Partiya sədrlərindən “Şuşa” adını dəyişən KVN-ə etiraz: “Satqınlıq”, “xəyanət”...

Rusiyanın Soçi şəhərində KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandası adını dəyişib.

KVN-nin rəsmi saytında Azərbaycan komandasının adının “Buta” olaraq dəyişdirildiyi qeyd olunub. Komandanın rəhbəri Müşviq Abbasov isə adın dəyişmədiyini deyib:

“Birinci turda bütün komandalar iştirak edirlər. Komandanın aqibəti ikinci turdan sonra məlum olur. Birinci turdan sonra iclas oldu. İclasda Araik soyadlı redaktor dedi ki, filan komandalar ikinci tura keçir, “Şuşa” komandası yalnız adını dəyişsə, iştirak edə bilər. O söylədi ki, mənə bunu Ruben deyib. Ruben adlı burada bir nəfər var, o, Maslyakovun müavinidir. Ruben Jaqinyan orada vəzifə və söz sahibidir. Dedim ki, olar qərarı Maslyakov versin? Dedilər, yaxşı. İkinci turda hansı komandaların oynayacağını Ruben həll edir. Dedik ki, onda ikinci tur üçün adımızı dəyişək, Ruben bizi buraxsın, icazə versin ki, ikinci turda iştirak edək. Maslyakov dedi ki, sizi başa düşürük, amma “Şuşa” adı baş ağrısı ola bilər. Onda dedim, biz imtina edirik və ölkəmizə qayıdırıq. Otaqdan çıxmaq istəyəndə, dedi, gözlə, biz bir də müzakirə edək. İndi gözləyirik, desələr ki, “Şuşa” adı ilə iştirak edə bilərik, onda davam edəcəyik, əgər başqa adla iştirakımızı istəsələr, geri dönəcəyik”.

Lakin Müşviq Abbasovun bu açıqlamasına rəğmən KVN-in rəsmi saytında ikinci tura keçən komandalar arasında Azərbaycan təmsilçisinin adının “Şuşa” deyil, “Buta” olduğu görünür.

Qeyd edək ki, Şuşa kimi Azərbaycan üçün müqəddəs bir yerin adının bir erməninin sözü ilə dəyişdirilməsi qəzəbə səbəb olub. Bu ilin “Şuşa İli” olduğunu da nəzərə alsaq, təmsilçilərimizin bu addımının necə biabırçı bir səhv olduğunu görmək mümkündür. Məhz ona görədir ki, bu qalmaqallı addıma sərt təpkilər gəlir. “Şuşa” adının dəyişməsinə partiya sədrləri də çox kəskin reaksiya verib.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı dərhal bəyanat vermək lazım idi:

“Əgər Azərbaycan komandası ora gedirsə, ölkəmizin simasını nümayiş etdirməlidir. Hesab edirəm ki, bizə ad dəyişməklə bağlı olan etirazdan istifadə etmək lazım idi. Çox ciddi şəkildə üstlərinə getməli və etiraz etməli idik. Ermənilərin əvəzinə biz bu məsələdən qazanclı çıxmalı idik. 3000 şəhid vermişik və Şuşa simvolik olaraq qələbimizin rəmzidir. Artıq 30 ilə yaxın idi ki, Şuşa ilə bağlı heç bir güzəşt yox idi. Biz 30 ildir ki, “Şuşasız Azərbaycan yoxdur” deyirdik. Bu gün bu “müharibə”nin bir hissəsi də aktyorların üzərinə düşdü, amma onlar bunun öhdəsindən gələ bilmədilər. Onlar özlərini Azərbaycan döyüşçüsü kimi aparmalı idilər. Hesab edirəm ki, bu məsələdə üzr qəbul olunmaz və başqalarına da dərs olmalıdır. Hətta belə davranış göstərən adamları bundan sonra Azərbaycanı təmsil etmək üçün kənara göndərmək olmaz. Onlar ölkədən kənara çıxsalar belə, bilməlidirlər ki, Azərbaycanı təmsil edirlər”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə isə qeyd edib ki, komanda Rusiya arenasında Azərbaycan adına çox böyük ləkə gətirib:

“Bu, çox təəssüfedici bir haldır və təbii olaraq Azərbaycan cəmiyyətinin hiddətinə səbəb olur. Bu ilin “Şuşa İli” elan olunmasına rəğmən, bir erməninin sözü ilə komandanın adının “Şuşa”dan başqa bir ada dəyişilməsi milli dəyərlərə və Azərbaycançılığa xəyanət etməyə bərabərdir. Biz çox yaxşı bilirik ki, Azərbaycan əsgəri bu illər ərzində dəfələrlə ən çətin vəziyyətdə “Qarabağ Azərbaycandır!” fikirlərini ifadə edib. Bu artistlik edən adamlar isə bir ermənin sözü ilə “Şuşa” adını dəyişməyə üstünlük veriblər. Hətta üzrxahlıq etmək əvəzinə üzrü günahından betər bir açıqlama verirlər. Bu addımı mən və cəmiyyət şiddətlə qınayırıq. Fikrimcə, bunu edənlər səhvlərini qəbul edərək, üzr istəməlidirlər. Bundan sonra da bilməlidirlər ki, bu cür xəyanatə yol verən adamlar xalqın qınağı ilə üzləşəcəklər”.

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev də bu addımı qətiyyətlə pisləyib:

“Sözügedən yarışmada Azərbaycan komandasının “Şuşa” adını dəyişməsi cəmiyyətimiz tərəfindən çox mənfi qarşılanır. Düşünürəm ki, cəmiyyətin etirazı doğrudur. Heç bir təzyiq və ya təsir olmadan, sadəcə qısa bir etirazdan sonra “Şuşa” adını dəyişən adamlar istənilən anda Azərbaycanın mənafeyini də sata bilərlər. Bu addımı atanları və təşkilatçıları lənətləyirəm. Həmin insanlara ayıb olsun”. Cebhe.info