Müxalifət çətin dövrlərini yaşayır, lakin buna baxmayaraq...


Müxalifət düşərgəsində qarşılıqlı ittihamlar pik həddə çatır. Artıq ittihamlar təhqir və söyüş müstəvisinə keçib.

AMİP Siyasi Şurasının üzvü Əli Orucov deyir ki, müxalifət liderlərinin bir-birlərini suçlaması artıq bir ənənədir. Liderlər sanki elə düşünürlər ki, kimsə öz səhvlərini və qüsurlarını etiraf etsə, özlərini kiçiltmiş olarlar: "Məhz, bunun nəticəsidir ki, cəmiyyət müxalifət düşərgəsinin səmimiyyətinə və düzgünlüyünə o qədər də inanmır. Kimsə kimisə nədəsə haqlı-haqsız ittiham edə bilər. Lakin seyrçilər kənardan daha aydın və olduğu kimi görə bilirlər”.

Siyasi Şura üzvü diqqətə çatdırıb ki, bəzən bu qarşılıqlı ittihamlar əndazəsindən çıxır, etik-əxlaqi normaları aşır: "Belə hallar isə ümumi düşərgənin imicinə zərbə vurur. Müxalifət düşərgəsinin ən başlıca problemini sadalayarkən ilk sıralarda duran, hələ də reallığın doğru-düzgün qiymətləndirilməməsi, bəzilərinin hətta eyforiyaya qapılmasıdır.

Müxalifət çətin dövrlərini yaşayır, lakin buna baxmayaraq hesab edirlər ki, onlar hər şeyə qadirdirlər, cəmiyyətə və hakimiyyətə təsir edə bilirlər. Məsələ odur ki, bəziləri hələ də özlərindən başqa siyasi güc olmadığını düşünür, yəni, özünəvurğunluq hələ də qalmaqdadır.

Bizim heç bir siyasi düşərgə ilə şəxsi düşmənçiliyimiz, qərəzimiz və ədavətimiz yoxdur. Biz özümüz də belə ixtilaflardan qaçmağa, intriqalardan kənarda durmağa çalışırıq. Etiraf edim ki, bizdən asılı olmayan səbəblərdən hər zaman buna nail ola bilməsək də, indiki qarmaqarışıqlıqda bunu böyük uğur saymaq olar".

"Sivil Toplum" Platformasının siyasi eksperti Nəsimi Məmmədli Reyting.az-a açıqlamasında bildirib ki, ölkəmizdə nəzəri və hüquqi baxımdan çoxpartiyalı siyasi sistem mövcud olsa da, praktik baxımdan durum xeyli fərqlidir. Onun fikrincə, dövlət siyasi partiyaları elə bir hüquqsuzluq çərçivəsinə salıb ki, burada siyasi rəqabət mühitindən əsər-əlamət qalmayıb: "Həmçinin, ölkədə demokratik seçkilərin keçirilməməsi nəticəsində siyasi partiyaların cəmiyyətdə real yeri, rolu və nüfuzu ədalətli müəyyən edilməyib. İddialı bəzi qurumlarla yanaşı, bir nəfərdən ibarət olan partiyaların hamısı bu hüquqi nihilzmdən sui-istifadə edir. Nəzərə almalıyıq ki, siyasi plüralizmin olmadığı cəmiyyətlərdə siyasi partiyalar klassik mənada öz məram və məqsədini həyata keçirə bilmir. Nə arzu və istəkləri cəlbedici görünür, nə də niyyətlərini planlı şəkildə məqsədə çevirə bilirlər. Bu hal yalnız müxalifətə aid deyil”.

N. Məmmədli deyib ki, niyyətlərini planlı məqsədə çevirə bilməyən təkcə müxalif düşərgə deyil, cəmiyyətin bütün sahələrində inkişafın, rəqabətin önü qapalıdır: "Hər addımda məhdudiyyətlərlə, sədlərlə qarşılaşan cəmiyyət öz enerjisini sərf edə bilmir. Məhz müşahidə edilən ziddiyyətlər də bu amillərdən qaynaqlanır".

Müsahibimizin iddiasına görə, iqtidar maraqlıdır ki, cəmiyyətdə müxalifəti bir-biri ilə didişən obrazda təqdim etməklə nüfuzdan salsın: "Bu məqsədlə xüsusi missiyası olan şəxslər və qurumlar da iş başındadır. Antidemokratik mühitin reallıqlarını nəzərə alaraq aydın və prinsipial hədəfləri olan ciddi müxalif qurumlar başqalarının fəaliyyətini təftiş etməməli, öz hədəflərinə çatmaq üçün ardıcıl hazırlaşmalıdırlar". Reyting.az