Hakimiyyətinəsas qollarından biri olan parlamentin funksiyası qanunvericiliyin yaradılması və təkmilləşdirilməsi olsa da, cəmiyyətin bütün ictimai-siyasi,sosial sferasında da müəyyən rola malikdir.Qanun yaradıcılığı əsasən intellektual auditoriyanın diqqətində olduğu üçün bu istiqamətdə mövcud olan fəaliyyətə geniş kütlənin reaksiyasıçox zəifdir. Ən populyar deputatların heç biri qanunvericilik təşəbbüsləri və parlament daxili fəaliyyəti ilə xatırlanmır. Onların funksional fəaliyyətindən kənar davranışları və çıxışları geniş auditoriya tərfindən daha çox anlaşılır və müzakirələrə səbəb olur. Təəssüf ki, günümüzün reallığı budur ki, parlamentdən kənar fəaliyyətlər, çıxışlar və digər imkanlar deputatların əsas nüfuz ölçü meyarı kimi qəbul edilir. Odur ki, qanunvericilik orqanında təmsil olunanlar bu məsələlərdə daha diqqətli olmalıdırlar.Bəzəndövlət qulluqçularının sosial-ictimai mövzularda çıxişlarının geniş rezonans doğurmasının əsas səbəbi də məhz budur. Çünki, bu tip çıxışlarıanlayacaq auditoriya çox genişdir.
Bu ümumi girişdən sonra əsas mətləbə keçmək və iki məqama münasibət bildirmək istəyirəm. Birincisi, Hadı Rəcəblinin "Əgər vətəndaş yaxşı yaşamaq istəyirsə, çox işləməlidir. Bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır” sözləridir. İkincisi isə müəllimlərin bu fikrə reaksiyagöstərməmələridir.
Hadı Rəcəblinin müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı yeni "konsepsiyası” na cəmiyyətin müxtəlif təbəqələri tərəfindən çox rəngarəng münasibət bildirilir. Onun dedikləri bir dövlət qulluqçusunun fikri kimi qüsurludur və qəbul edilə bilməz.Beləyanaşma bir başa Konistitusiyanın və əmək qanunvericiliyinin tələblərinə ziddir. Bu fikrin səs-küyə səbəb olmasının digər səbəbi isə dövlətin sosial siyasətinin aparıcı şəxslərindən biri tərəfindən dilə gətirilməsidir. Vətəndaşların sosial təminatının bir başa qayğısına qalmalı olanların göstərdiyi bu "həll yolu”haqlı olaraq müəyyən etirazlar doğurub. Milli Məclisin Sosial Siyasət Komissiyasının sədrinin bu fikri, dövlət qurumlarının sosial siyasətlə bağlı real vəziyyətini, cəmiyyətdə işsizliyin, yoxsulluğun, sosial ədalətsizliyin mövcudluğunu və onu həll etməyə qadir olmadıqlarınıtəsdiq edir. Həm də, bilərəkdən və ya bilməyərəkdən yüksək vəzifə daşıyan bir şəxsin dili ilə,hökumətin ən böyük sosial qruplardan olan müəllimlərə aşağılayıcı münasibətinin dəşahidi olduq. Belə bir səlahiyyətli şəxs tərəfindən deyilən bu fikir, müəllimlərin passiv sosial narazılığınınaktivləşməsinə impuls ola bilər.İqtisadi böhranın mənfi təsirlərinin getdikcə artdığı bir vaxtdabu açıqlama, böyük bir sosial qrupuən azından siyasi ritorikanın önünə daşıdı.
