Müsavatçıları bir-birinə saldıran səbəb nədir?

Hörmətli Arif Hacılı.

Əvəz Zeynallının "Qaynar Qazan”ına danışdıqlarınızı oxudum. Orada mənim də adımı xeyli zikr etmisiniz. Ona görə də cavab verməyə məcbur oldum.

İlk baxışdan görünür ki, həddindən artıq canfəşanlıq etmisiniz. Guya Xədicə, ya da Əvəz Zeynallı bilmirlər ki, "Yeni Müsavat”ın Müsavat Partiyasına heç bir dəxli yoxdur? Bunu illər öncədən yaxşı bilirlər. Sadəcə, sizinlə məzələnirlər, xarakterinizi bildikləri üçün belə bir iddia irəli sürüb, sizi heç bir əsas olmadan mənim üstümə yönləndirirlər. Onları və bu qəbildən olan "əbədi xeyirxahlarımı” mənimlə heç bir əlaqənizin olmadığına inandırmanız üçün müsahibənizdə bircə mənim var-yoxuma söyməyiniz qalıb, sağ olun ki, onu da etməmisiniz.

Qıraqdan baxan birisi deyər ki, Arif Hacılı kimi təcrübəli siyasətçini bu cür yerindən oynada, çoxlu izahat verdirə, qat-qarışıq arqumentlərlə çaşdıra biliblərsə, ya bu adamlar çox ciddi siyasi texnoloqlardır, ya da Arif Hacılı yaşlanıb; sayıqlığını itirib.

Sizdən sitat: "Mən lap 2008-ci ilə gedirəm. 2008-ci ildə İctimai Palatanın rəhbərliyi, Koordinasiya Şurası seçilərkən orada ciddi prosedur pozuntularına yol verildi – Seçki Komissiyası yaradılmadı, səslər sayılmadı, namizədlər özlərini təqdim etmədi, səhv etmirəmsə, heç səsvermə də keçirilmədən bir çox adamlar Koordinasiya Şurasının üzvü elan olundu və o cümlədən Rauf Arifoğlu Koordinasiya Şurasının üzvü elan olundu. Bu, 2008-ci il fevralın 27-də oldu".

Oldumu bu? İctimai Palata 2010-cu ilin sonlarında yaranıb, 2008-də mən oraya necə seçilə bilərəm ki? Sizi Əvəz necə təntidibsə, ili-ayı belə səhv salmısınız...

Daha sonra davam edərək, iddia edirsiniz ki, 2008-ci ildən bu yana bizim qəzet kursunu dəyişib və o zamandan bizimlə heç bir əlaqəniz yoxdur...

Sizdən sitat: "2008-ci ildən bu üzə mən "Yeni Müsavat” qəzetinin kursunu Müsavat Partiyasının kursuna uyğun gəlməyən siyasi kurs hesab edirəm və bunu açıq şəkildə dəfələrlə bəyan etmişəm”.

Bu da yalan. Heç bir bəyanat yoxdur. Amma bunun əksi olanlar var.

****

Arif Hacılı, unudursuz ki, 2010-da mən Müsavatın siyahısından deputatlığa namizəd idim, sizinlə bərabər eyni kampaniyanı aparırdıq və mən də tam təmənnasız sizin seçki kampaniyanızı "kursu sizə uyğun gəlməyən "Yeni Müsavat” qəzetində işıqlandırırdım.

2013-cü ildə də sizin dəstəklədiyiniz namizədi dəstəkləyirdim, sizinlə bərabər, onun rəsmi vəkili idim; saytda canlı yayım, qəzetdə məqalələr, reportajlar verirdim... Hər iki seçkidə Müsavatın, müxalifətin əsas ruporu kimi çıxış edirdim. Və sizə də hər gün meydan, dəstək, yer və s. verirdim.

Sizin dəftəriniz ancaq Qara dəftərmi, Arif Hacılı? Bunları yazmamışsınızmı? Sizdə heç insaf və ədalət qrafası yoxmu? Yaddaşınız bu qədərəmi qısalıb? 2015-ci ilə qədər bərabər olduğumuzu, mən partiyadan gedəndən sonra da isti münasibətlərimizin qaldığını, 2015 seçkilərində mənim arzuladığım dairədən Müsavatın namizəd irəli sürməyəcəyini şəxsən söyləməyinizi, yazmağınızı nə tez unutdunuz? Sizin Qara dəftərinizdən başqa dəftərlər də var, Arif Hacılı. Markın dəftərləri. Feys yazışmalarımız, sənin xahişlərin, mənim "okey”lərim... "2008-dən bu yana münasibətlərimiz yoxdu”nu necə deyə bilərsiniz axı? Bir kitablıq yazışmalarımız var və onlar sizi amansızcasına yalanlayır. Tam əksinə, bizim sizinlə ən yaxın münasibətlərimiz məhz həmin periodlardan – 2010 – 2015 arası - start götürdü. Yaddaşınızı təzələmək üçün həmin yazışmalarımızın yalnız bir qismini özünüzə yollayıram. Görün, orada özünüzü Əvəz Zeynallının və Xədicənin "Qaynar qazan"ından qorumaq üçün söylədiyiniz yalanlara bircə dəstək cümləsi varmı?

