Qərb Ermənistanın təcavüzkar siyasətinə göz yummaqda davam edir

Əli Orucov: "Ola bilsin ki, hakimiyyət dəyişiklikləri olsun, amma Dağlıq Qarabağla bağlı danışıqlar daha bir neçə il uzansın"

"Onlar da yaxşı bilir ki, Sarkisyan rejimi nə ölkənin iqtisadi problemlərini, nə də..."

Ermənistanda elektrik enerjisi tariflərinin artırılmasına etiraz olaraq sosial şəbəkələr üzərindən təşkilatlanaraq keçirilən nümayişlərin miqyası get-gedə genişlənməkdədir.

Etirazların daha geniş miqyas alacağı gözlənir. Ən azından, proseslərin gedişi onu göstərir ki, ssenari bir qədər fərqlidir. Əslində Ermənistanda hökumətə qarşı kütləvi etirazlara çoxdan zəmin vardı. Ağır sosial-iqtisadi durum, gəlirlərin qeyri-bərabər bölgüsü, bürokratiya, məmur özbaşınalığı, dövlət qurumlarını ağuşuna almış korrupsiya cəmiyyətdə hakimiyyətə qarşı qəzəb yaradıb. Zatən, cəmiyyətdə mövcud klana qarşı güclü nifrət var. Bu ölkənin ən böyük problemlərindən biri ondan ibarətdir ki, gənc nəsil ölkənin gələcəyinə inanmır, Rusiyada, Avropa ölkələrində perspektiv axtarır. Ermənistanın sürətlə boşalması, məhsuldar qüvvələrin tədricən yoxa çıxması, hakimiyyəti ələ keçirmiş hərbçilərin, onlara bağlı oliqarxiyanın iqtisadiyyata tam nəzarəti ələ alması yoxsul ermənilərin səbr kasasını daşırmalı idi.
Hazırda Qərbin aparıcı KİV-ləri Ermənistanda cərəyan edən hadisələri geniş işıqlandırır, Vaşinqton, Brüssel hökuməti dinc nümayişlərə imkan verməyə, zorakılıqlardan çəkinməyə çağırır. Moskvadan gələn bəyanatlar isə Kremlin olanlardan əndişə duyduğunu göstərir. Bütün bunların fonunda müəyyən xarici dairələr iki variantdan birini seçə bilər. Məsələ ondadır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan dünyanı fakt qarşısında qoyub. Qəbul olunan qətnamələr, real faktlar əsas verir ki, Ermənistan hakimiyyəti təcavüzə son qoymağa məcbur edilsin. İkinci variant o ola bilər ki, hakimiyyətə yeni qüvvələr gəlsin və münaqişənin həlli qeyri-müəyyən müddətə uzadılsın.
Maraqlıdır, siyasi ekspertlər hansını reallığa daha yaxın hesab edir?

Məsələyə münasibət bildirən AMİP Siyasi Şurasının üzvü Əli Orucovun fikrincə, ikinci variant daha real görünür: "Hazırkı situasiyada dünya güclərinin Ermənistanı təcavüzə son qoymağa məcbur edəcəyi real görünmür. Çünki Rusiya-Qərb münasibətləri kifayət qədər gərgindir. Bununla yanaşı, Qərb Ermənistanın təcavüzkar siyasətinə göz yummaqda davam edir. Rusiya isə, ən yaxşı halda, münaqişənin dondurulmuş vəziyyətdə qalmasında maraqlıdır. Düzdür, mitinqlərin gedişi göstərir ki, müəyyən dairələr ölkədə hakimiyyəti dəyişmək istəyir. Onlar da yaxşı bilir ki, Sarkisyan rejimi nə ölkənin iqtisadi problemlərini, nə də Dağlıq Qarabağ məsələsini həll etmək iqtidarındadır. Ancaq bu o demək deyil ki, qərbpərəst qüvvələr hakimiyyətə gələ bilər. Ermənistanın anklav ölkə olduğunu və Rusiyadan kifayət qədər asılılığını nəzərə alsaq, bu o qədər də real görünmür. Ola bilsin ki, hakimiyyət dəyişiklikləri olsun, amma Dağlıq Qarabağla bağlı danışıqlar daha bir neçə il uzansın. Bu versiya bir qədər real görünür".





Vidadi ORDAHAL