Benzinin, dizel yanacağının ardınca suyun qiymətinin artırılması sosial narazılıq yaradıb. Sosial şəbəkələrdə bunu görməmək mümkün deyil.
Bəzi ekspertlər isə qeyd edir ki, bahalaşma müxalifət partiyalarına hakimiyyətə qarşı istifadə etmək üçün fürsət yaradır. Müxalifətin sosial narazılıq artarsa, bundan rəqibinə qarşı yararlana biləcəyi iddia olunur. Hətta hökumət daxilində bunu bilərəkdən edən qüvvələrin olmasından da söz açılır.
Bununla hökumət müxalifətin “çörəyinin üstünə yağ sürtürmü?” Onların bu prosesdən faydalanmaq fikirləri varmı?
AMİP Siyasi Şurasının üzvü Əli Orucov: “Kommunal xidmətlərin və yanacağın qiymətlərinin qaldırılması və bunun da fonunda ölkədə sürətli bahalaşma cəmiyyətdə ciddi narazılıq doğurub. Doğrudur, həmin narazılıq insanların etiraz olaraq sərt təpki göstərməsinə gətirib çıxarmayıb. Yəni bu bahalaşma və hökumətin son qiymət siyasəti ictimai etiraz xarakteri almayıb və fərdidir. İnsanlar ayrı-ayrılıqda narazıdır. Amma hökumətə təzyiq baxımından passivdir. Lakin bu heç də o demək deyil ki, hökumət arxayın olub xalqın əleyhinə istədiyi qərarı verə bilər. Dövlətin konstitusiyada göstərildiyi kimi, ali vəzifəsi vətəndaşların rifah halını daimi yüksək tutmaqdır. Verilən qərarlar isə əksinə, günü-gündən sosial vəziyyəti pisləşdirir. Etiraf etmək lazımdır ki, siyasi partiyaların ictimai və siyasi proseslərə təsiri çox azdır. Ona görə də bu bahalaşma müxalifətin çörəyinə yağ sürtməyəcək. Amma iqtidar - xalq münasibətlərini daha da pisləşdirəcək və inamı azaldacaq. Mən deyərdim ki, hətta 44 günlük müharibədə reytinqi kifayət qədər yüksələn iqtidarın da imicinə zərər gətirəcək. Bu tendensiya artıq başlayıb. Dəfələrlə sübut olunub ki, xalq müxalifətsiz qısa müddətdə böyük kütləvi axın yarada bilir və bunun da qarşısını almaq çətin olur. Müxalifət düşərgəsi olaraq biz də ölkədə sosial partlayışın və xaosun olmasını, xalq-iqtidar ziddiyyətlərinin dərinləşməsini istəmirik. Çünki bu, dövlətimiz üçün fəlakətlə nəticələnə bilər. Hesab edirəm ki, Prezident tezliklə proseslərə sərt müdaxilə etməli, dəmir yumruğunu işə salmalıdır. Xalqın umu-küsüsü də, gözləntiləri də Prezident İlham Əliyevədir. Qalib milləti rəzil və çətin duruma salmaq qətiyyən olmaz”. “Yeni Müsavat”
Millət