Pənah Hüseyn etiraf etdi

AMİP katibi Əli Orucov Azərbaycanda prezident seçkilərinin favoriti olan namizədlərin ictimaiyyət qarşısında debata çıxmaması ənənəsini 1992-ci ilin 7 iyununda Əbülfəz Elçibəyin seçildiyi prezident seçkilərinin qoyduğunu bildirib. "Yeni Müsavat”a açıqlamasında Əli Orucov qeyd edib ki, Azərbaycan müstəqilliyinə təkrar qovuşandan sonra hakimiyyət dəyişiklikləri silah gücünə həyata keçirildi. Əvvəl güc yolu ilə hakimiyyət ələ keçirilib, sonra seçkilərə gedilib.

Bu hal hakimiyyəti ələ keçirən qüvvələrin namizədində arxayınlıq, rəqibi saymamaq əhval-ruhiyyəsi yaradıb. 1992-ci ilin 7 iyununda keçirilən prezident seçkilərini indiyə qədər keçirilmiş ən demokratik seçki adlandırırlar. Lakin həmin seçkilərdə faktiki olaraq hakimiyyətə sahiblənmiş AXC-nin namizədi Əbülfəz Elçibəy digər namizədlərlə debata çıxmayıb: "Ayaz Mütəllibov mayın 14-də yenidən hakimiyyətə qayıtmağa cəhd edərkən, zirehli avtomobildə AXC-nin silahlı birləşmələri parlamentə yürüş etdilər. Qısa atışmalar da oldu. Bundan sonra AXC hakimiyyəti ələ keçirdi. Bir aydan sonra isə Əbülfəz Elçibəyi prezident kürsüsünə əyləşdirdilər. Tələm-tələsik seçki keçirdilər. 17 may 1992-ci ildə İsa Qəmbər Ali Sovetin sədri seçilməklə prezidentin səlahiyyətini icra etdi. 7 iyun 1992-ci ildə isə artıq Əbülfəz Elçibəy prezident seçildi. Bu müddət ərzində seçki keçirməyin özü də qeyri-demokratik idi. Hakimiyyətin namizədinin digər namizədlərlə heç bir debatı olmadı. İndi kimlərsə özlərini demokrat, demokratik milli hakimiyyət adlandırmaqla deyil ki! Faktlar, sübutlar tamam ayrı şeylər deyir”.

Əbülfəz Elçibəy iqtidarının baş naziri olmuş Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə "Yeni Müsavat”a bildirdi ki, 1992-ci ildə keçirilən seçkilərdə favorit namizədlərin qarşı-qarşıya debatı olmayıbsa, bu o demək deyil ki, ondan sonra da keçirilən bütün seçkilərdə bu olmalı deyil. Sonrakı illərdə 6 dəfə keçirilmiş prezident seçkilərində favorit namizədlərin debatı olmayıb: "Bunu 1992-ci il 7 iyun prezident seçkiləri ilə bağlamaq yanlışdır və həmin seçkilərdə olmuş neqativlərə haqq qazandırmaqdır.

Azərbaycanda parlament seçkilərində namizədlərin arasında debat ənənəsi var idi. Təxminən 2-3 seçki debat ənənəsi oldu və iqtidar partiyası son parlament seçkilərində bundan imtina etdi və bu ənənə aradan qaldırıldı. Mən həm prezident seçkilərində, həm də parlament seçkilərində canlı debatlar olmasının tərəfdarıyam. Baxmayaraq ki, bir qayda olaraq bizim kimi cəmiyyətlərdə favorit namizədlə debata çıxmaq onun rəqiblərinin reytinqini artırır. Çünki favorit onsuz da favoritdir və favorit namizədlə debata çıxanın qazanacağı daha ehtimal olunandır. Digər tərəfdən, biz nə qədər Avropa, müasir siyasi Qərb dəyərlərindən danışsaq da, Şərq ənənələri də öz sözünü deyir.

Əbülfəz Elçibəyin 1992-ci ildə rəqibləri ilə debata çıxmadığından indi AMİP rəsmisinin danışması başqa məsələdir. Əgər Etibar Məmmədovla debatın olmadığı nəzərə alınaraq AMİP-dən o cür açıqlama verilibsə, xatırladım ki, Etibar Məmmədov prezidentliyə namizədlikdən imtina etmişdi. Digər namizədlər Nizami Süleymanov, İlyas İsmayılov və Rafiq Turabxanoğlu dövlət televiziyasında namizədlər üçün qanunla ayrılmış efir vaxtından kifayət qədər istifadə etmişdilər. Xalq Cəbhəsinin namizədi Əbülfəz Elçibəy də televiziyada çıxışlar edirdi. O dövrdə çox dinamik siyasi proseslər gedirdi. Məsələn, mayın 16-da Əbülfəz Elçibəyin televiziyada çıxışı olmuşdu. O zaman artıq Xalq Cəbhəsi defakto hakimiyyətə gəlmişdi. Həmin hakimiyyətə də defakto Əbülfəz Elçibəy rəhbərlik edirdi. Demək olar ki, hər gün Xalq Cəbhəsinin namizədi olaraq Əbülfəz Elçibəyə media çoxsaylı müraciətlər edirdi, rəqib namizədlərin ona ünvanlanan suallarına cavab istənilirdi və Əbülfəz bəy də müraciətləri cavablandırırdı. Yəni faktiki olaraq üzbəüz olmasa da, müəyyən mənada debat gedirdi".

P.Hüseyn vurğuladı ki, 1992-ci ilin 7 iyununa prezident seçkilərinin təyin edilməsinin qanunsuzluq olduğunu iddia eləmək isə tarixdən məlumatsızlıq və ya bilərəkdən irəli sürülən əsassız ittihamdır. Çünki 7 iyuna seçkilər iki ay əvvəldən təyin edilmişdi: "Ayaz Mütəllibov martın əvvəlində istefa verdikdən sonra qanunun tələbinə görə yeni prezident seçkiləri məhz 7 iyuna təyin edilmişdi. Yəni seçkilərin 7 iyuna təyin edilməsinin 14-15 may hadisələrinə dəxli yoxdur. Mayın 14-də Ayaz Mütəllibovun qanunları pozaraq hakimiyyəti ələ keçirməyə cəhd eləməsinin qarşısının alınması AXC-nin və onun prezidentliyə namizədinin reytinqini qaldırmış oldu. Bununla yanaşı, mayın 14-dək Elçibəyin xeyrinə respublikada 600 min imza toplanmışdı. Bu, Etibar Məmmədov da daxil olmaqla, bütün digər namizədlərin topladığından iki dəfə çox idi. Ölkənin 6 min əmək kollektivinin iclasında Əbülfəz Elçibəyin namizədliyi irəli sürülmüşdü. Bu, bütün digər namizədlərin hamısının birlikdə nəticələrindən 10 dəfə çox idi. Hələ mayın 14-dək olan müddətdə Əbülfəz Elçibəyin qələbəsi labüd görünürdü. Ona görə də seçkinin AXC-nin mayın 16-da de-fakto iqtidara gəlməsinə görə o cür nəticələnməsini iddia eləmək faktlara ziddir”.