Paşinyan bir ilə yaxındır hakimiyyətdə olsa da, əslində, ucuz populizmlə məşğuldur

Arzuxan Əlizadə: "Ümid edirəm ki, Tramp administrasiyası ABŞ-ın milli maraqlarından çıxış edərək, bu çağırışa müsbət reaksiya verməyəcək”

Amerika Erməni Assambleyasının həmsədri Van Krikoryan ABŞ Konqresinin Nümayəndələr Palatasının alt komitəsinin iclasında 2020-ci ildə Ermənistanda demokratiya və iqtisadiyyatın təşviqi ilə bağlı 100 milyon dollar ayırmağa çağırıb.

O, həmçinin, xarici strateji maliyyələşdirmə və beynəlxalq hərbi təhsil sahəsində ən azı 10 milyon dollar ayırmağı istəyib. V.Krikoryan iddia edib ki, daha böyük miqdarda olan tələbi ötən il Ermənistanda baş verən dəyişikliklər müəyyənləşdirib: "Ermənistan Suriya və Yaxın Şərqdə xristianlar üçün təhlükəni nəzərə alaraq həmin qaçqınların öz ölkəsində təhlükəsizliyini təmin edib. Biz bununla bağlı ABŞ-ın 20 milyon dollar ayırmasını xahiş edirik. Ən nəhayət, Dağlıq Qarabağa 25 milyon dollar ayrılmasını xahiş edirik. Hansı ki, regionda demokratiyanın "nümunəsidir”.

Göründüyü kimi, Amerika Erməni Assambleyası, hər zaman olduğu kimi, ABŞ-ı aldadaraq bu ölkənin vəsaitlərini yardım adıyla Ermənistana yönəltmək istəyir. Erməni lobbisini təmsil edən bu qurum iddia edir ki, guya sözügedən vəsait Ermənistanda iqtisadiyyatı və demokratiyanı təşviq edəcək. Digər tərəfdən, guya Ermənistan Suriya qaçqınlarına böyük kömək göstərib. Əslində, Ermənistan həmin qaçqınları öz ərazisində məskunlaşdırmayıb. Ermənistan Suriya qaçqınlarını qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırıb. Bu isə beynəlxalq hüquq normalarının açıq-aşkar pozulmasıdır. Digər bir tərəfdən, illərdir ABŞ Ermənistana müxtəlif formada maliyyə yardımı göstərir, amma bu yardımlar indiyə qədər bu ölkədə demokratiyanın inkişafına töhvə verməyib. Bundan sonra da hansısa yardım olarsa, yenə bu ölkədə vəziyyət dəyişməyəcək. Çünki ötən il aprelində 20 illik xunta rejiminə son qoyulsa da, praktiki olaraq, bu sahədə vəziyyət dəyişməyib. Paşinyanın populist açıqlamaları söz olaraq qalır. Ölkədə keçirilən etiraz aksiyaları polis zorakılığına məruz qalır. Hakimiyyət dəyişikliyindən sonra deputat qətlə yetirilib. O üzdən, Ermənistana bu yöndə yardımların edilməsi ilə bağlı çağırışların əsası yoxdur.

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, Birləşmiş Ştatlardakı erməni lobbisi zaman-zaman bu yöndə səylərini artırib: "Bir sıra hallarda Konqres erməni lobbisinin təsiri altına düşərək Ermənistanın maraqlarına uyğun qərarlar qəbul edir. 1992-ci ildən indiyə qədər ABŞ Ermənistana 1 milyard dollardan çox yardım göstərib. Ancaq edilən yardımların çoxu Ermənistandakı korrupsioner rejimlər tərəfindən mənimsənilib. Bu, Levon Ter-Petrosyanın dövründə də belə idi, ondan sonrakı dövrdə də. Yəni indiyə qədər edilən yardımlar Ermənistanda iqtisadiyyatın və demokratiyanın inkişafına gətirib çıxarmayıb. Ötən il Ermənistanda baş verən "məxməri inqilab” kimisə aldatmamalıdır. Paşinyan bir ilə yaxındır hakimiyyətdə olsa da, əslində, ucuz populizmlə məşğuldur. Ona görə də ABŞ Cənubi Qafqazdakı maraqlarını nəzərə alaraq bundan çəkinməlidir. Erməni lobbisinin hər çağırışına müsbət reaksiya vermək Birləşmiş Ştatların maraqlarına zərbə vura bilər. Ermənistan Suriyadan olan xiristian qaçqınları öz ölkəsində məskunlaşdırıbsa, o zaman ortaya real statistika qoysun. Bu yoxdur. Ermənistan qanunsuz olaraq erməni əsilli Suriya vətəndaşlarını işğal olunmuş Dağlıq Qarabağda, əsasən də ətraf rayonlarda məskunlaşdırır. Bunu Ermənistanın uğuru kimi təqdim etmək, ən azından, beynəlxalq hüquqa hörmətsizliyin göstəricisidir. Kim zəmanət verə bilər ki, Paşinyan rejimi ediləcək maliyyə yardımlarını öz məqsədləri naminə mənimsəməyəcək? Ona görə də hər edilən çağırışa ciddi yanaşmaq doğru olmaz. Ümid edirəm ki, Tramp administrasiyası ABŞ-ın milli maraqlarından çıxış edərək bu çağırışa müsbət reaksiya verməyəcək”.