“Ola bilsin ki, bununla o, Qazaxıstanın parçalanmasının qarşısını aldı” – Təbriz Musayev
07 Yanvar 2022
Qazaxıstanda baş verən hadisələr dünyanın diqqət mərkəzindədir. Ölkədə yaşanan hadisələrlə bağlı müxtəlif mülahizələr səsləndirilir. Çoxsaylı açıq qalan suallar var ki, hələ də bunlara cavab tapılmayıb. Nazarbayevin nə üçün susqun olması və ya atdığı addımlara dair açıqlama verməməsi, hadisələrə münasibət bildirməməsi bir sıra sualların ortaya çıxmasına səbəb olub.
Diqqəti cəlb edən əsas məqamlardan biri budur ki, 30 il ərzində ölkəni idarə edən, müasir Qazaxıstanın təməlini yaradan, dövlətin Təhlükəsizlik Şurasına ömürlük rəhbərlik etmək hüququ qazanan, Elbaşı titulunu daşıyan Nazarbayev nə üçün belə kritik məqamda və xalqı, dövləti üçün taleyüklü məsələdə kənara çəkildi. Bununla yanaşı, Nazarbayev Təhlükəsizlik Şurasına ömürlük rəhbərlik etmək hüququ daşıdığı halda, Tokayevin bir açıqlaması ilə bu hüquqdan necə məhrum oldu? Hansı ki, mediada bu barədə hansısa qərarın mətninə və yaxud sənədə rast gəlinməyib. Onu da qeyd edək ki, Qazaxıstanın Təhlükəsizlik Şurası ölkə prezidentinin yaratdığı bir məsləhət orqanıdır. Təhlükəsizlik Şurası müdafiə qabiliyyəti, milli təhlükəsizlik, dövlət suverenliyi və Qazaxıstanın ərazi bütövlüyünün qorunması ilə bağlı məsələləri həll etmək hüququna malikdir.
Bütün bu deyilənlərin fonunda, Nazarbayev tələsik istefa verməklə düzmü etdi? Neçə ilin “qoca qurdu”, 30 il hakimiyyətdən yapışmış adam niyə belə tez çəkildi?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, Qazaxıstanda yaşanan hadisələrlə bağlı çoxsaylı müəmmalı məqamlar var: “O baxımdan birmənalı fikir söyləmək çətindir. Xüsusən də Nazarbayevin hələ də susması və baş verən hadisələrə münasibət bildirməməsi təəccüb doğurur. Bütün bunlar proseslərin kifayət qədər mürəkkəb olmasından xəbər verir. İstənilən halda düşünmürəm ki, Nazarbayev öz xoşu ilə hakimiyyətdən çəkildi. Bu inandırıcı versiya deyil. Çünki onun belə bir istəyi olsaydı, o zaman 2019-cu ilin fevralında prezident postunu tərk edəndən sonra bir sıra vacib vəzifələrə sahib olmazdı. Yaşla əlaqədər birdəfəlik siyasi səhnədən gedərdi. Kim nə deyir-desin, Nazarbayev mümkün olan qədər Qazaxıstanın müstəqil siyasət yeritməsinə çalışdı. Qazax milli kimliyinin güclənməsi ilə bağlı bir sıra işlər gördü. Türk dövlətlərinin birliyinə töhfə verdi. Təbii ki, bütün bunlar Rusiya hakimiyyətini narahat edirdi. Çünki Kremlin istəyi odur ki, Orta Asiya ölkələri, SSRİ dövründə olduğu kimi, Moskvadan idarə olunsun. Nazarbayev böyük idarəçilik təcrübəsinə malik dövlət xadimi idi. Bəlkə də o, ölkənin milli maraqlarından çıxış etdiyi üçün geri çəkildi. Ola bilsin ki, bununla o, Qazaxıstanın parçalanmasının qarşısını aldı. Çox güman, Rusiya Belarusla olduğu kimi, Qazaxıstanla da ittifaq yaratmaq istəyib. Ancaq Nazarbayev müstəqilliyi hər şeydən üstün tutaraq bundan imtina edib. Bu səbəbdən məlum hadisələr baş verib”.
İAT sədri onu da qeyd etdi ki, Qazaxıstanla bağlı bir sıra məsələlər yaxın dövrdə ortaya çıxacaq.
Millət