Müxalifət partiyalarından yekdil mövqe...

Aprelin 2-dən Qarabağ cəbhəsində başlanan döyüşlər Azərbaycanın bütün siyasi qüvvələrinin Qarabağ məsələsində, vətən müharibəsində yekdil mövqe ortaya qoymasını şərtləndirir. Bəs bütün siyasi qüvvələrin Qarabağ məsələsində yekdil mövqeyini nümayiş etdirmək üçün siyasi partiyaların Qarabağ sammitinə ehtiyac varmı?

AXP sədri Pənah Hüseyn bildirdi ki, Azərbaycanın bir çox siyasi partiyaları və ictimai qüvvələri Qarabağ qurultayı çağırılması ideyası ilə son aylarda çıxış ediblər. Bu ideya hələ də qüvvədə qalır, reallaşdırılsa, işin xeyrinə olar: "Bu məsələdə ölkənin, Azərbaycan cəmiyyətinin yekdil rəyinin nümayiş etdirilməsi üçün bu lazımdır. Bu məsələ gündəmdədir. Ola bilsin ki, vəziyyət aydınlaşandan sonra keçirilə bilər. Hazırda isə bütün diqqət cəbhədəki döyüşlərə yönəlməlidir. Əsas məsələ hazırda cəbhədə həll olunur”.

Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, Qarabağ məsələsi ilə bağlı siyasi məsləhətləşmələr və ortaq mövqeyin ifadə olunması vacibdir: "Hesab edirəm ki, Azərbaycan cəmiyyəti Qarabağ məsələsində yekdil mövqedə olduğunu son hadisələrdə ortaya qoya bildi. Hər halda, Azərbaycan ictimai-siyasi qüvvələrinin mövqeləri Qarabağ məsələsində üst-üstədir. Heç kim fərqli fikrə malik deyil, hamı dövlətin, Azərbaycan ordusunun yanındadır. Diqqət edirsinizsə, bu günədək heç bir siyasi təşkilat fərqli mövqe ortaya qoymayıb. Hər kəs Qarabağ məsələsində yekdildir. Hələlik daha ciddi proseslər başlamadığı üçün xüsusi böyük bir toplantı keçirilmir. Hər kəs mövqeyini ortaya qoyub, mənzərə aydındır. Əgər proses fərqli müstəviyə çıxarsa, təbii ki, böyük toplantı şəklində mövqe ifadə edilməsi də olacaq”.

AMİP Siyasi Şura üzvü Əli Orucov isə bildirdi ki, 2 apreldən indiyə qədər cəbhə xəttində baş verən hadisələrdən sonra bütün ölkənin bütövləşməsi, milli birliyə hazır olması reallığı ortadadır: "Bunun özü nəinki siyasi partiyaların Qarabağ sammiti, hətta xalqın yekdil mövqe ortaya qoyduğu sammit hesab edilə bilər. Elə bir insan, elə bir qüvvə qalmadı ki, Azərbaycan ordusunun uğurunu təqdir etməsin. Bu birliyi, hər kəs, dost da, düşmən də gördü. Qarabağ və ərazi bütövlüyü məsələsində belə bir yekdillik və həmrəylik daha böyük qələbələr üçün bir vəsilə ola bilər. AMİP olaraq biz hər zaman bəyan etmişik ki, Ermənistan-Azərbaycan münaqişəsi məsələsində Milli Ordunun yanındayıq və bizim üçün iqtidar-müxalifət bölgüsü ortadan qalxır. Ordumuz üzərinə düşən missiyanı hər zaman ruh yüksəkliyi ilə yerinə yetirə bildiyini bir daha sübut etdi. İnformasiya müharibəsi elə bir geniş sferanı əhatə edir ki, burada təkcə siyasi partiyaların və KİV-lərin deyil, hər kəsin bir vətəndaş olaraq üzərinə böyük məsuliyyət düşür. Qarabağ mövzusu ilə bağlı müxalifət indiyədək yüzlərlə tədbir keçirib. Əgər belə bir sammit ümumi qələbəmizə gedən yola kiçik də olsa öz töhfəsini verəcəksə, biz bunu təqdirəlayiq hesab edərdik. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası üçün hər cür fəaliyyəti, atılan bütün addımları məqbul sayırıq”.
/Yeni Müsavat/