Bakıda çoxmərtəbəli binanın yanması paytaxtın necə abadlaşdırılması
məsələsini gündəmə gətirdi. Dövlət büdcəsindən milyonları udan bina
üzlüklərinin indi keyfiyyətsiz olduğu üzə çıxır, ona görə də hamısı
sökülür və təzələri ilə üzlənəcək. Yeni üzlüklərin isə keyfiyyətinə
zəmanət yenə də yoxdur. Bir binanın yanması Bakının abadlaşdırılması
işində aşkar olunan yalnız bir "yeyinti" faktıdır. Bu gün abadlaşdırma
adı altında tək binaların siması tez-tez dəyişilmir, eyni zamanda bir
avtomobil yolunun bir neçə dəfə təmirinin, salınan yaşıllığın qısa
müddətdən sonra qurumasının, işıq dirəklərinin tez-tez
dəyişdirilməsinin, yaşıllıqların "park salma" adı altında məhv
edilməsinin, yüz milyonlar udan nəqliyyatın intellektual idarə edilməsi
layihəsinin fiaskoya uğramasının və sair hadisələrin şahidi oluruq.
Əlbəttə, bütün bu layihələrin hamısı büdcədən böyük pullar yeyir.
2006-cı ildən ölkəyə gələn neft pullarının həcminin artması hesabına
ərsəyə gələn bu korrupsiya çarxı həm xalqın cibinə, həm də ekoloji
mühitə böyük zərbələr vurur. "Paytaxtın abadlaşdırılması" planı Bakı
əhalisinin artıq 10 ilə yaxındır ki, gərgin həyat yaşamasına sövq edib.
Qısa
araşdırma apararaq bu illər ərzində paytaxtın kosmetik təmiri üçün nə
qədər pul xərcləndiyini öyrənməyə çalışdıq. Qeyd edək ki, paytaxtda
aparılan təmir-tikinti işlərinə bir neçə istiqamətdə vəsait ayrılır. Bu
sırada Bakı Şəhər İcra Hakimiyyəti ilk sırada gəlir. Daha sonra ən böyük
pay Nəqliyyat Nazirliyinə düşür. Bundan əlavə "Bakı şəhəri və ətraf
qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramı
çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Azərenerji",
"Azərsu", Dövlət Neft Şirkəti, Gənclər və İdman Nazirliyi dövlətin böyük
vəsaitlərini xərcləyir.
2006-2014-cü illərdə Bakı Şəhər İcra
Hakimiyyəti vasitəsilə paytaxtın təmir-tikinti işləri üçün dövlət
büdcəsindən aşağıdakı həcmdə vəsait istifadə edilib.
2006-cı ildə - 1,8 milyon manat
2007-ci ildə - 64 milyon manat
2008-ci ildə - 40 milyon manat
2009-cu ildə - 15 milyon manat
2010-cu ildə - 25 milyon manat
2011-ci ildə - 350 milyon 634 min manat
2012-ci ildə - 327 milyon manat
2013-cü ildə - 644 milyon manat
2014-cü ildə - 276 milyon 153 min manat…
Bu
istiqamətdə ən böyük investisiya xərclərini isə "Bakı şəhərində
binaların təmiri, işıqlandırılması, abadlaşdırılması, əhalinin
köçürülməsi" adlı bölmə "udur". Belə ki, sözügedən bölmə üzrə 2011-ci
ilə 198,1 milyon manat, 2012-ci ildə 125 milyon manat, 2013-cü ildə
114,5 milyon manat, 2014-cü ildə 100 milyon vəsait xərclənib. Daha
sonra vəsaitlər müxtəlif obyektlərin əsaslı təmirinə, avtomobil
yollarının çəkilməsinə, "Ağ şəhər" layihəsinə, Zooparkın köçürülməsinə
və sair sahələrə yönəldilib.
BŞİH-lə yanaşı, paytaxtın
ayrı-ayrı rayonlarının icra hakimiyyətlərinə də abadlıq işlərinin
görülməsi məqsədilə büdcənin əsaslı vəsait qoyuluşundan pullar ayrılıb.
Burada diqqət çəkən məqamlardan biri budur ki, Nərimanov rayonu
ərazində abadlıq işlərinin qurulması üçün BŞİH-nə 2011-ci ildə 38 milyon
manat ayrılmasına baxmayaraq, eyni xərc bölməsi üzrə Nərimanov Rayon
İcra Hakimiyyətinə 2013-cü ildə yenidən 20 milyon manat vəsait
yönəldiblər.
Paytaxtın yenidən qurulması üçün digər xərclər
istiqamətlərindən biri də, dediyimiz kimi, "2011-2013-cü illərdə Bakı
şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramının" həyata keçirilməsi ilə bağlı ayrılan vəsaitlərdir. Belə ki;
- Proqramın icrası üçün 12-yə yaxın dövlət qurumuna 300 milyon 308 min manat ayrılıb.
-
Dövlət Neft Şirkəti isə təkcə qazlaşdırmaya 80 milyon manat xərcləyib.
Neftli torpaqların təmizlənməsinə ayrılan vəsait isə göstərilmir.
