Qarabağ qazisinin başına gətirilənlərə hüquq-mühafizə orqanlarının 
biganə yanaşmasıyla bağlı bir yazı göndərilib. Müəllif yazını olduğu 
kimi təqdim etməyimizi və daxili işlər naziri, çox hörmətli Ramil 
Usubovdan məsələyə münasibət öyrənməyimizi xahiş edib:
"Dünən
 Binəqədi rayon Məhkəməsi "Azadlıq” qəzetinin, eləcə də "Azərbaycan 
saatı” televiziya proqramının əməkdaşı Xalid Qarayevə 25 sutka inzibati 
həbs cəzası kəsib. Jurnalist xırda xuliqanlıqda - küçədə söyüş söyməkdə 
təqsirli bilinib.
Lakin Qarabağ qazisi 
Əmiraslanov Niyaz və qoca atası Əmiraslanov Vəlini qazinin azyaşlı qız 
ovladının gözləri qarçısında iş adamı Azad İsmayılovun göstərişi ilə 
"Riyad" Təhlükəsizlik Xidəmətinin 3 əməkdaşının qəddarcasına döyməsinə 
indiyədək hüquqi qiymət verilməyib. Hadisənin 17 yanvarda baş verməsinə 
və bununla bağlı Binəqədi RPİ-yə müraciət edilməsinə baxmayaraq 
günahkarlara "qaşın üstə qara var" deyən yoxdur. Binəqədi Rayon Polis 
İdarəsi görünür ya Azad İsmayılovun pulunun, ya da "Riyad" adının 
qarşısında sual işarəsinə dönüb. İdarənin müstəntiqi polis kapitanı 
Elşən Qarayev 10 aydır işi yubadır. Məqsəd nədir? Necə ola bilər ki, 
küçədə ünvansız söyüş söymək iddiası ilə jurnalist dərhal 
cəzalandırılır, lakin köməksiz qocaya hücum edərək onun sağ mil sümüyünü
 sındıraraq orta ağır bədən xəsarəti yetirən, qazinin döş və beyin 
nahiyəsinə xəsarət yetirənlər, övladını kəllədaxili təzyiqə məruz qoyan 
"Riyad"ın əməkdaşı və onu təşkil edən Azad İsmayılov barədə bir tədbir 
görülmür?
Dəhşətlisi odur ki, hadisə ilə bağlı
 heç cinayət işi də açılmayıb. Bu haqsızlıqla bağlı Daxili İşlər Naziri 
Ramil Usubova, DİN Baş İstintaq və Təhqiqiat İdarəsinin rəisinə müraciət
 edilsə də bu şikayətlərə səthi yanaşılıb. E.Quliyevi cəzalandıran cənab
 Ramil Usubova sual edirəm; bəs yuxarıda sadaladığım haqsızlıqlar və 
buna yol vermək ədalətlidirmi?
Döyülən və 
indiyədək də haqqı pozulan əslən Ermənistandan olan Niyaz Əmiraslanov 
Ramil Usubovun anadan olub boya başa çatdığı Qarabağ torpaqlarında 
qardaşı Əmiraslanov Adillə döyüşüb. İndi qazancı yumruq, kötək və 
haqsızlıq. Bu insan neyləməlidir, cənab nazir? İntiharmı etsin rahatlıq 
tapmaq üçün...?"
                     
                             
                     
                         
                         
                         
                         
                        