Məhkəmə Rauf Mirqədirova 6 il cəza kəsdi

Jurnalist ona qarşı ittihamın hüquqa və elementar düşüncə tərzinə zidd olduğunu bəyan edib

Hökmdən apelyasiya şikayəti veriləcək

"Zerkalo” qəzetinin əməkdaşı, əməkdar jurnalist Rauf Mirqədirovun məhkəməsi yekunlaşdı. Dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, jurnalist 6 il azadlıqdan məhrum edildi. Məhkəmə prosesinə sədrlik etmiş hakim Əlisultan Osmanov kifayət qədər iri həcmli olan hökmün mətnini tam oxumasa da, Rauf Mirqədirova qarşı ittihamın məzmunu, həmçinin jurnalistin qapalı məhkəmə iclasında verdiyi ifadəni elan edib.

Rauf Mirqədirov ifadəsində deyib ki, elan olunmuş ittiham üzrə özünü qətiyyən təqsirli bilmir. Jurnalist bildirib ki, ona qarşı irəli sürülmüş ittiham hüquqa da, elementar düşüncə tərzinə də ziddir.

Ifadəsində "Zerkalo” qəzeti, "Monitor” jurnalı kimi nüfuzlu media orqanlarında fəaliyyətindən bəhs edən jurnalist vurğulayıb ki, istər yazdığı məqalələrdə, istərsə də qatıldığı beynəlxalq tədbirlərdəki çıxışlarında daim Ermənistanın işğalçı siyasətini tənqid etdiyini vurğulayıb.

"Hətta yazılarımda, çıxışlarımda dəfələrlə bildirmişəm ki, Ermənistanın ”Nabukko” layihəsinə cəlb olunması yalnız işğalçılıq siyasətindən əl çəkəcəyi təqdirdə mümkün ola bilər. Mənim bu mövqeyim də rəsmi Bakının mövqeyilə üst-üstə düşür”, – deyə Rauf Mirqədirov qeyd edib.

O həmçinin bildirib ki, Leyla və Arif Yunusların həyata keçirdiyi layihələrdə ekspert kimi iştirak edib, buna görə müəyyən qonorar alıb. Amma Ermənistanın xeyrinə casusluq etməsi, hansısa məlumatlar, fotoşəkilləri düşmən ölkənin xüsusi xidmət orqanlarına ötürməsi barədə deyilənlər absurddur.

Rauf Mirqədirova qarşı ittihamın məhkəmə araşdırması zamanı sübuta yetirildiyini bildirən hakim əlavə etdi ki, jurnalistin ilk dəfə məhkumluğu, himayəsində bir azyaşlı uşağının olması, məhkəmədə özünü müsbət tərəfdən göstərilməsi nəzərə alınaraq, ona münasibətdə CM-nin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq olunur: "Rauf Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirli bilinərək, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 6 il azadlıqdan məhrum edilir”.

Xatırladaq ki, Rauf Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub və elə təyyarədə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. Jurnalist o vaxtdan MTN-in təcridxanasında saxlanılır.

"Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı Rauf Mirqədirovu "vicdan məhbusu” elan edib.

"Yaxın günlərdə sizə sübutlar təqdim edəcəm, görəcəksiniz ki…”

Hökmdən sonra vəkil Fuad Ağayev jurnalistlərə açıqlamasında bir daha vurğulayıb ki, Rauf Mirqədirova qarşı ittihamı təsdiqləyəcək heç bir sübut yoxdur: "Ortada olan sübutlar da yalnız Raufu müsbət xarakterizə edən ifadələrdir. Ittihamın formula hissəsini elan elədilər. Orada deyilirdi ki, guya, Rauf tapşırıq alıb, məlumatlar, şəkillər göndərib. Bunun tam təkzibini yaxın günlərdə sizə təqdim edəcəm, görəcəksiniz ki, Raufa qarşı ittiham nə dərəcədə gülünc və əsassızdır”.

Fuad Ağayev bildirib ki, hökmdən apellyasiya şikayəti verəcək: "Bizim mövqeyimiz güclüdür. Xaricə gedən, Ermənistanda olan hər insanı bu cür yollarla ləkələyəcəklərsə, onda gərək Azərbaycanda bu tipli məsələlərlə, siyasi publisistika ilə heç kim məşğul olmasın”.