Orası doğrudur ki, 2011-ci ildə, İP KŞ-yə seçkilər keçiriləndə siz 3 qardaş olaraq mənim seçilməmə etiraz etdiniz, əlinizdən gələni yapdınız, haqqımda təhqiramiz ifadələr işlətdiniz; Xaliq adlı kərimovçuya qoşulub, komediya oynadınız. O zaman mən səsimi də çıxartmadım. Şahmat oyunu gedirdi - belə gedişləri sevirəm... Və mənim "vəzirim” Əli Kərimli sizi oradaca məğlub etdi, bütün səsləri kəsdi; mənim seçilməmə nail oldu. Onun öz hesablamaları vardı, sizin də hesablamalarınız ortadaydı. O düşünürdü ki, bundan belə mən Müsavat Partiyasına qarşı olacam, müsavatçılar mənim İP KŞ-də iştirakıma qarşı olduqları üçün; Hacılı qardaşları da əleyhimə danışmışkən... Ağlınca hesablayırdı ki, bundan belə Əli Kərimlinin xidmətində olaram, nə desə əl qaldıraram. Sizin hesablamalarınız da belə idi. Mənim qismimdə Əli Kərimlinin güclü bir dəstəyini vururdunuz; həm də, hər zamankı Rauf Arifoğlu həzmetməzliyiniz baş qaldırmışdı...

Bu dəfə də yanıldın. Sizin əbədi həsədiniz olan Əli Kərimli də yanıldı. Mən elə ilk iclasdaca Müsavat başqanı İsa Qəmbərin təklənməsinə imkan vermədim, birmənalı olaraq, təşkilatımın və siyasi rəhbərimin yanında oldum. Hörmətsizlik edən iki nəfər vardı; susdurdum, mövqe ortaya qoydum. Əli şokda idi... Siz partiya rəhbərliyi olaraq bunu sonradan, Divanda bildiniz, mənə özünüz də şəxsən etiraf etdiniz; aramız yumşaldı, sonra düzəldi, sonra yaxınlaşdıq. Görüşəndə, öpüşməyə qədər - daha doğrusu, mənim siyasi mühitə Türkiyədən gətirdiyim tokalaşma var ya, Qurdlar kimi başları sürtmə - inkişaf etmişdi münasibətlərimiz.

Sonra sizi həbs etdilər... Biz bərabər zindan yatmışıq, aylarla eyni otağı, çörəyi, suyu paylaşmışıq. Yadınızdamı, o zaman biz hamıdan, o cümlədən də başqanımızdan narazı idik; hamının arxasınca danışır, gileylənir, bəzən də söyürdük. O zaman bir arzumuz vardı; heç olmasa birimiz bayırda olaydıq, çətinlik çəkən ailələrimizə, içəridəki qardaşlarımıza dəstəyi özümüz təşkil edərdik.

Bu dəfə siz – Arif Hacılı içəridə, biz bayırdaydıq. İçəridə olduğunuz periodda sizə qardaş olmağa, yükünüzü paylaşmağa çalışdıq. İqbal, Pənah, mən... Arif, siz bu qədər insafsız və vicdansız deyildiniz. Siz bunlarıdamı unutdunuz? Çətin gündə, dar ayaqda sizə, ailənizə arxa olanları bir qələmdə neçə silib atarsınız, necə həmin illəri "...2008-dən sonra” deyib, ixtisar edərsiniz? Necə deyərsiniz ki, 2008-ci ildən mən o qəzetə dair sözümü demişəm, əlaqələri kəsmişəm???? O zaman 2011-15-ci illərdəki Arif Hacılı hardadır, kimdir? İndiki Arifmi, o zamankı Arifmi...Hansınız gerçəksiniz?

Siyasət insanlığın, kişiliyin, mərdliyin üstündə bir şeymi, ondan vacibmi? Kiminsə siyasi mövqeyi hansısa periodda sizə uyğun gəlməyəndə, yaşanmışları silib atırsınızmı? Bəs vəfa borcu?

