Məmurlar vəzifəni özlərinin toxunulmaz şəxsi əmlakları sayırlar


Azərbaycanda bir sıra müxalif siyasi qüvvələr hakimiyyət uğrunda mübarizələrini sanki Azərbaycan uğrunda savaş kimi təqdim edir. Hansı ki, hazırda belə bir mübarizə şəraiti, şərtləri yoxdur. Azərbaycan müstəqil dövlətdir, nizami ordusu, oturuşmuş idarəçilik sistemi var. "Azərbaycan mübarizəsi” artıq pafosdan başqa bir şey deyil. Siyasi güclərin hakimiyyət mübarizəsinə "vətən uğrunda” savaş qiyafəsi geyindirməsi vətəndaşlarda da qıcıq yaradır.

AMİP Siyasi Şura üzvü Əli Orucov bu barədə danışarkən bildirdi ki, nə qədər qəribə görünsə də, bir çoxları tərəfindən Azərbaycanda hakimiyyət, iqtidar dedikdə dövlət başa düşülür. Ona görə də hakimiyyəti tənqid etmək, hakimiyyətə qarşı çıxmaq dövlətə qarşı çıxmaq kimi yozulur. Halbuki bunlar tamam ayrı-ayrı anlayışlardır: "İkincisi, hakimiyyət uğrunda mübarizə ona görə amansız gedir ki, sivil normalar və demokratik qaydalar arxa plana keçirilir, siyasi etika gözlənilmir. Təəssüflər olsun ki, sivil cəmiyyətlərdən fərqli olaraq Azərbaycanda hakimiyyətə siyasi qüvvələr öz proqram və platformalarının, ideyalarının gerçəkləşdirilməsi və xalqa xidmət üçün vasitə kimi deyil, qüdrətlənmə, sonsuz səlahiyyətlər, toxunulmazlıq əldə etmək vasitəsi kimi yanaşırlar. Və bunu da özlərinin toxunulmaz şəxsi əmlakları sayırlar. Ona görə də hakimiyyət uğrunda savaş vətən və ali dəyərlər uğrunda savaşdan daha şiddətli və amansız olur. Burada həm də psixoloji amillər və milli mentalitet amilləri də var . Bizim xalq vəzifəli, qalstuklu şəxslərə daha hörmətlə yanaşır. İnkişaf etmiş ölkələrdə ən yüksək post tutan şəxslər ən adi vəzifələrdə çalışırlar. İctimai nəqliyyatdan sonradan istifadə edirlər, sadə həyat tərzi keçirlər. Azərbaycanda isə dəbdəbəli və zəngin həyat tərzi sanki məmurun bir etalonuna və tanınma markasına çevrilir. Və bu həyat tərzini də qazanmaq üçün ya da əldə saxlamaq üçün mütləq hakimiyyətdə, vəzifədə olmaq vacibdir. Onların yerini tutub həmin imtiyazı əldə eləmək istəyənlər də kifayət qədər olduğu üçün mübarizə amansız olur”.

.