Mürvət Həsənlinin Aslan Ismayılova tutarlı cavabı

"Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifovun Aslan İsmayılovu müdafiə edən yazısını oxudum. Tanınmış jurnalistin aşina olmadığı bir məsələyə bu qədər yersiz müdaxiləsi istər-istəməz mənim cavab haqqımı doğurdu.

Hörmətli Sücəddin bəy, əvvəla, ondan başlayım ki, Aslan İsmayılovun əleyhinə yazılan bütün yazıları "ildə bir-iki dəfə jurnalistlərə banket təşkil edən iş adamının” ayağına yazmaq sizin məsələyə səthi yanaşmanızın ən bariz sübutudur. Düzdür, mən Aslan İsmayılovla zaman-zaman polemikalara girirəm və bu mübahisələrimiz bu gün də davam edir. Amma sizin şəninə təriflər yağdırdığınız bu adamla polemikalarımın məğzində mənə qarşı irəli sürdüyü iddialara cavab verməkdən başqa hər hansı niyyət dayanmır. Onun haqqında yazılan digər yazılarda mənim heç bir rolum yoxdur, ola bilməz də. Hər halda Cəmil Əliyev kimi bir nəhəngi bu polemikalara daxil etməyin mənim imkanlarım xaricində olduğunu, yəqin ki, özünüz də etiraf edərsiniz. Mən nə edim ki, Sizin haqqında qəhrəmanlıq dastanı yazdığınız "tanınmış, cəsarətli vəkiliniz” yetənə yetir, yetməyənə daş atır? Nəticədə daş atdığı ünvanlardan da adekvat cavab alır.

İkincisi, vəkillik haqqında mənə və başqalarına dərs keçməkdənsə, Aslan İsmayılovun tərəf-müqabilləri barədə dilə gətirdiyi fikirlərə baxsanız, kimin vəkillik haqqında məlumatı olmadığını görərsiniz. Sözsüz ki, vəkilliyini etdiyiniz vəkilin kimliyindən asılı olmayaraq hansısa şəxsin hüquqlarını müdafiə etmək haqqı var və buna görə heç kim onu qınamır da. Azərbaycanın çörəyini yeyən bir insanın ermənini müdafiə etməsi öz vicdanına qalan məsələdir. Fəqət hər bir vəkilin də öz müdafiəsində gözləməli olduğu sərhədlər var. Vəkillik küçə uşaqlığı deyil ki, qarşı tərəfə ağzına gələni deyəsən, təhqiramiz sözlərlə "razborka” aparasan. Nə yazıq ki, sizin vəkilliyini etməyə çalışdığınız Aslan İsmayılov məhz hüquqşünasa yaraşmayan bu hərəkətlərə yol verir.

Onun mənim haqqımda yazdığı "dələduz”, "mafiya babası” və burda dilə gətirmək istəmədiyim nalayiq sözlər hüquqən məsuliyyət yaradacaq fikirlərdir. Bilirsiniz ki, insanı konkret Cinayət Məcəlləsinə düşmüş bir maddə ilə ittiham etmək üçün məhkəmə hökmü olmalıdır. Aslan İsmayılov isə məhkəmə hakimiyyətinin bu səlahiyyətini heçə sayaraq, haqqımda xoşagəlməz fikirlər səsləndirirsə, deməli, təqsirsizlik prezumpsiyasını pozur. Bu isə təkcə mənə yox, həm də hüquqa hörmətsizlikdir ki, Aslan İsmayılov məndən fərqli olaraq hüququn çörəyini yeyir. Amma ona hörmət etməməklə, obrazlı desək, yediyi qaba tüpürür.

Bunu bir jurnalist kimi siz bilməyə bilərsiniz. Amma "Azərbaycanın ən savadlı vəkili” kimi təqdim etdiyiniz bu adamın bilməməsi imkansızdır. Bilmirsə, deməli, sizin onun haqqında təsəvvürləriniz, yaratdığınız mif doğru deyil.

Yeri gəlmişkən, sizin yazıda dilə gətirdiyiniz bir məqama da aydınlıq gətirmək istəyirəm. Yazırsınız ki, Aslan İsmayılovun müdafiə etdiyi şirkətin sahibləri arasında erməni yoxdur. Əvvəl şirkətin səhmlərinin kiçik hissəsi erməni əsilli iş adamına aid olsa da, guya, sonradan həmin adam öz haqqından vaz keçib. Nəzərinizə çatdırmaq istərdim ki, Aslan İsmayılov bu məsələdə sizi də aldadıb. Əvvəla, şirkətin bir yox, iki hissədarı erməni əsillidir. İkincisi, həmin erməni iş adamları heç də şirkətin azlıqda qalan hissədarları deyillər. Onlardan biri isə Aslan İsmayılovla müqavilə bağlayıb, özünün hüquqi təmsilçilik haqqını ona həvalə edib.