H. Rəcəbli dövlət qulluqçusu olmasaydı onun bu fikirləri ölkənin sosial-iqtisadi reallığını və cəmiyyətin psixoloji durumunu, aporiyasını tam əks etdirdiyi üçün bəlkə də alqışlanardı. Sadəcə olaraq, cəmiyyətin məişət təfəkkürünə hopmuş bu acı reallığı rəsmi şəxsin səsləndirməsi fərqli reaksiya doğurur. Hər gün ən yaxın çevrəmizdə bu və ya buna bənzər fikirlərin dominantlıq təşkil etdiyi heç kəsə yeni deyil. Yaxşı dolana bilmirsənsə, niyə bir neçə yerdə işləmirsən? Gündüz öz işinə get, gecə də "gözətçi” işlə, fəhlə işlə və s. Bəzən ailəsini ortabab dolandırmaq üçün bir neçə yerdə işləməmək acizlik kimi qəbul edilir. Hətta, ən yaxın çevrəsindən buna görə qınağa tuş gələnlər də olur. Bu muzdur təfəkkürünün kökünü araşdırmadan deyə bilərəm ki, həm sovet dövründə, həm də müasir dövrdə bu tendensiya mövcud olub. Təəssüf ki, son illər iqtisadi yüksəliş bəyanatları artdıqca, işsizlik və yoxsulluqda çoxalmağa istiqamət götürdü. Tam əminliklə deyə bilərəm ki, istirahət nə olduğunu bilməyən, istirahət hüququnun mahiyyətini anlamayan vəistirahət etməyi heç düşünməyən bir cəmiyyətə çevrilmişik. Sanki, insanlarımızın əsas amalı ölənədək gecə gündüz fasiləsiz bir neçə yerdə işləyib pul qazanmaqdan ibarətdir. İstisnaları nəzərə almasaq, gənc və güclü vaxtından başlayıb, qocalıb zəifləyənədək işləmək, həyatın gözəlliyini dadmadan bu dünyadan köçmək ölkəmizdə adi bir normaya çevrilibdir.Ölkəmizin həm qadınlarının, həm də kişilərinin əksəriyyətinin normal işləmək, dolanmaq, istirahət etmək imkanları yoxdur. Məhrumiyyətlər içərisində yaşayıb, ağır xəstəliklərlə həyatlarını başa vururlar. Ölkəmizin bütün vətəndaşlarının normal insan kimi yaşamasını təmin etmək resurslarımız olsa da təəssüf ki, bunun əksi ilə baş-başa qalmışıq.
Məsələnin ikinci tərəfi müəllimlərin vermədikləri və ya verə bilmədikləri reaksiya ilə bağlıdır. Tələbəlik illərindən bu günümüzədək ictimai-siyasi həyatın fəal nümayəndələrindən olmuşam. Canlı müşahidələrim və təcrübələrimə əsasən deyə bilərəm ki, təhsilimizin və müəllimlərimizin ictimai reytinqinin ən aşağı düşdüyü bir dövrdə yaşayırıq. Doğrudur, ölkədə mövcud olan heç bir sosial qrup, sosial-siyasi haqları ilə bağlı fəaliyyətə maraqlı deyil. Bütün istiqamətlərdə vətəndaş iştirakçılığının yox səviyyəsində olması, cəmiyyət içi münasibətlərdə xüsusi rola malik sosial qrupların olmamasına gətirib çıxarıb. Bəlkə də bir çox sahələrdə çalışan insanların passiv vətəndaş olmalarını hardasa anlamaq olar, amma müəllimlərin bu hala gəlib çıxması ölkəmizin hüzurlu gələcəyinə böyük təhlükələrdən xəbər verir. Dövlətin gələcəyinin təminatı olan gənclərin yetişdirilməsi orta məktəblərdən başlayan, ali təhsil müəssələrində cilalanan və cəmiyyət içi münasibətlərdə formalaşan bir prosesdir.
Mənim üçün çox maraqlı olan budur ki, 150-200 manat maaş ilə işləməyə məhkum olan müəllimlərin dövlət orqanlarına hansısa kollektiv müraciətlərinin şahidi olan varmı? Hansısa orta və ali təhsil müəssisəsi az əmək haqqı ilə bağlı piket, mitinq və ya adi bir imza kompaniyasına cəhd edibmi? Müəllimlərin ağır sosial durumuH. Rəcəblinin bir sözü ilə gündəmə gəlməsəydi onu müəllimlər və təhsil müəssisələri gündəmə gətirməyəcəhd edəcəkdilərmi? Müəllimlərin az əmək haqqı ilə çalışmalarına onlardan başqa hər bir tərəfin münasibət bildirməsi ciddi düşündürməlidir. Bəlkə də H. Rəcəbli bu fikri deyərkən, müəllimlərdən etiraz olmayacağına əmin olub.
Ümumtəhsil məktəblərinin əksəriyyətindədərs saatı qurtadıqdan sonra müəllimlərya evlərində, ya da məktəbin boş sinif otaqlarında direktorların "razılığı” ilə repetitorluq edir. Az əmək haqqı ilə normal yaşamaq mümkün olmadığı üçün müəllimlərin başqa çıxış yolu qalmayıb. Dövlət müəllim qarşısında olan öhtəliyini lazımı səviyyədə yerinə yetirmədiyi üçün, övladlarının yaxşı təhsilinə görə valideynlər könüllü olaraq bu vəzifəni öz üzərlərinə götürüblər. Bu hal həm dövlət qrumlarını, həm müəllimləri, həm də valideynləri hələlik qane etdiyi üçün ciddi etirazların şahidi olmuruq. O baxımdan H. Rəcəbli haqlıdır ki, ya müəllimlər hamılıqla yüksək əmək haqqı tələb etməli, ya da repetitorluq və ya fəhləlik etməlidir.