Qarabağ ərazisində Azərbaycanın suveren hüquqları tanınmalıdır

  Son günlər sosial şəbəkələrdə bir video-çarx yayılıb. Video-çarxdan belə anlaşılır ki, Ağdərəyə rus "sülhməramlılar"ı tərəfindən köçü-rülən ermənilər Laçın dəhlizi ilə qənaətlənmir, əlavə olaraq Basarkeçərə kəsə yolla getmək üçün Kəlbəcərdən də dəhliz istəyir. Rusiya "sülhməramlıları"-nın komandiri general Rustəm Muradova yazılı müraciət təqdim edən ermənilər şərt qoyur ki, əgər azərbaycanlılar bizə Kəlbəcərdən yol verməsə, onda biz də onlara Laçın dəhlizindən keçib Kəlbəcərə getməyə icazə verməyəcəyik. 

Bundan əlavə Azərbaycan əsgərlərinin Laçın dəhlizindən keçərkən telefonlarının söndürülməsi məsələsi də həmin ayaqüstü görüşdə müzakirə edilir və rus general ermənilərə söz verir ki, Azərbaycan əsgərləri Laçın dəhlizindən keçərkən onlardan telefonlarını söndürməyi tələb edəcəklər, çünki ərazidəki obyektləri lentə alırlar, sosial şəbəkələrdə paylaşırlar. Ermənilər "sülhməramlı"ların komandirinə tələblərinin yerinə yetirilməsi üçün 10 dəqiqə vaxt verir, komandir isə həvəslə bu tələbi qəbul etmiş kimi görünür və əlavə edir ki, bu bizim səlahiyyətlərimizə aid deyil, amma sizin müraciətinizi yuxarılara çatdırarıq. Vətəndaşlığı və kimliyi bəlli olmayan bir icmanın belə bir tələb irəli sürməsi, ümumiyyətlə, sülhməramlı missiyanın qarşı -duran tərəflərdən hansısa birinin tələblərini yerinə yetirməsi beynəlxalq standartlara uyğun deyil. Konkret olaraq rus "sülhməramlıları" bu və digər epizodlarda özlərini ermənilərin himayədarları kimi aparır. Həmin video-çarxda generalın  Qarabağ əvəzinə "Artsax" ifadəmini işlətməsi də əsas məqamlardandır. Bununla yanaşı, Kəlbəcər rayonu rus "sülhməramlıları"nın nəzarət etdiyi ərazilərə daxil deyil - üçtərəfli  bəyanata əsasən rus "sülhməramlı"ları Qarabağın ermənilər yaşayan hissəsindəki təmas xəttində türk qoşunları ilə birlikdə atəşkəsə nəzarət etməlidirlər.

Bu barədə söhbətləşdiyimiz politoloq Əli Orucov isə bu barədə danışarkən dedi ki, mən dəfələrlə Rusiya "sülhməramlılarının statusunun müəyyənləşdirilməsinin vacibliyini vurğulamışam, onların missiyası konkretləşdirilməlidir: "Rus "sülhməramlıları" boşluqlardan sui-istifadə edərək, məqsədlərinə nail olmağa çalışırlar - özlərini bu ərazilərin sahibi kimi aparırlar. Gah ərazinin xəritəsində dəyişikliklər edirlər, gah Azərbaycan əsgərlərinin razılaşdırılmış hərəkətlərinə mane olurlar, indi də əlavə olaraq Kəlbəcərdən dəhliz istəyirlər. Ordumuz Laçın dəhlizindən keçəndə telefonları söndürməyi tələb edir, digər şərtlər qoyur və s. Bu cür davam edə bilməz, Qarabağ ərazisində Azərbaycanın suveren hüquqları tanınmalıdır. Əgər Qarabağda yerləşdirilən sülhməramlılar özlərini bu cür aparmaqda davam edəcəklərsə, həmin ərazilərdə bizim suverenliyimizi bərpa etmək mümkün olmayacaq. Qarabağda ermənilərə o cəsarəti verən də, elə rus "sülhməramlıları"dır. Mən şübhə etmirəm ki, erməniləri bu müraciətdə bulunmağı elə Rusiya özü təşkil edir. Rusiya öz ənənələrinə davam etməkdədir, postsovet məkanının digər ərazilərində rus silahlıları özlərini necə aparırsa, burada da o cür aparır və bu gözlənilən idi. Azərbaycan hökuməti konkret mövqe bildirməlidir ki, Qarabağda real olaraq bizim suverenliyimiz tanınmırsa, rus silahlıları yalnız erməniləri himayə edirsə, separatçıların əl-qol açmasına şərait yaradırsa, bizə belə sülhməramlı lazım deyil. Razılaşmada qeyd edilir ki, ərazidə 1950 nəfər silahlı kontingent atəşkəsə nəzarət edəcək. Hazırda isə rus hərbi və digər kontingentinin sayı beş mini keçib və bu kontingent atəşkəsə nəzarətdən daha çox məskunlaşdırma və tikinti-bərpa işləri ilə məşğuldur. Ərazidə havadan müdafiə sistemləri quraşdırılır, ağır texnika gətirilir, halbuki sülhməramlıların əsas beynəlxalq missiyası demirlitarizasiya - silahsızlaşdırma olmalıdır. Sülhməramlıların mənzil tikmək və ya erməniləri əraziyə daşımaq və məskunlaşdırmaq kimi səlahiyyəti yoxdur. Biz bilmirik ki, rus silahlılarının Qarabağda məskunlaşdırdığı əhali kimdir, bəlkə onlar terrorçulardır. Bu proseslər Azərbaycanın hərbi qələbəsinin mənimsənilməsinə aparır. Bu qədər uğurlu əməliyyat keçirmişik, hərbi qələbə qazanmışıq, belə olan halda biz nə üçün Qarabağı Rusiyaya güzəştə getməliyik? Azərbaycan öz mənafeyini təmin edən - ortaya Qarabağda suveren hüquqlarımızın bərpa edilməsinə aparıb çıxaran konkret mövqe qoymalıdır. Məsələn, Moldovada yeni seçilən prezident rus qoşunlarının Dinestryanı ərazisindən çıxmasını tələb edir, çıxmaq istəmirlər. Sabah analoji sonluqla qarşılaşmamaq üçün bu gün konkret mövqeyimiz ortada olmalıdır".