Mövcud hökumət ölkəni bu böhrandan çıxarmaq iqtidarında deyil

Əli Orucov: "Bu hökumət ölkəni böhrandan çıxarmağa qadir deyil”

Vüsal Qarayev: "Korrupsiya ilə məşğul olanlar ciddi cəzalandırılmalıdır”

Ölkədə ağır iqtisadi böhran davam edir.Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neftin dünya bazarında qiymətinin ucuzlaşması, milli valyutanın 2 dəfə kəskin devalvasiyaya uğraması vəziyyəti daha da çətinləşdirdi.Hökumətin böhrandan çıxmaq üçün atdığı addımlar isə müxalif qüvvələrin etirazına səbəb olur.Son olaraq Tarif Şurasının komunal xərclərin artırılması haqqında verdiyi qərar isə ümumilikdə əhalinin etirazı ilə qarşılandı.

Bu günlərdə istər mediada, istərsə də ictimaiyyətdə ən çox müzakirə olunan məsələ bununla bağlıdır.Hökumətin atdığı addımları düzgün hesab etməyən müxalifətin böhrandan çıxmaq üçün hansı təklifləri varmı?

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, hökumət ölkəni böhrandan çıxara bilməyəcək: "Hesab edirəm ki, hökumətə yeni qüvvələr gətirilməlidir. Mövcud hökumət ölkəni bu böhrandan çıxarmaq iqtidarında deyil.Artıq ölkədə böhran pik həddə çatıb.Hökumətə hər-hansı bir təklif verilməsinin də heç bir əhəmiyyəti yoxdur.

Bu günə qədər müxalifət tərəfindən hökumətə kifayət qədər təkliflər verilib.Hökumət bu təkliflərin hansına pozitiv yanaşıb, əməl edib ki?Sonuncu qiymət artımı da onu göstərdi ki, hökumət xalqın maraqlarını düşünmür.Məmur ordusu ancaq xalqı talamaqla məşğuldurlar.Həbs olunan məmurların cinayət işlərində hansı əməlləri törətdiklərinin şahidi oluruq.Onlar külli miqdarda dövlət əmlakını talayıblar.Bu cür məmurları olan hökumətə heç bir təklif vermək düzgün deyil”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev təmsil olunduğu partiyanın hökumətə 3 hissədən ibarət təkliflər paketi təqdim etdiyini deyib.

Onun sözlərinə görə, hökumət müxalifətdən gələn təkliflərə qısqanclıqla yanaşır: "Hökumət ilk növbədə rüşvətxorluğa, korrupsiyaya və büdcə yeyintisinə son qoymalıdır. Bu işlərlə məşğul olan məmurları ciddi şəkildə cəzalandırmalıdır.Dövlətin maraqlarını ayaqlayan məmurlar vəzifədə qaldığı müddətdə heç bir dəyişiklik olmayacaq.

Digər tərəfdən parlament buraxılmalı və demokratik seçkilər keçirilməlidir.Müxalifət parlamentdə təmsil olunmalıdır ki, bu cür vəziyyətlərdə təkliflərini birbaşa hökumətə çatdıra bilsin.Hökumət müxalifətin təkliflərinə qısqanclıqla yanaşır.Biz AXCP olaraq böhrandan çıxmaq üçün hökumətə 3 müxtəlif istiqamətli təkliflər paketi təqdim etmişik.Hökumət bu təklifləri dəyərləndirəcəyi barədə AXCP-yə rəsmi cavab da göndərib. Bizim təklif etdiyimiz bir sıra məsələləri hökumət müəyyən qədər həyata keçirib, ancaq hamısını öz adına çıxıb.

AXCP-nin hökumətə təqdim etdiyi islahat paketi tam olaraq həyata keçirilməlidir.Çünki bu gün dövlət büdcəsindən maliyyələşən kifayət qədər lazımsız qurumlar var ki, bu gün onların heç birinin fəaliyyətinə ehtiyac yoxdur.Onsuz da həmin qurumların yalnız adı var, onlar büdcədən ayrılan pulları xərcləməklə məşğul olurlar.Bütün bunlar yolverilməzdir.Dövlət əmlakını talayan, xalqın malına göz dikən məmurlar ciddi şəkildə cəzalanmalıdır.Hətta bu cür dövləti cinayətlərə görə ölüm hökmünün bərpa olunması da vacibdir”.