, istifadə olunan peyvəndlərin müəyyən dərəcədə “Delta” ştammından da qorumağa profilaktik gücü var. Gərək biz də bu sahə üzrə deyilən fikirlərə inanaq. Başqa çıxış yolumuz yoxdur. Qalan digər məşhur qaydaları bilirsiniz: təmizlik, sosial məsafə, maska taxmaq lazımdır. Artıq bəzi yerlərdə maskadan istifadə etməmək ixtiyarımız var, amma hətta ayrı-ayrı insanlar arasında belə gəzəndə maska taxmaqda fayda var. Təhlükəsizlik tədbirləri arasında verilən təlimatlara uyğun hərəkət etmək lazımdır. Hələ virusun cürbəcür ştammları ortaya çıxacaq. Yeganə yol peyvəndlənmə və ən əsası isə ölkədə təmiz ab-havalı mühit yaratmaqdır. Qarşılıqlı hörmət, təmiz qida hamımızı qoruyan vasitələrdir”. Cebhe.info
Millət