Mərkəzi Hərbi Sanatoriyanın rəisindən Qarabağ döyüşçülərinə ağılasığmaz ittiham

Hərb ilə bağlı istənilən mövzu cəmiyyətdə çox həssaslıqla və diqqətlə qarşılanır. Bu da təsadüfi deyil. Müharibə şəraitində olan, düşmən dövlətlərlə əhatələnən, azadlığı və ərazi bütövlüyü uğrunda minlərlə şəhidlər verən xaqlın ayaqda qalma, güvənc yeri də məhz onun ordusu, silahlı qüvvələridir. Amma təəssüflər olsun ki, bəzən burada da neqativ hallara rast gəlinir. Bəzilərinin tamahkarlığı, əliəyrliyi, pis niyyətləri, tutduğu vəzifəsindən sui-istifadəsi, qərəzliliyi və bu kimi məziyyətləri hərbi sahəmizin imici və cəmiyyətdəki mövqeyi ilə ziddiyyət yaradır.

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasında hərbçilərin və onların ailələrinin istirahət və müalicə alamağı üçün dövlət tərəfindən hər cür şarait yaradılıb. Ən müasir standartlara cavab verən avadanlıqlar quraşdırılıb. Burada 160 nəfərdən çox əməkdaş çalışır və hər cür maddi-texniki təhcizata malikdir. Lakin sanatoriyanın idarəçiliyində və yanaşmada ciddi problemlər, qüsurlar var. Əvvəllər Göradil Hərbi İstirahət Evi kimi tanınan Mərkəzi Hərbi Sanatoriyada (MHS) iki il əvvəl Vadadi Əliyev adlı yeni rəis təyin olunandan sonra ab-hava da dəyişdi, idarəçilik də. Həmin vaxtdan eribarən MHS təzə rəisin "iş rejimi” və yaratdığı "qayda-qanunlarla” fəaliyyət göstərməyə başladı. Rəisin ilk gördüyü tədbirlərdən biri sanatoriyada istirahət edənlərin əksəriyyətinin qeydiyyatdan gizlədilməsi, pulların mənimsənilməsidir. Halbuki həmin vəsait büdcəyə oturmalı, sanatoriyanın maddi-texniki və tibb personalının saxlanılmasına yönəldilməlidir. Maraq üçün sanatoriyanın veb səhifəsinə göz gəzdirərərk göstərilən xidmət və tibbi personalla tanış olarkən məlum oldu ki, orda çalışan tibb işçilərinin bir qisminın "Odlar Yurdu” Universitetinin təhsil verdiyi həkimlərdı. Hansı ki, həmin özəl universitetin mükəmməl tibbi biliklər verən təhsil bazası yoxdu. Yaxud da, gündəlik xərcin 30 manat göstərilməsinə baxmayarq, bu qiymətə burada müalicəvi istirahət almaq sadəcə mümkün deyil. Verilən yeməklərin isə keyfiyyətindən danışmağa dəyməz.

Araşdırmamız zamanı tükürpədən bəzi faktlar da ortaya çıxdı. Məlum oldu ki, rəis Vidadi Əliyev bəzi əməkdaşların plastik kartlarını alıb pullarını mənimsəyib. Cəmilə Kərimova, Ramilə Hüseynova, Mətləb Allahverdiyev, Xəyal Xudiyev adlı əməkdaşlar rəis Vidadi Əliyevin tamahının qurbanı olaraq öz halal əməkhaqqlarını ala bilməyiblər. Çox çək-çevirdən sonra X.Xudiyevlə M.Allahverdiyevin pulu 3 aydan, C.Kərimova ilə R.Hüseynovanın pulu isə 6 aydan sonra ödənilib. Məsələ o qədər böyüyüb ki, Ramilə xanım öz haqqının bərpa edilməsi üçün Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinə mürciət etmək məcburiyyətində qalıb. Bundan hiddətlənən rəis Ramilə xanımı gözümçıxdıya salır, ona müxtəlif təzyiqlər göstərməyə başlayır.