Məni səhv başa düşməyin. Bu sözləri deməkdə məqsədim heç də həmin şirkətlə iqtisadi münasibətlərimizə bəraət qazandırmaq deyil. Mənim həmin şirkətlə münasibətlərdə özümü təmizə çıxarmaq üçün hər hansı suçum, qaçdığım öhdəlik borcum yoxdur. Sadəcə, sahibinin erməni olduğunu öyrəndikdən sonra onunla bütün ticari münasibətlərimi kəsmişəm. Şirkət rəhbərliyi isə aramızda bağladığımız müqavilənin münahisəli maddələrinə əsaslanaraq, məndən qisas almağa çalışır. Bu dediklərimi məhkəmə qarşısında sübut etməyə də hazıram. Sizin müdafiə etdiyiniz Aslan İsmayılov isə ədalətin mənim tərəfimdə olduğunu anladığından hüquq müstəvisində çəkişmədən qaçır, sosial şəbəkələrdə yaratdığı hay-küyün arxasında gizlənir.

Onu da nəzərinizə çatdırım ki, mənim Aslan İsmayılova verdiyim cavablar məhz bu qanunsuz hərəkətlərlə bağlıdır. Şərəf və ləyaqətimə qarşı etdiyi qeyri-etik, heç bir hüquq çərçivəsinə sığmayan hücumlara, sizcə, necə cavab verilməlidir? Lütfən, özgəni ittiham etmədən əvvəl özünüzü onun yerinə qoymağı bacarın. Mənim yerimdə olsaydınız, haqqınızda facebook səhifələrində dilə gətirilən hədyanlara laqeyd qalardınız?

Üstəlik, onu da unutmayın ki, vəkilin və hansısa hüquqşünasın öz iddialarını təsdiq etməli olduğu yer məhkəmə salonudur. Sizin Aslan İsmayılov isə öz müvəkkillərini sosial şəbəkələrdə müdafiə etməklə qalmır, qarşı tərəfə, yəni mənə təhqiramiz sözlər yazır, işi aparan hakimləri və Ədliyyə nazirini şantaj etməklə prosesi udmağa çalışır. Qanunvericiliyə görə, bu fəaliyyət hakimlərə təzyiqdən başqa bir şey deyil və onların ədalətli qərar çıxarmasına mane olmağa yönəlib. Məhkəməyə təzyiq isə başlı-başına bir cinayət əməlidir. Odur ki, Aslan İsmayılovun facebook səhifəsində yüzminlərlə izləyicisini əsas gətirib yaxşı vəkil olduğunu isbatlamağa çalışmayın. Siz bir jurnalistsiniz. Jurnalist kimi yaxşı bilirsiniz ki, ətrafına xeyli izləyici toplamaq üçün heç də böyük ağla, savada ehtiyac yoxdur. Adətən, ağzıpərtöv insanlar öz başlarına daha çox adam toplaya bilirlər, amma bu, onların haqlılıqlarına və üstün dühalarına dəlalət etmir. Və ağzıpərtövlərin başına toplananların əksəriyyəti heç də onun dedikləriylə razılaşdıqları üçün tamaşaya gəlmirlər. Bəzən ona gülür, ələ salırlar.

Təəssüflər olsun ki, Aslan İsmayılov da məhz bu yolla özünə tərəfdar toplayır. Bu xarakteriylə də vəkildən çox, şou adamına bənzəyir. Hansı ki, bəzi müğənnilər populyarlıq naminə mənasız "şeirlər” yazır, səhnələrdə soyunaraq gündəmdə qalmağa çalışırlar. Ciddi müğənnilər isə öz səsi və qabiliyyətləri ilə könülləri fəth etmək yoluna üstünlük verirlər. Sizin dahi vəkil kimi təqdim etməyə çalışdığınız adam isə xarakter etibarilə ciddi sənətçilərin yox, səsindən başqa digər bacarığı ilə gündəmdə qalmaq istəyən müğənnilərin yolunu tutur.

Hörmətli Sücəddin bəy, Sizin Aslan İsmayılovu müdafiənizdən başa düşürəm ki, ona yaxın adamsınız. Məncə, özünü vəkil kimi apara bilməyən dostunuza vəkillik sənətinin incəliklərini öyrətsəniz, daha faydalı iş görər, yoldaşlıq borcunuzu tam mənasıyla yerinə yetirə bilərsiniz. Məsləhət kimi çıxmasın, ona başa salın ki, vəkillik sənəti müvəkkili üçün özünü haqq-nahaqq yerdən-yerə sürtmək, Papadan çox katolik olmaq demək deyil. Vəkillik qarşı tərəfin şərəf və ləyaqətinə toxunmadan, qanunu pozmadan, məhkəmə sisteminə hörmətlə yanaşaraq, müdafiə strategiyası qurmaqdır. Aslan İsmayılovun müdafiə tərzi isə, bayaq da qeyd etdiyim kimi, yediyi boşqaba tüpürməyə bənzəyir.

Azinforum.az