Siz cəza evində olanda, hər işinizə qoşduq. Dünyasını dəyişənlərinizin cənazəsinə girdik, sizin olmadığınız anlarda sizi əvəz etməyə çalışdıq. Bunları minnət üçün demirəm, xatırlatma üçün də söyləmirəm, hər kəsin yaddaşında. Bunları bir siyasi liderin sifətlərini göstərmək üçün yazıram, tarix üçün yazıram. Ətrafınızın getdikcə niyə boşalmasını, insanların sizlərdən niyə üz çevirməsini anlatmaq üçün yazıram. Vəfasızsınız! Etibarsızsınız!

Bir ştrix! Arif Hacılı portretinin kölgəsindəki gerçək simasını göstərəcək bir detal... Yadınızda, il 2015 idi, partiyaya son gəlişimdi, sizinlə danışırdıq. Siz Tofiq Yaqubludan qəzəbli idiniz; həm içəridən verdiyi açıqlamalarından, həm də "Azadlıq” qəzetinə maliyyə dəstəyi verməsindən. Mənə dediniz ki, kəs onun pulunu, aylığını vermə...Sən ona dəstək verirsən, o da sənin pulunu aparıb "Azadlıq” qəzetinə verir...

İnkarmı edəcəksiniz? Edəməzsiniz!

Bəli, bunu o dedi! Zindandakı Tofiq Yaqublunun başqanı olan Arif Hacılı. "Əlaqəmiz olmayan” 2015-ci ildə...

Əvəzin "Qaynar qazan”ında bişən Arif məhz bu rakursdan özünə baxırmı heç? Baxsa, bu Arif o Arifə desin ki, "Yeni Müsavat” və Rauf Arifoğlu sənə etmədiyi yaxşılıqlar qalmayıb, tək onların biri qarşıdakına bir ömür borclu olmağa yetər. İnsanlıq deyilən bir şey var; siyasəti də insanlar və insanlıq üçün yapırlar...

Vəfa borcu var ya, sizin qrafanızda olmayan, sizin tanışmadığınız hiss. Onunla bağlı bir məsələni də deyim.

Dünyasını dəyişən bütün yaxınlarının cənazəsinə, yüzlərlə kilometr yol qət edib, getmişəm. Halalları olsun, Allah o dünyalarını versin. Amma siz, 100 metr məsafəni addımlayıb, rəhmətlik dayımın taziyəsinə belə gəlmədiniz. Qərargahın düz böyründə, fiziki mənada 100 metrlik məsafəndə idi. Üstəlik, o adam da sıradan biri deyildi, ölkənin görkəmli alimi, akademiyanın müxbir üzvü, professor, ən əsası da, bütün seçkilərdə, Müsavat Partiyasının xeyrinə səs vermiş, onun təəssübkeşi olan bir ziyalı idi. Mərhumun bütün ailəsi isə, mənim özüm xaric, Müsavat Partiyasının üzvüdür... Etmədiniz, edəmədiniz. Siz beləsiniz, kinli, nifrinli, Qara dəftər sahibi...

Arif Hacılı, yenə köhnə nəğmələrinizə qayıtmısınız. İddia edirsiniz ki, ki, "Yeni Müsavat, minval.az, musavat.com saytlarının qurulmasında, böyüməsində musavatçıların böyük əməyi olub. Qismən doğrudur – "Yeni Müsavat” hissəsi. Oxucu qismində, tərəfdar qismində dəstək olublar. Lakin sizin indi başqanı olduğunuz partiyanın qurulmasında, böyüməsində, qorunmasında və inkişaf etməsində mənim və "Yeni Müsavat”ın, yeni müsavatçıların rolu, xidməti daha böyük olar, sanıram. Üstəlik, bzi bu gün də 10-dan yuxarı Müsavat Partiyası üzvünü iş və yüksək maaş təmin etməkdəyik. Və bu proses 25 ildir ki, davam edir...

Mənim gənc yaşlarımda iki böyük layihəm olub. "Yeni Müsavat” qəzeti və Müsavat Partiyası. 1989-dan-1991-ci ilə qədər "Yeni Müsavat” adlı partiyanın rəhbərliyində olmuşam. 1991-ci ildə məhz mənim təşəbbüsüm və Nəsib Nəsiblinin dəstəyi ilə Müsavat Partiyası layihəsinə İsa Qəmbəri dəvət etdik. AXC rəhbərliyindən 5, AMDP "Yeni Müsavat”dan 5 nəfər olmaqla, komissiya yaratdıq, Elçibəyin və Ankaradakı Azərbaycan Milli Mərkəzinin (Kültür dərnəyinin) dəstəyi ilə Bərpa Bürosunun siyahısını hazırladıq. Sizin və başqalarının bu təşkilata namizədlikləri mənim də bərabərsəviyyəli üzvü olduğum həmin komissiyada müzakirə olunur və təsdiqlənirdi... (Bu barədə arxiv sübutlarına malikəm.)