Daha detallı desək, Mərkəzi Hərbi Sanatoriyada Hüseynova Ramilə İlqar qızı 07.05.2015-ci il tarixdən, Kərimova Cəmilə Qələm qızı isə 06.05.2015-ci il tarixdən işləyirlər və işlədiyi dövrdən həmin xanımlar plastik maaş kartı ilə təmin olunurlar. Hüseynova Ramilə və Kərimova Cəmilə 2015-ci ilin iyun ayının maaşını plastik kartdan çəkmək istəyərkən kartda pulun olmadığı məlum olur. Hüseynova Ramilə və Kərimova Cəmilə tərəfindən sanatoriyanın maliyyə xidmətinə müraciət edildikdə pulların onların hesabına köcürüldüyü deyilir. Aydın olur ki, Hüseynova Ramilə və Kərimova Cəmilənın hesabından 287 manat pul çıxarılıb. Daha sonra pulların sanatoriyanın keçmiş maliyyə xidməti rəisi –baş mühasib Əlimirzəyev Ceyhun Ağasəlim tərəfindən çıxarıldıgı məlum olmuşdur. Yuxarıda qeyd olunan fakt Respublika Hərbi Prokurorluğunda araşdırlır. 2016-ci ilin fevral ayında pulları maaş kartından icazəsiz olaraq çıxardılan Hüseynova Ramilə həmin faktla bağlı Müdafiə Nazirliyinə şikayət edir. Həmin şikayət əsasında Müdafiə Nazirliyinindən sanatoriyaya cavab məkutubu gəlir və bu işin araşdırılması tapşırılır. Bundan sonra sanatoriya rəisi Vidadi Əliyev tərəfindən Müdafiə Nazirliyi Tibb Baş İdarəsinə cavab verilr və qanunsuz olaraq Hüseynova Ramilə və Kərimova Cəmilənin maaş kartından pulu götürən Əlimirzeyev Ceyhun tərəfindən pul hissə-hissə geri qaytarılır. Pul kartından pulu icazəsiz götürülən Hüseynova Ramilə Vidadi Əliyevin təlimat və təzyiqi ilə Respublika Hərbi Prokurorluğunda öz ifadəsini dəyişərək başqa məzmunda ifadə verir. Belə ki, Ramilə Hüseynova Müdafiyə Nazirliyinə yazdığı şikayətində Ceyhun Əlimirzəyev tərəfindən pullarının mənimsənildiyini göstərdiyi halda, 6 ay sonra Respublika Hərbi Prokuroluğunda verdiyi ifadədə Əlimirzeyev Ceyhuna maaş kartından pul çəkilmədiyini, pulu borc verdiyini deyir. Ramilə Hüseynova tərəfindən yazdığı izahatlarda da 287 manat pulun Ceyhun Əlimirzeyev tərəfindən ona və Kərimova Cəmiləyə hissə -hissə qaytarıldığı göstərilib.

Indiki halda isə, yuxarıda qeyd olunan faktın Vidadi Əliyevin öz əlehinə çevriləcəyinə ehtiyat etdiyi üçün, qabaqlayacı tədbir olaraq Hüseynova Ramiləni dəyişik ifadə verməyə məcbur etmişdir, hansı ki, həmin faktla bağlı Müdafiə Nazirliyi ilə Mərkəzi Sanatoriya arasında yazışmalar durur.

Vidadi Əliyev tabeçiliyində olan işciləri çağıraraq, onları kabinetində təlimatlandırdıqdan sonra, işçilər Respubilka Hərbi Prakurorluğuna ifadə verməyə gedirlər. Bu qədər qanunsuzluqlar etməsinə baxmayaraq, o, çox rahat və arxayındır. Vidadi Əliyev özünü arxalı saydığından heç kimi saymır.

Hələ bu harasıdır. Deyilənlərə görə, zirək rəis Ağayev Namis Ramiz oğluna 400 manat əməkhaqqı və 400 manat da "paket” söz verərək, ondan 2000 manat rüşvət alaraq Mənzil İstismar Xidmətinə rəis təyin etsə də, verdiyi sözü tutmur. Aldadıldığını başa düşən Namis Ağayev rəisin yanına gedib ondan verdiyi 2000 manatı geri qaytarmasını tələb edir. Əvəzində isə kabinetdə rəisin ən ağır təhqir və söyüşləri ilə üzləşməli olur. Bundan hiddətlən Namis Ağayev də üz tutur Müdafiə Nazirliyinə və Respublika Hərbi Prokurorluğuna ki, ona qarşı edilən haqsızlıqlar dayandırılsın və rüşvət olaraq verdiyi 2000 manat geri qaytarılısın. Bu müraciətlə bağlı da Respublika Hərbi Prokurorluğunda araşdırmalara başlanılıb.

