Partiya sədrləri sosial sifariş gözləyirlər

Partiya liderləri hesab edir ki, bu gün ölkədə mitinqlər keçirilməsi üçün sosial sifariş yoxdur.

Moderator.az Milli Şuranın martın 15-də keçirdiyi mitinqlə bağlı siyasi partiyalar arasında sorğu aparıb.

AMİP sədri Yusif Bağırzadə də hesab edir ki, bu gün kütləvi küçə aksiyalarının keçirilməsi üçün sosial sifariş yoxdur: "Əgər belə bir sifariş olsaydı AMİP öndə olardı. Odur ki, indiki şəraitdə bütün problemləri hakimiyyətlə dialoq və danışıqlar yolu ilə həll etmək daha optimal variantdır. Çünki bu gün dünyada və regionda elə proseslər gedir ki, müxalifətin fəaliyyətindən hər hansı üçüncü qüvvə yararlana bilər və bu da öz növbəsində ölkədə kataklizlərə yol aça bilər. İndiki şəraitdə buna yol vermək olmaz.”

AMİP sədri onu da əlavə etdi ki, iyunda Azərbaycanda mötəbər idman oyunları keçiriləcək və bir çox Azərbaycanı sevməyən qüvvələr bu oyunları gözdən salmaq, boykot etmək istiqamətində fəaliyyət göstərirlər: "Mən hesab edirəm ki, idmanı siyasətə qatmaq olmaz. Əksinə biz siyasilər də bu oyunların daha yüksək səviyyədə keçirilməsi istiqamətində öz əməyimizi ortaya qoymalıyıq.”

Ana Vətən partiyasının sədri Fəzail Ağamalı açıqlamasında deyib ki, bu cür aksiyaların keçrilməsinə heç bir əsas yoxdur: "Çünki Azərbaycanda heç bir sosial-iqtisadi gərginlıik yoxdur. Manatın devolvasiyası ilə bağlı əhalinin aztəminatlı hissəsi və bir qisim iş adamları müəyyən çətnliklərlə üzləşsə də, ümumilikdə ölkənin sosial- iqtisadi siyasətinə ciddi təsir göstəməyib. Hesab edirəm ki, gələcəkdə də ciddi təsir etməyəcək. Amma bununla belə hesab edirəm ki, Azərbaycan da dünyanın bir parçası olduğundan dünyada və regionda baş verən proseslər hansısa izini ölkəmizdə də buraxmış olacaq. Ancaq bu hər hansı ciddi təlatümlər yaratmayacaq.”

F.Ağamalının sözlərinə görə, bu gün Milli Şuradakı qurumlar və AXCP Ukraynada baş verən proseslərə diqqəti yönəltsə yaxşı olardı: "Ancaq bu qurum son dövrlərdə dünyada baş verən hadisələrin Azərbaycana təsirlərindən yararlanaraq ucuz dividend qazanmaq üçün mitinq keçirmək istəsə də, bu niyyətinə çata bilmədi.Dünən keçirilən mitinq bir daha sübut etdi ki,adı çəkilən qurumların avantürasını dəstkləyib, onların arxasınca getmədi. Bu bir daha xalqın onları dəstəkləmədiyini göstərir.”

Millət vəkili onu da əlavə etdi ki, digər müxalifət qüvvələri radikal müxalifətdən fərqli olaraq indiki şəraitdə ölkədəki problemlərin hakimiyyətlə dialoq yolu ilə həllinə üstünlük verir və bu da cəmiyyət tərəfindən müsbət qarşılanır.Bu artıq onun göstəricisidir ki, təkcə cəmiyyət deyil, eyni zamanda siyasi partiyalar da radikalizmdən imtina edirlər.”

ADP lideri Sərdar Cəlaloğlu Milli Şuranın keçridiyi aksiyanı təqdir etsə də, bildirdi ki, Milli Şura manatın devalvasiyasından sonra ölkədə yaranmış sosial-iqtisadi vəziyyətdə xalq ayağa qalxacaq və onlar da bundan bu hadisədən yararlanıb özlərini güc kimi nümayiş etdirməyi bacaracaqlar: "Ancaq biz əvvəlcədən demişdik ki, manatın devalvasiyasına baxmayaraq ölkədə mitinqlərin keçirilməsi üçün sosial sifariş yoxdur. Adətən hakimiyyətdən narazı olan xalq müxalifəti gözləmədən kortəbii şəkildə meydana çıxır və müxalifət də hadisələri müəyyən məcraya yönəldirlər. Azərbayacanda isə bir qayda olaraq təşəbbüsü müxalifət ələ alır və aksiyaların da keçirilib-keçirlməməsinin sosial sifarişə uyğun olub olmamasını nəzərə almadıqlarından mitinqilər də zəif keçir və az adam iştirak edir. Milli Şuranın martın 15-də keçirdiyi aksiyaya gəldikdə isə onu deyə bilərəm ki, bu sıradan olan bir aksiya idi. Hakimiyyət də bu aksiyanın keçirilməsinə şərait yaratmışdı.”

ASDP sədri Araz Əlizadə isə bildirdi ki, bu günkü müxalifət liderləri 1988-ci ildən etibarən mitinqdən başqa mübaizə metodu tanımır: "Bu şəxslər öz üzərlərində işləmirlər. Mən iqtidarın yerində olsaydım müxalifətə daha tez-tez və geniş meydanlarda aksiya keçirməyə icazə verərdim. Bu aksiyalar nə qədər tez-tez keçirilsə ora daha az adam gələcək. Çünki bu aksiyaların nəticəsizliyini görəcəklər. Bundan da əlavə artıq xalq müxalifətə inanamır və onun arxasınca getmir.”

Onun sözlərinə görə, vaxtı ilə müxalifət Qərb qarşısında hesabat xarakterli mitinqlər keçirməklə onlardan pul alırdı, artıq indi Qərb də bu müxalifətə inamı azalıb və pul ayırmır.