"Mərhələli qaydada aparılacaq qayıdış zamanı, ilk növbədə, müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayanlar yeni mənzillərə köçürüləcəklər".
Musavat.com "Report"a istinadən xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev martın 14-də Goranboy rayonunda vətəndaş qəbulu zamanı deyib.
Qəbulda, əsasən, Goranboyda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər. Müraciətlər dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq məsələləri ilə bağlı olub.
Prezident İlham Əliyevin məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirdiyi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğısı göstərdiyi qeyd edilib. Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurd-yuvasına qayıdışının başlanması üçün verdiyi tapşırıqların icra vəziyyəti barədə vətəndaşlara məlumat verilib.
Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Digər məsələlərin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.