Namisin bu müraciəti rəisi o qədər əsəbləşdirir ki, onu MİX rəisi vəzifəsindən çıxararaq camaşirxanıya göndərir.

Sanatoriyanın rəisi Vidadi Əliyevin 2-ci qrup Qarabağ Müharibəsi Qazisi Xudiyev Elşən Qürbət oğlunun başına gətirdiyi müsibətlər, ona sərgilədiyi münasibət təkcə Elşən Xudiyevə deyil, bütünlükdə Qarabağ Qazilərinə, Azərbaycan Silahlı Qüvvələrinə, onun ərazi bütövlüyünə olan neqativ, vicdansız və düşmən münasibətin göstəricisi sayılmalıdır. Belə bir şəxsin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasında hələ də rəis vəzifəsində qalması heyrət və təəccüb doğurur.

2-ci qrup Qarabağ Qazisi Elşən Xudiyev 2006-cı ilin iyul ayından Goradil Hərbi İstirahət Evində, hal-hazırda isə Mərkəzi Hərbi Sanatoriyada 25.01.2016-cl ilə qədər gözətçi vəzifəsində işləyib. O, 1994-cü ilə qədər torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş, vətən və torpaq üçün əlindən gələni əsirgəməmişdir. 26.11.2007-ci ildən 25.01.2016-cı ilədək Müdafiə Nazirliyi Mərkəzi Hərbi Sanatoriyasında gözətçi–mühafizə bölmə rəisi vəzifəsində işləmişdir. Işlədiyi dövrdə öz işinə vicdanla yanaşmış. 10 il müddətində cəzalandırılmamış və töhmət almamışdır. Dəfələrlə fəxri fərmanla təltif olunmuş və mükafatlandırılmışdır. 2015-ci ilin yanvar ayından isə sanatoriyaya yeni təyin olunan rəis, polkovnik-leytenat Vidadi Əliyev tərəfindən E.Xudiyevə qarşı münasibət dəyişmişdi. MHS-nın kollektivi 04.03.2015-ci ildə E.Xudiyevin ad gününü qeyd edirdi, sanatoriyanın rəisi də ordaydı. Vidadi Əliyev məclisdə öz çıxışı ilə Elşən Xudiyevi təbrik etmək əvəzinə, onun ləyaqət və şəxsiyyətini təhqir edir. Sanatoriya rəisi Vidadi Əliyev öz çıxışında qeyd edir ki, mən 10 gün Qarabağ və Şuşada oldum, gördüm ki, Qarabağda döyüşənlərin hamısı narkoman və arvadbazdır. Bu söz E.Xudiyevə ağır gəlsə də ədəbini gözləyərək rəisə cavab verməyib. Vidadi Əliyev Elşən Xudiyevi adi sözlə də olsa təbrik etməyib. Bu soyuq münasibət getdikcə artmağa başlayır. Vidadi Əliyev tərəfindən 2006-cı ildən 2015-ci ilin iyun ayına qədər bir dəfə də olsun töhmət və xəbərdarlıq cəzası olmayan Elşən Xudiyevə 2015-ci ilin iyun ayında şəxsi işinə yazılmaqla şifahi xəbərdarlıq verilir. Səbəb olaraq da göstərir ki, guya Elşən Xudiyev mühafizə xidmətinə aşağı səviyyədə nəzarət edir.