Vəkil qeyd edib ki, Rauf Mirqədirovun həbsi də, çıxarılan hökm də siyasi xarakterlidir: "Rauf Mirqədirovun həbsi lap əvvəldən siyasi xarakter daşıyırdı və onun həbsdə olduğu dövrlərdə verilən qərarlar da bunun tərkib hissəsi idi. Mirqədirova qarşı bu qərəzin səbəbini çox yerdə axtarmaq olar. Rauf birinci adam deyil ki, bu şəkildə həbs edilib. Bu işdə digər iki nəfərin də adı çəkilir. Belə təqdim olunur ki, onlar Raufun fəaliyyətinə rəhbərlik ediblər. Həmin adamlar artıq azadlıqdadır. Ümid edirik ki, yaxın zamanlarda, heç olmasa, apellyasiya şikayətinə baxılanda Rauf da azadlığa çıxar”.

"Raufun həbsində Rusiya izini istisna etmirəm”

Hökm elan olunarkən məhkəmə zalında olanlar arasında Rauf Mirqədirovun uzun illər çalışdığı "Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı da var idi. Hökmdən sonra o da media nümayəndələrinin suallarını cavablandırdı:

– Məhkəmənin hökmünə münasibətiniz necədir?

– Bir yandan qəliz, bir yandan da sadə sualdır. Bir tərəfdən, fikirləşirəm, yaxşı ki, 15 il vermədilər, 6 illə qurtardı. Amma hər halda, yenə də ümidimi itirmirəm, çünki apellyasiya şikayəti veriləcək. Ümidvaram ki, bir-iki il də orada azaldarlar. Hərçənd, mən hökmdə prokurorun istədiyi cəzadan bir il yox, iki il azaldılacağını gözləyirdim.

– Leyla və Arif Yunuslar həbsdən azad ediləndən sonra xeyli adam Rauf Mirqədirovun da buraxılacağını gözləyirdi. Sizcə, hansı səbəbdən onu buraxmadılar?

– Bu suala cavab vermək bir az çətin məsələdir. Ittiham əsas onun üzərində qurulmuşdu ki, Leyla və Arif Yunuslar Rauf Mirqədirovu Ermənistanın xeyrinə casusluğa cəlb ediblər. Belə deyək, əgər əsas "rezidentləri” buraxıblarsa, "onların əmrini yerinə yetirən” Rauf Mirqədirovu onlardan əvvəl buraxmalıydılar.

– Hökmü siyasi xarakterli hesab edirsinizmi?

– Təbii ki, lap əvvəldən. Təkcə hökmü yox, mən onun həbsini siyasi xarakterli hesab edirəm. Ittiham aktından da görünür ki, Rauf yazdığı yazılara görə cəza çəkir. Nə isə, siyasətdir. Guya, biz siyasətə qarışmırıq, amma siyasət bizim işimizə qarışır. Biz siyasətdən yazırıq, ona görə də bu proseslərin iştirakçısına çevrilirik. Görünür, çox yumşaq şeylər yazmaq lazımdır. Yazmaq lazımdır ki, "uşaqlar, bu gün hava buludlu deyil, Günəş çıxdı, gəlin sevinək”. Onda heç bir problem olmayacaq.

– Bir sıra media orqanları Rauf Mirqədirovun həbsində Rusiya izi olduğunu bildirir. Siz necə düşünürsünüz?

– Mən bu versiyanı heç bir halda, istisna eləmirəm. Hətta bəlkə bu versiyaya daha çox üstünlük verirəm. Demişəm və bir daha təkrar edirəm ki, "Zerkalo” rusdilli qəzet olmaqla, təbii ki, o cür xırda tirajla Rusiyadakı ictimai fikrə təsir edə bilməzdi. Amma "Zerkalo”nun Azərbaycanda Rusiya barədə ictimai fikir formalaşdırmağa gücü çatırdı və bunu da edirdi. Bu isə Rusiyanın, xüsusən 2008-ci ildən yürütdüyü işğalçı siyasətin ifşa olunması idi. Bundan başqa, Rusiyanın Azərbaycan torpaqlarının işğalında oynadığı roldan tənqidi nöqteyi-nəzərdən həmişə yazmışıq. Son Ukrayna hadisələri, Krımın ilhaqı dövründə də qəzetdə Rauf Mirqədirovun imzası ilə Rusiyaya qarşı kəskin yazılar getmişdi. Ona görə də bu versiyanın doğruluğuna inanmaq inanmamağa daha üstün gəlir.

Aytən Məmmədova