Azərbaycan parlamenti 10-15 nəfərin fəaliyyətini çıxmaqla, ölkədə baş verən hadisələrə və həyata keçirilən islahatlara adekvat reaksiya verə bilmir.
Bu fikirləri Bizim.Media-ya verdiyi müsahibəsində Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə qeyd edib.
Sualımız isə belə olub...
- Bir müddət öncə, Mərkəzi Seçki Komitəsi Milli Məclisdə boş qalan yerlər uğrunda seçkilərin keçiriləcəyini açıqlamışdı. AMİP nümayəndələri həmin yerlər uğrunda mübarizə aparmaq üçün namizədliklərini irəli sürəcəklərmi?
- Ölkədə keçirilən seçkilərdə partiyaların iştirakı vacib şərtlərdəndir. O ki qaldı parlamentdə boşalmış yerlərə təkrar seçkilərin keçirilməsinə, bu məsələ partiyanın müvafiq qurumlarında müzakirə olunacaq və daha sonra qərar veriləcək. Hələlik sözügedən məsələ ilə bağlı yekun qərar yoxdur.
Məsələ ilə bağlı şəxsi mövqeyim ondan ibarətdir ki, parlamentdə boş qalan yerlərə seçkilər keçirilməsindən daha vacib olan məsələ, seçki sistemində dəyişikliklər edilməsidir. Belə ki, mövqeyimiz proposional, yaxud da qarışıq seçki formasının bərpa olunmasından sonra seçkilərin keçirilməsindən ibarətdir. Düşünürəm ki, boşalmış yerlərə seçkilərin keçirilməsi isə ölkənin siyasi həyatında elə də ciddi hadisə olmayacaq.
Hesab edirəm ki, hazırki Azərbaycan parlamenti 10-15 nəfərin fəaliyyətini çıxmaqla, ölkədə baş verən hadisələrə və həyata keçirilən islahatlara adekvat reaksiya verə bilmir. Elə 2019-cu ildə parlament həmin səbəblə özünü buraxmışdı. Bu, xüsusilə də, Vətən müharibəsi dönəmində özünü büruzə verdi. 15-20 deputatdan savayı digərləri faktiki olaraq müharibə vaxtı mövqesizlik göstərdi, dövlətin mənafeyini müdafiə etmədilər, seçicilərlə təmasda olmadılar. Onlar mövqesizlik nümayiş etdirməklə bir daha sübut etdilər ki, ölkədə baş verən hadisələri arxalarıyca aparmaq gücündə deyillər”.
- Keçmiş müsahibələrinizdən birində partiyada Etibar Məmmədovun tövsiyyəsinə ehtiyac olduğunu qeyd etmişdiniz. Bu ehtiyac hələ də davam edirmi?
- Etibar Məmmədov partiyanın cari fəaliyyətində heç bir formada iştirak etmir. O, 2004-cü ildə sədrlikdən istefa verdikdən sonra, partiyanın yenilənməsinə və gənclərin iştirakına ehtiyac olduğunu qeyd etmişdi. Lakin partiyanın fəxri lideri olaraq, bir sıra ölkə əhəmiyyətli məsələlərlə bağlı zaman-zaman ehtiyac duyulduqca, siyasi təcrübəsi olan lider kimi E.Məmmədova müraciət edilir. Bizim.Media