2015-ci ilin yay ayları istirahətçilərin və hərbiçi ailələrin aktiv olaraq istirahət etdikləri dövrdür və çox ailənin də öz şəxsi avtomobilləri var. Bu avtomobillər həmin tarixə qədər sanatoriyanın avtodayanacağından hər zaman pulsuz istifadə ediblər, 2015-ci ilin yay ayından isə artıq bu qaydalar dəyişib. Gələn istirahətçilərdən avtomobillərin avtoparkda saxlanmasına görə rəis tərərfindən verilən tapşırığa əsasən pul alınmağa başlanılır. İstirahtçilər bu zaman etiraz etdilər ki, indiyədək bizdən pul alınmayıb. Elşən Xudiyev Sanatoriya rəisi Vidadi Əliyevin otağına gedərək onun diqqətinə çatdırır ki, istirahətçilər yığılan pula görə çek istəyirlər. Vidadi Əliyev isə Elşən Xudiyevə maliyyə bölməsi ilə əlaqə saxlamasını tapşırır. Maliyə bölməsi buna öz etirazini bildirərək olmaz deyir. Bundan sonra Elşən Xudiyev bu işin olmayacağını Vidadi Əliyevə bildirir və ondan bununla bağlı daxili əmr istəyir. Vidadi Əliyev isə "zəhmət çək çek istəyən istirahətçiləri mənim yanıma gətir, hara istəyirlər gedib şikayət etsinlər” cavabını verir. Bundan sonra məcbur qalan mühafizəçilər dayanacaq pulu yığır və Elşən Xudiyev 2015-ci ilin iyul ayı üçün avtodayanacaqdan istirahətçilərdən qanunsuz olaraq yığılan 238 manat pulu maliyyə bölməsinə aktla təhvil verir.

Lakin pulun maliyyədə qeydiyyata düşüb-düşmədiyini bilmir. Bu narazılıqlardan sonra növbəti aylar üçün istirahətçilərdən artıq pul yığılmayır. Elşən Xudiyev eyni zamanda pul yığma məsələsini mühafizəçilərə aidiyyatı olmadığını Vidadi Əliyevə bidirdikdən sonra onun qara günləri başlayır. Vidadi Əliyev Elşən Xudiyevi çağıraraq nə üçün pul yığmadığını soruşduqda Elşən qorxduğunu və bu işin qanunsuz olduğunu rəisə bildirir. O tarixdən sonra sanatoriya rəisi Qarabağ əlilinə qarşı daha da aqresivləşir. Elşən Xudiyev 07.10.2015-ci il 27.11.2015-ci il tarixləri arasında məzuniyytədə olur və məzuniyyətdən qayitdiqdan sonra isə Vidadi Əliyevin Elşənə qarşı münasibətlərində yaxşılığa doğru bir dəyişiklik baş vermir. Rəis 01.12.2015-ci ildə ENB-2-yə baxış zamanı müəyyən nöqsanlar aşkarlayır. Həmin tarixdə ENB-2-də gözətçi Abbasov Hafiz, növbə rəisi Əsgərov Kamil Sənan oğlu olur. Həmin nöqsanların birbaşa səbəbkarı olan gözətçi Abbasov Hafiz və növbə rəisi Əsgərov Kamil heç bir cəza almadıqları halda, sadəcə Elşən Xudiyevin cezalandırlması ikinci qrup Qarabağ əlilinin sağlığına pis təsir edir. Elşən Xudiyevə ən çox təsir edən isə həmin töhmətin Vidadi Əliyev tərəfindən 3 dekabr 2015-ci ildə Respublika Əlillər günündə elan edilməsi olur. Heydər Əliyevin anım günündə keçirilən tədbirdə Elşən Xudiyev olmaya-olmaya deyir ki, belə getsə mən Elşənə ikinci töhməti verdikdən sonra əmək müqaviləsinə xitam verəcəm. Belə hallar Elşənin psixologiyasına ve sağlığına çox pis təsir göstərir. Həmin tarixlərdən sanatoriya rəisi Elşəni görəndə heç Allahın salamını da vermir, xidmət və bölmə rəislərini iclasa çağıranda tapşırır ki, Elşənden başqa hami gəlsin, Elşən komisiya üzvü olduğu halda onu çıxardıb adi gözetçini onun yerinə komisiya üzvü təyin edir.