Paytaxtın
abadlıq işlərinin aparılması zamanı ən böyük xərc bölmələrindən biri də
bulvarın təmiri, Bayraq Meydanının tikintisidir. Beləliklə, bulvarda
yenidənqurma işlərinin aparılması və genişləndirilməsi üçün Nazirlər
Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə;
2011-ci ildə 30,1 milyon manat
2012-ci ildə 18 milyon manat
2013-cü ildə 53 milyon manat
2014-cü ildə 50 milyon manat verilib.
Dövlət Bayrağı Meydanının tikinitisinə və ətrafında abadlıq işlərinin qurulmasına isə;
2011-ci ildə - 65 milyon manat
2012-ci ildə - 40 milyon manat
2013-cü ildə isə - 39 milyon manat
2014-cü ildə - 5 milyon manat istifadə edilib.
Ən
böyük xərc istiqamətindən birini də Nəqliyyat Nazirliyi təşkil edir.
Təəssüf ki, Nazirliyin Bakının avtomobil yollarına sərf elədiyi vəsaitin
dəqiq statistikası təqdim edilmir.
Dövlətin
milyardlarla vəsaiti xərclənmiş bu abadlaşdırma işinin necə həyata
keçirilməsi, hansı şirkətlərə tapşırılması, tenderlərin şəffaflığı və
sair kimi məqamlar mətbuatın daim gündəmində duran məsələlərdir.
Tenderdə "qalib gələn" şirkətlərin adları yalnız hansısa faciələr
meydana çıxanda məlum olur. İri həcmli layihələrdə bu şirkətlərin adları
müəyyən qədər məlum olsa da, orta və kiçik layihələrdə podratçıların
kimlərdən ibarət olması ümumiyyətlə, açıqlanmır.
Faciəyə
səbəb olan yanğın hadisəsi göstərdi ki, təmir-tikinti, yenidənqurma
işləri keyfiyyətsiz olmaqla yanaşı, onların həm də əhali üçün ekoloji
təhlükəsi məsələsi meydana çıxıb. Daş örtüklərinin plastik örtüklərlə
əvəzlənməsinin insan orqanizminə təsirləri, habelə ənənəvi ağacların
məhv edilərək yerinə bəzək ağaclarının əkilməsi, göllərin qurudulması
ekoloji tarazlığın pozulması kimi təhlükələri meydana çıxarıb. Biz hələ
tarixi binaların sökülməsi, əhalinin mülkiyyət hüquqlarının kobud
şəkildə pozulması kimi faktlara toxunmuruq. Paytaxtın kosmetik
gözəlləşdirilməsinə münasibətlər birmənalı deyil.
İqtisadçı-ekspert
Qadir İbrahimlinin fikrincə, abadlıq işlərinin həyata keçirilməsi
zamanı dövlət qurumları vəzifə borclarını konkret standartlara
uyğunlaşdırmalıdır: "Şəxsi münasibətlər, şəxsi rəylər əsasında şəhər
təsərrüfatını idarə etmək mümkün deyil. Tikinti sektorunda müəyyən
standartlar müəyyənləşməlidir. Pərakəndə və keyfiyyətsiz tikinti
işlərinin həyata keçirilməsi, əslində, vahid baş planının olmamasından
irəli gəlir. Burada şəhərin dizaynı ilə yanaşı, işlərin görülmə
keyfiyyəti, ətraf mühitə təsirlər dəqiqləşdirilməli, tikinti
materiallarının standartları olmalıdır. Tikintinin icazə alma
mexanizmlərini yüngülləşdirmək, rüşvəti isə aradan qaldırmaq lazımdır.
Bu zaman şirkətlər də öz işlərini qura biləcəklər. Əgər bunlar
müəyyənləşərsə, bu sahədə olan sosial problemlərin də hamısı həll
olunacaq".
Ekoloq Telman Zeynalov isə Bakının
abadlaşdırılmasına çox optimist yanaşır: "İndiki abadlaşdırma işlərinə
münasibətim çox yaxşıdır. Neftlə çirklənmiş ərazilərdə yaşıllıq zonası
yaradılıb. Mən həmin ərazilərə baxmışam, yaşıllıq zonası
genişləndirilib. Bundan əlavə şəhər meqapolisi böyüyür. 21-ci əsrə uyğun
tikililər aparılır ki, buna müsbət yanaşmaq lazımdır. İradlar səslənir
ki, mafioz qruplar mənimsəyirlər. Amma bugünkü abadlıq işi gələcək nəsil
üçün qalır"./Bizim Yol/
"Bir vaxtlar "Dostluq parkı"nın
sürətlə dağıdılmasını çox tənqid etdik. Axır ki, problem öz həllini
tapmağa başladı. Göllərin təmizlənməsi haqqında Prezident sərəncam verdi
ki, bunu dəstəkləyirəm. Amma apardığımız monitorinqlər zamanı müşahidə
etdik ki, göllərin qərb hissəsi təmizlənsə də, şərq hissəsi yenidən
çirkləndirilir. Deməli, kimlərsə, Prezident verdiyi sərəncamlara
dırnaqarası baxır",-deyə ekoloq vurğuladı. /"Bizim Yol"/