Sonra biz iqtidar olduq, siz və başqaları hakimiyyətə gəldiniz, mən qəzetdə qaldım. Sonra bizi devirdilər, siz və başqaları qaçdınız, gizləndiniz (Səhv etmirəmsə, siz Azərbaycanı və həbsdəki başqanı buraxıb, Leninqrada qaçmışdınız), İsa Qəmbər zindanda, biz meydanda və qəzetdə qaldıq. Siz mənə deyirsizniz ya, İlham Əliyevə təslim oldun, amma siz hələ 23 il əvvəl Surət Hüseynov Bakıya gəlmədən, ona təslim olmuşdunuz. Xalqın və prezidentin sizə verdiyi mövqeyi buraxaraq, qaçmışdınız!

Meydan boş idi, amma biz dirəndik, təşkilatı toparladıq, böyütdük; ara sakitləşən kimi siz də döndünüz, istedadlı təşkilatçı kimi, sizi qabağa çəkdik. Və böyük bir mücadiləyə partiyamızı hazırladıq...

****

İndi deyirsiniz ki, İlham Əliyevə təslim oldum. Hər müsahibinə mütləq mənimlə bağlı qəşəng suallar verən Əvəz Zeynallı deyir ki, bu söz çox ağır oldu...

Lakin siz yenə də təkrar edirsiniz. Tərcümeyi halında bir neçə dəfə biabırçı təslimiyyət yaşamış ("Darıxıram” mərhələsi ilə mən də razı deyiləm) Arif Hacılı məni də özünə oxşatmaq istəmiş....

Arif, mən sizə daim yaxşılıq, İlham Əliyevə daim pislik etmişəm. Sizdən ancaq pozitiv şeylər yazmış, tribuna, maddi dəstək vermiş, İlham Əliyev və iqtidarına isə daim tənqid, olar-olmaz şeylər yazmışam. Onun hakimiyyətdən getməsi üçün ciddi fəaliyyətlər göstərmişəm.

Lakin bunca xidmətlərin müqabilində xoşunuza gəlməyən bir yazı, qardaşımın, yaxud da qəzet əməkdaşlarının bir statusu, laykı ilə mənə düşmən kəsilmisiniz. İlham Əliyevsə mənimlə işləməyi, ona etdiklərimi unutmağı seçdi. İsa Qəmbər demişkən, barışdı mənimlə. İndi ağıllı müşahidəçilər yaxşı görür, kimin böyük olduğunu, kimin əsil dövlət adamı olduğunu, kimin böyük siyasətçi olduğunu. Siz İlham Əliyev yox, heç Əli Kərimli qədər də siyasətçi olammamısınız! Sizi bir jurnalist salır "Qaynar”a və həm bişirir, həm bitirir...

Mən əslində sizlərlə bağlı bütün gözləntilərimə təslim olmuşam. Bunca qara niyyətli, kinli, nifrin dolu, həsədçi, becəriksiz, heç bir perspektivi qalmayan, mənim ikinci böyük layihəmi batıran, darmadağın edən adamlarla daha bir yerdə olmaq istəməmişəm. Minlərlə müsavatçının haqqını yeyən, onları aldadan, onlara böhtan atan, canını qoyduğu partiyasından onları qovan, şərləyən, onların sayəsində "lider” olub, özünü siyasətçi sayan uğursuz macərapərəstlərdən digər layihəmi – "Yeni Müsavat”ı ayırmışam. Ki, onu da batırmayasınız. Çünki sizdən heç nə olası deyil!

İmkanım olsaydı, daşımağa gücüm yetsəydi, Müsavat Partiyasını da əlinizdən geri alıb, yenidən toparlardım.

Təəssüf ki, buna nə həvəsim, nə də fiziki imkanlarım yoxdur.

P.S. Bu yazının birinci şəxsin təkindəki xitabla daha sərt variantını Arif Hacılının özünə yolladım. Ümid edirəm ki, fərqi müqayisə edib, bütün yapdıqlarına rəğmən, ona necə dözümlü davrandığımı idrak edəcəkdir.