Sanatoriyada aylıq cavabdeh qaldığı halda, onu cavabdehlikdən uzaqlaşdırır. Bütün bunları Elşən Xudiyev özünə təhqir hesab etdiyindən və bu təqib və təzyiqlər onda ciddi psixoloji sarsıntılar yaratmış və onu intihar həddinə çatdırmışdır. Həmin tarixdə verilən töhmət cəzası səbəbindən onun 25% lik mükafatı 6 ay ərzində kəsilmişdir. Qarşılaşdığı haqqsızlıqlardan təngə gələn 2-ci qrup Qarabağ əlili Elşən Xudiyev Azərbaycan Respublikası Müdafiə Nazirinə teleqram vurur. Teleqramla əlaqədar olaraq onu Müdafiə Nazirliyi Tibb Baş İdarəsinə dəvət edərək orada onunla görüşərək bildirilib ki, narahat olma get işini gör və bir daha belə hal olmayacaq. 25.01.2016-ci il tarixdə səhər yenə də Müdafiə Nazriyinin Tibb Baş İdarəsində qəbulda olur. 25.01.2016-ci il tarixdə məzuniyyətdən qayıdan sanatoriya rəisi Vidadi Əliyev səhər- səhər iclas kecirərək Müdafiyə Nazirliyi Tibb Baş İdarəsi rəhbərliyinin sözünü belə eşitməyərək , sayamayaraq Elşən Xudiyevi vəzifəsindən uzaqlaşdırmış və özünü sığortalamaq və təzyiqlərdən qorumaq üçün onu gözətçi vəzifəsinə təyin edib. Halbuki sağlığında problem olan Qarabağ əlilinə 24 saat növbədə durmaq olmaz. Bir əmələ görə bir cəza verilir, Elşən Xuduyev isə töhmət aldıqdan sonra, həm mükafatı 6 ay kəsilmiş, həm də daha aşağı vəzifəyə keçirlilmişdir. Bütün bunların səbəbi isə Elşən Xuduyevin öz haqqını qorumaq ümüdü ilə, Azərbaycan Respublikası Müdafiə Nazirinə teleqramı səbəb olmuşdur.

Elşən Xuduyev Mudafiə Nazriliyinə vurduğu teleqramla,öz hüquqlarını bərpa edəcəyini düşündüyü anda, 26.01.2016-ci ildə Vidadi Əliyevin keçirdiyi iclasda ,etdiyi hərəkət və sözlər,Elşən Əliyevin ümidlərini öldürmüşdür. Müdafiə Nazirliyi Tibb Baş İdarəsi rəhbər işçilərinin Elşən Xuduyevə verdiyi söz,yəni get işinlə məşgul ol,narahat olma sözü Elşən Xuduyev üçün nə qədər ümid idisə, Vidadi Əliyevin heç kimi sayamamazlığı və Elşən Xuduyevə söz verilməsinə baxmayaraq həmin gün işindən uzaqlaşdırlmağı onun hər şeyə inamı öldürüb. 25.01.2016-ci il tarix iclasda Vidadi Əliyev Elşən Xuduyevi iclasda danlayaraq sən kimsən özbaşına şikayət edirsən, buranın patronu mənəm, səni işə mən götürüşəm və səni də mən işdən çıxarda bilərəm deyə və başqa ifadlərlə onu təhqir edib.

Göründüyü kimi, MHS-ni özünün obyektinə çevirən, dövlət pulunu həzm-rabedən keçirən rəis Vidadi Əliyev Nazirlikdəki havadarlarının sayəsində hələ də at oynatmaqda, onun-bunun haqqını yeməkdə davam etməkdədir. Əslən Göyçaydan olan Daxili Qoşunlarda bir vaxtlar həkim-masajist işləyən və istefada olan polkovnik-leytinantın Z.Həsənovun Müdafiə Naziri təyinatından sonra "cirtdəyinin çırtlaması” dövrü başlayıb və pul, para gözünü o qədər örtüb ki, cəzasızlıq mühitində istədiyi hər hər cür hərəkəti çəkinimədən, qorxmadan həyata keçirir. Qardaşı, bacısı oğlu, bacısı qızı, qızı, demək olar ki, bütün qohum-əqrabasını başına toplayaraq Nazirliyin boyda Mərkəzi Hərbi Sanatoriyasını ailə biznesinə çevirib. Yan-yöyrəsinə yığdığı adamlarla, komandası ilə sanatoriyanı çapıb-talamaqdadırlar. Şikayət edənlərə, etiraz səsini qaldıranlara isə göz verb, işıq verilmir. Biz V.Əliyevin bu özbaşınalıqlarını, ondan edilən saysız-hesabsız şikayətlərin necə və kimlərin köməkliyi ilə itirilib-batırıldığını da, onun himayədarlarının da, güvəndiyi, arxalandığı şəxslərin də kimliyini bilirik. Lakin onların da diqqətinə çatdırırıq ki, ipi yığın. Yetər bu qədər haqsızlıq. Müdafiə Nazirliyini bazara və rüşvət yuvasına çevirməyə cəhd göstərməyin. Yoxsa bu xalq sizi daş-qalaq edər.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.